Pərviz Bağırov: Qaliblər layiqincə mükafatlandırıldı

Bakıda keçirilmiş birinci Avropa Oyunlarının bağlanış mərasimindən günlər keçsə də, bu beynəlxalq idman tədbirinin əks-sədası hələ uzun müddət mətbuat səhifələrini bəzəyəcək. Artıq Avropanın hər yerində yarışların nəticələri ilə bağlı müzakirələr aparılır, mətbuat konfransları keçirilir. Eyni zamanda, xarici KİV-lərin səhifələrində Oyunlarla bağlı yazılar, idmançıların təəssüratları dərc edlilir.

 Əksər yazılarda isə Bakının Oyunlara böyük qonaqpərvərliklə və yüksək zövqlə hazırlaşdığı, avropalı idmançılar üçün hər cür şərait yaratdığı qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi  kimi, Oyunlar çox böyük uğurla, heç bir texniki səhvə belə yol verilmədən keçdi.

Oyunlar çərçivəsində keçirilmiş boks üzrə yarışlarda ölkəmizə qızıl medal qazandırmış Pərviz Bağırov da istər Oyunların təşkili, istərsə də Azərbaycan boksçularının nəticələri haqqında razılıqla danışdı. Qeyd edək ki, Pərviz gənclər arasında Avropa çempionudur. İdman karyerasına 2007-ci ildə başlayıb, ilk böyük uğurunu 2011-ci ildə əldə edib. O, Dublində keçirilən gənclər araşında Avropa çempionatının qalibi olub. İdmançımızın ən böyük arzusu Olimpiya Oyunlarının çempionu olmaqdır. “Neftçi” klubunun üzvü olan P.Bağırovun məşqçisi Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovdur.

Pərviz Bağırov:

– Bakıda keçirilmiş birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Möhtəşəm açılış və bağlanış tədbirləri bütün avropalılar üçün unudulmaz sürpriz oldu. Xüsusən də açılış mərasimi Oyunların iştirakçılarına və tamaşaçılara çox xoş təsir bağışladı. Azərbaycan idmançıları Oyunların bu qədər möhtəşəm təşkilindən ruhlanaraq yarışlara qələbə əzmi ilə qoşuldular. Hər kəs Avropanın tarixindəki bu ilk Oyunlara ev sahibliyi edən Azərbaycanın təşkilatçılıq sahəsindəki diqqəlayiq uğurları üzərinə özünün qələbəsi ilə daha bir uğur  əlavə etməyə çalışırdı.

Mən də boks üzrə yarışlara 69 kiloqram çəki dərəcəsində qoşuldum. Final görüşündə rusiyalı boksçu Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu oldum. Ondan əvvəlki mərhələlərdə isə bütün rəqiblərimi 3:0 hesabı ilə məğlub etmişdim. Bunlar Moldova idmançısı Vasili Belous, Almaniya təmsilçisi Abas Baraoun və Böyük Britaniya boksçusu Yoş Kellindir. Allaha şükürlər edirəm ki, gərgin keçən döyüşlər nəticəsində bütün rəqiblərimi mübarizədən kənarlaşdıraraq Azərbaycana 20-ci qızıl medalı qazandırdım.

Final görüşünü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvlərinin izlədiyini görəndə elə bildim ki, qollarıma güc gəldi. Bundan sonra qələbə əzmim daha da yüksəldi.

Bu gərgin yarışlardan sonra qarşıda Qətərdə keçiriləcək dünya çempionatı var. Bu yarışlar oktyabr ayında olacaq. Ona da hazırlaşmalıyıq. 2016-cı ilin Rio-de-Janeyro Olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır.

Azərbaycanın birinci Avropa Oyunlarını 56 medalla başa vurması və nəticələrə görə, Rusiyadan sonra ikinci yeri tutması hər bir idmançımız üçün qürur və fərəh deməkdir. Şadam ki, bu qələbələrdə az da olsa mənim də payım var.

Eyni zamanda, dövlət başçısı İlham Əliyevə minnətdaram ki, Oyunlarda iştirak etmiş və müəyyən uğurlara nail olmuş idmançılarımızın hər birini layiq olduğu dərəcədə mükafatlandırdı. Bu özü böyük stimuldur və gələcəkdə daha böyük uğurlar qazanmağımıza kömək edəcək. İndi isə bütün Azərbaycan idmançılarını möhtəşəm uğurları münasibətilə təbrik edirəm.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında