O gün – iyunun 12-də ilk Avropa Oyunlarının Bakının Olimpiya Stadionundakı açılış mərasiminin möhtəşəmliyi bambaşqaydı! Altmış səkkiz min insan sevincini bölmək üçün bir yerə toplaşmışdı! Üzlərdən fərəh, dodaqlardan təbəssüm yağırdı! Hamı al-əlvan, bir qədər də idman üslubunda geyinmişdi! İnsanlarda ruh yüksəkliyi, özünə və dövlətinə inam, iftixar hissi duyulurdu! Avropa Olimpiya Komitəsi tərəfindən 12 dekabr 2012-ci il tarixində I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə tarixi qərar qəbul olundu. İkinci tarixi qərarı isə dövlət başçısı cənab İlham Əliyev 17 yanvar 2013-cü ildə verdi: Mehriban xanım Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üçün Təşkilat Komitəsi yaradıldı! Görüləsi iş çox, müddət isə az idi! Ancaq “çatdıra bilmədik” söhbəti ola bilməzdi!
Əvvəla, cənab İlham Əliyev sözünün sahibi olan əsl Azərbaycan kişisidir! İkincisi, artıq Azərbaycanın dünyada özünəməxsus imici formalaşıb və buna xələl gətirmək olmazdı! Ən nəhayəti, son illər tarixinin heç bir dövründə və zamanında olmadığı qədər tikinti, quruculuq, abadlıq işləri görüldüyündən böyük təcrübə və səriştə də toplanmışdı! Daha bir mühüm məqam: özünəməxsus iradə və qətiyyət sahibi olan Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə ölkə daxilində və dünyanın bir çox dövlətlərində o qədər tikinti, təmir, yenidənqurma işlərinə və rəngarəng tədbirlərin keçirilməsinə rəhbərlik etmişdi ki, bu sınaqdan da ən yüksək səviyyədə çıxacağı heç kəsdə zərrə qədər də şübhə doğurmurdu! Bu, belə də oldu! Təşkilat Komitəsini saat dəqiqliyi ilə işlədən Mehriban xanım Əliyeva nəinki işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırdı, hətta bu sahədə özünəməxsus dünya rekorduna imza atdı! “Dünya rekordu” ifadəsi isə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə məxsusdur: “Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdi”.
İlk Avropa Oyunlarının məşəlinin Azərbaycanda yandırılması ideyası və onun gerçəkləşdirilməsi, bu məqsədlə tarixilik, tolerantlıq və Bakının keçmiş ənənələri ilə səsləşən “Atəşgah” məbədinin seçilməsi təkcə cənab İlham Əliyevin deyil, bütövlükdə Avropa Oyunlarının ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir! Belə bir faktı da qeyd edək ki, “Bakı – 2015” Oyunlarında hər şeyin ən yaxşısı, ən keyfiyyətlisi, ən zövqlüsü və ən dəyərlisindən istifadə olundu! Arenalar, idman qurğuları, avadanlıqlardan tutmuş metro qatarları, avtobus və xüsusi nəqliyyat vasitələrinə qədər, hamısı! I Avropa Oyunlarının simvolu olan Nar, Ceyran, Məşəl və Çıraq isə zərifliyi və gözəlliyi ilə bütün dünyanı valeh etdi! Bəli, I Avropa Oyunları möhtəşəm bir “start”la öz işinə başladı. Amma buna qədər, hətta Oyunlar gedən dövrdə də “boykot” çağırışları səslənir, müxtəlif beynəlxalq qurumlar və təşkilatlar bu istiqamətdə fəal iş aparırdılar. İlk Avropa Oyunlarını boykot cəhdi baş tutmadı. Əlli dövlətin idman komandası bayrağı ilə birlikdə açılış paradında iştirak etdi. Əslində, “boykot” deyənlər özləri özlərini boykot etdilər! Çünki belə bir möhtəşəm tamaşaya baxmaqdan məhrum oldular. Boykot o zaman olardı ki, bunu idmançılar, dünya Olimpiya hərəkatının liderləri edəydilər! Onlar isə yarışlarda həvəslə iştirak edərək gördüklərinə yüksək qiymət verdiklərini dəfələrlə söylədilər. Əlbəttə, Avropa Oyunlarının ilki olduğundan görülən işlər, fərdi və fərqli yanaşmalar standartların müəyyənləşməsində mühüm rol oynadı. Avropa Oyunlarının Azərbaycanda müəyyənləşdirilən standartları digər qitələrin oyunlarından fərqlənməklə yanaşı, səviyyəsinin yüksəkliyi ilə də diqqət çəkir. Söhbət təkcə məsələnin təşkilati - texniki tərəfindən getmir. Ən çox diqqəti cəlb edən amillərdən biri də idmançılar, qonaqlar və turistlər üçün yaradılan yüksək səviyyəli şəraitdən, ab-havadan gedir. Və belə bir mühitin yaranmasında Şərq-Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan xalqının mənəvi keyfiyyətləri əsas rol oynadı. Belə bir mühit isə yalnız iqtidarla xalqın birliyi sayəsində mümkün olur.
İlk Avropa Oyunları Azərbaycanda dövlət tədbiri kimi deyil, ümumxalq bayramı kimi keçirildi. Bəlkə də standartın texniki tərəfini gələcəkdə kimsə təkrar edə biləcək. Mənəvi mühit isə təkrarsızdır! Odur ki, Oyunların yeni standartlarının, həm də yüksək səviyyəli standartlarının yarandığını söyləyən mütəxəssislər öz fikirlərində tam haqlıdırlar. Boykotlara münasibət bildirən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib: “Hər dəfə Olimpiya Oyunlarında kimsə boykota çağırış edir və ötən dövrdə sübut olunub ki, boykota çağırış heç bir nəticə vermir, həmişə uğursuzluğa düçar olur. Mən çox fəxr edirəm ki, bu Oyunlarda 50-yə qədər milli olimpiya komitəsi iştirak edir və 40-a qədər dövlət və hökumət başçıları açılış mərasimində iştirak edəcək. Bundan aydın olur ki, boykot çağırışları nəticəsiz qalır”.
Son il yarım ərzində bəlli xarici dairələr tərəfindən sistemli şəkildə həyata keçirilən antiazərbaycan kampaniyası iflasa uğradı. İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə baş tutdu. Azərbaycan Oyunların keçirilməsi üçün öz üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdi: qısa müddətdə ölkənin idman infrastrukturu qitə miqyaslı proqramın tələblərinə uyğun təkmilləşdirildi, 21 idman obyekti tikildi və ya yenidən quruldu. Təhlükəsizlik, nəqliyyat, qonaqların yerləşdirilməsi, idmançıların təlim-məşq ehtiyaclarının ödənilməsi, jurnalistlər üçün Media kəndinin yaradılması və s. məsələlərin həlli ağır zəhmət və səriştə tələb etsə də, peşəkar komandanın formalaşdırılması ilə I Avropa Oyunlarının texniki baxımdan hazırlanması Azərbaycan üçün problemə çevrilmədi. Əsl qələbə isə I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan “geosiyasi oyunlar”ın ifşası və iflası oldu. Yəqin, elə buna görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Olimpiya məşəlinin alovlandırılması mərasimində bildirdi ki, “belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda da təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirməyə, siyasiləşdirməyə çalışan bədxahların iradəsinin ziddinə olaraq, heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkənin Milli Olimpiya Komitəsi siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. Bu isə o deməkdir ki, antiazərbaycan kampaniyası çat verdi, bütün planlar alt-üst oldu. Hətta onların Azərbaycandakı “5-ci kolon” üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. Yeri gəlmişkən, onu da deməyi özümə borc bilirəm ki, digər cinayətlər müəyyən müddətdən sonra unudulub yaddan çıxsa da, Vətənə xəyanət nə unudulur, nə də bağışlanır.
Bu yolu tutanlar bilməlidirlər ki, onlar xalqın əbədi nifrətini qazanmaqla yanaşı, öz qohum-əqrəbalarını da xoşagəlməz durumda — xəcalətli qoyurlar.
Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara cavab verən bir səviyyədə təşkil etməklə qitə idmanının tarixinə öz möhürünü vurdu. Bakı Avropa Olimpiya hərəkatının tarixinə yeni səhifə yazdı. Azərbaycan Prezidenti İlham Əliyev Oyunların yekunları barədə danışarkən demişdir: “Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun. İdman hər bir ölkənin ümumi inkişafını göstərir...”
Anar VƏZİROĞLU,
filologiya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.