Sevinc və qürur mənbəyimiz olan möhtəşəm 17 gün

Birinci Avropa Oyunları Azərbaycanın müstəqillik tarixində yeni səhifə yazdı. Avropa tarixində ilk dəfə  təşkil olunan beynəlxalq səviyyəli tədbirin məhz respublikamızda  keçirilməsinin çox böyük əhəmiyyəti var. Avropanın uzun illər müstəqil yaşamış, inkişaf etmiş dövlətləri  ilə müqayisədə belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyindəki reytinqinin yüksək səviyyəsinin göstəricidir.

17 gün ərzində dünya idman ictimaiyyətinin diqqəti Azərbaycana  yönəlmişdi. Bakı bu 17 gündə tarixdə ilk Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi.  Həm idmançılar, həm də turistlər Azərbaycanda  gördükləri yüksək təşkilatçılıqdan, xalqımızın səmimi qonaqpərvərliyindən,  milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən və  milli sərvətlərimizdən məmnun  qaldıqlarını bildirdilər. Mədəni dəyərlərimiz minlərlə idmançının, nümayəndə heyətlərinin üzvlərinin və bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.

Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. Bu da təsadüfi deyil. İdmançılarımız birinci Avropa Oyunlarında, sözün əsl mənasında, tarix yazdılar. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.

Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Mərasimin keçirildiyi birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu açılış mərasimində olduğu kimi, bu dəfə də izdihamlı idi.  Bu mərasimlərə olan hədsiz maraq Oyunların böyük uğurundan, yüksək səviyyəli təşkilatçılıq və möhtəşəmliyindən xəbər verirdi. Dünyanın  idman mütəxəssisləri, analitiklər və tanınmış ictimai-siyasi xadimlər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. Oyunlara hazırlıq prosesinin hər bir detalına xüsusi diqqət yetirilməsi Avropa Olimpiya Komitəsi və digər beynəlxalq idman təşkilatlarının rəhbərlərini heyran qoymuşdu. Onların fikrincə, belə mötəbər idman tədbirlərinə   ev sahibliyi edən  ölkələr hazırlıq üçün yeddi ilədək vaxt sərf edirlər. Azərbaycan isə cəmi otuz ayda bu cür möhtəşəm, qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi. Beynəlxalq ictimiyyət,  habelə, dünyanın tanınmış idman mütəxəssisləri tərəfindən ölkəmiz haqqında  belə xoş sözlər deyilməsi həqiqətən qürurvericidir. Onu da qeyd edək ki, 2015-ci il iyun ayının 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi daim yadda qalacaq.

Qələbədən doğan sevinc və iftixar hisslərini bu gün hər bir soydaşımızın simasından oxumaq olar. Bəli, çox böyük və fəxr etməli bir qələbədir. Həm də ona görə qürurvericidir ki, açılış və bağlanış mərasimlərində ölkəmizin qədim tarixə malik olması, milli adət-ənənələrimiz  müxtəlif kompozisiyalarla bir daha nümayiş etdirildi. Tamaşaçıların mərasimə qatılmasından, yaradılan kompozisiyalara, musiqi nömrələrinə qədər hər bir komponent öz-özlüyündə ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə,  dövlət başçımızın və  “Bakı 2015”-in Təşkilat Komitəsinin sədrinin müasir zövqünə, Azərbaycana, xalqımıza bağlılığına, sevgisinə adekvat, möhtəşəm və sözlə ifadə olunmayacaq bir final yaşadıq.

 Bu Oyunların daha bir əhəmiyyəti özünü onda göstərdi ki, Azərbaycanda dövlətlə xalqın sıx vəhdəti bir daha özünü büruzə verdi. Hakimiyyətlə xalqın vəhdəti bir daha təsdiqlədi ki, xalq öz hakimiyyətinə, Prezidentinə inanır, etibar edir, onun uzaqgörən siyasətini dəstəkləyir. Ölkə vətəndaşları bilirdilər ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atacaq və nüfuzlu tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu bir daha nümayiş etdirəcək. Bəli, hər bir azərbaycanlının da  gözlədiyi, istədiyi bu idi.

 Yarışlarda iştirak edən, açılış və bağlanış mərasimlərinin canlı şahidi olmuş mütəxəssislər qeyd edirlər ki, mərasimlər milli koloritə əsaslanaraq hazırlanmışdı. Təşkilatçılıq, təhlükəsizlik, idmançılara, tamaşaçılara və qonaqlara xidmət yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunlarla Azərbaycan dünyaya bir daha özünün necə yüksək səviyyəli mədəniyyətə malik olduğunu nümayiş etdirdi. Qonaqlar bir daha şahidi oldular ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik ölkədir. Multikulturalizm və tolerantlıq, qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir. Xatırladaq ki, bədxah qonşularımızın, işğalçı Ermənistanın idmançıları da bu yarışlarda iştirak edirdi, Azərbaycan xalqı öz mədəniyyəti ilə dünyaya özünün bir daha sülhsevər yüksək mədəniyyətə sahib xalq olduğunu göstərdi və onların bu yarışlarda iştirakına normal yanaşdı. Hətta, yarışlarda iştirak etmiş Ermənistan idmançıları da hər şeyin yüksək səviyyədə təşkil olunduğunu etiraf etmək məcburiyyətində qaldılar.

“Bakı-2015”-in yüksək səviyyədə təşkilinə və Oyunların  mütəşəkkil keçirilməsi ilə bağlı müəyyən tərəddüdlər, şübhələr var idi, ancaq təşkilatçılıq, təhlükəsizilik və idmançıların iştirakı baxımından Oyunların yüksək səviyyədə keçməsi bu şübhə və tərəddüdləri alt-üst etdi. “Odlar Yurdu” Azərbaycan öz alovunu dünya ilə bölüşdü. İdmanın və idmançıların yaxın dostu, əsas dəstəkləyicisi kimi tanınan ölkə Prezidenti  İlham Əliyev yalnız yarış boyu deyil, Avropa Oyunları sona çatdıqdan sonra da idmançılardan ayrılmadı. Dövlətimizin başçısı qitə oyunlarında mükafatçı olan  idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə iştirakı zamanı çıxışında bunu bir daha təsdiqlədi: “Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə, ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun. İdman hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur”.

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan I Avropa Oyunları, həm də dünya idman hərəkatına böyük töhfələr verib. “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri  Mehriban xanım Əliyeva da I Avropa Oyunlarının respublikamızda keçirilməsini yüksək qiymətləndirmişdir: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq. Bu səhifəni Azərbaycan xalqı yazır. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Əziz dostlar, biz bu axşam Avropanın idman tarixində yeni fəslə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir”.

Birinci Avropa Oyunları gözlənildiyindən də yüksək səviyyədə əks-səda doğurdu. Oyunlar başa çatsa da, dünyanın aparıcı kütləvi informasiya vasitələri hələ də Azərbaycanda keçirilmiş möhtəşəm idman tədbirinin xoş təəssüratlarından yazır. Amerika Birləşmiş Ştatlarının, Almaniyanın, Avropa İttifaqına üzv olan ölkələrin, Rusiyanın, Türkiyənin, Fransanın, Pakistanın, Böyük Britaniyanın,  İrlandiyanın, Misirin, Monteneqronun  və digər ölkələrin kütləvi informasiya vasitələri, “Reuters”, “Associated Press”, “The Washington Post” kimi məşhur nəşrlər birinci Avropa Oyunlarının gedişini geniş işıqlandırmış, ölkəmizin bu yarışlara yüksək səviyyədə hazirlaşması və Oyunların möhtəşəm keçməsi barədə ətraflı şərhlər vermiş, məqalələr dərc etmişlər. Aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və  Bakıda olan xarici jurnalistlər öz ölkələrinin medialarına göndərdikləri operativ məlumatlar və fotogörüntülər nüfuzlu qəzetlər, agentliklər, televiziya kanalları, saytlar vasitəsilə yayılmış, milyonlarla oxucu və tamaşaçının nəzərinə çatdırılmışdı. Bu gün də “Bakı -2015”-in möhtəşəm keçirilməsi barədə silsilə məqalələr dərc olunmaqdadır.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə, ölkəmizin sürətli  inkişafının, iqtisadi qüdrətinin və dünya birliyindəki yüksək reytinqinin göstəricisidir. Respublikamız bu Oyunlara ev sahibliyi etməklə dünyanın idman mərkəzlərindən birinə çevirildi, idmanın maddi-texniki bazası kifayət qədər  möhkəmləndirdi. Bu  möhtəşəm tədbirlər on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasında böyük rol oynayacaq. Bütün bunlar yetişən  gənc nəslin sağlam ruhda böyüməsinə, vətənpərvər gəncliyin formalaşmasına xüsusi diqqətlə yanaşıldığını sübut edir.

Bu möhtəşəm idman tədbirinin digər mühüm əhəmiyyəti xalqımızın qədim tarixə və zəngin ənənələrə malik mədəniyyətini bütün dünyaya nümayiş etdirməsi oldu. Tədbir iştirakçıları bənzərsiz mədəniyyətimiz, musiqimiz, klassik muğam sənətimiz, incəsənətimiz, ədəbiyyatımız, maddi mədəniyyət nümunələrimiz, özündə ən ali ümumbəşəri dəyərləri əks etdirən adət-ənənələrimiz və milli-mənəvi dəyərlərimizlə yaxından tanış oldular. Tədbirin möhtəşəm açılış və bağlanış mərasimlərində nümayiş olunan kompozisiyalar dünyanın milyonlarla tamaşaçısına azərbaycanlıların daşıdığı dəyərlərin etnik-milli olduğu qədər də ümumbəşəriliyini bir daha  təsdiqlədi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında