Saundra DİDRİX: I Avropa Oyunlarında təşkilatçılıq ən yüksək səviyyədə idi

Bakıda birinci Avropa Oyunlarında gümüş və bürünc medallar qazanmış almaniyalı cüdoçu  Saundra Didrix bu idman tədbiri barədə təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. Onun fikrincə, Oyunlarda təşkilatçılıq ən yüksək səviyyədə olub. Yaraşıqlı və gülərüz  idmançı söhbətinə bu sözlərlə başladı: “Hava limanında bir qrup könüllü qonaqları qarşılayırdı.  Onların peşəkar hərəkətlərindən görünürdü ki, Oyunlara ciddi hazırlaşıblar”.

O, sözünü davam etdirərək dedi: “Bizi Atletlər kəndinə gətirdilər. Hər bir komanda üçün milli bayrağı asılmış mənzillər ayrılmışdı. Kəndə ilk dəfə daxil olanda bizi xüsusi hisslər bürüdü. Yaşayış şəraiti çox gözəl idi. 10 nəfərdən ibarət  komandamızı bir böyük mənzilə yerləşdirmişdilər. Bu, komanda ruhumuzu qoruyub saxlamaq üçün əhəmiyyətli idi”.

Almaniyalı idmançı cüdo yarışlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq dedi: “Məşqlər üçün geniş otaqla təmin olunmuşduq. Hər bir komandanın ayrıca soyunub-geyinmə otağı vardı”.

 Saundra və həmkarları nəqliyyatın işindən də razı qalıblar. Məmnunluq hissini gizlədə bilməyən cüdoçu dedi: “Avtobuslar yaxşı işləyirdi. Bir dəfə də olsun bizi gözlətmədilər”.

İdman obyektlərindən xoşu gəldiyini xüsusi vurğulayan idmançı dedi: “Biz tamaşaçı və azarkeş kimi üzgüçülük yarışlarının finalında olduq. Xeyli  tamaşaçı tutan çox gözəl və müasir  Su İdmanı Arenası idi. Yeni Olimpiya Stadionunuz isə həqiqətən seçilir. O, çox əzəmətlidir”.

Konüllülərin yaxşı işini qiymətləndirən  Saundra onlara təşəkkür etdi: “Könüllülərin hamısı nəzakətli  və gülərüz idi. Həmişə kömək edirdilər. Avropa Oyunlarının müvəffəqiyyətlə keçməsinə onların xidməti az deyil. Könüllülər öz işlərini mükəmməl gördülər”.

İdmançının bu arxitektura möcüzələrini yaratmış inşaatçılara, Atletlər Kəndində və idman arenalarında  qüsursuz təmizlik yaradan xadimələrə, onları öz doğma və yaxınları kimi dadlı yeməklərə qonaq edən aşpazlara təşəkkür etməyi unutmaması AZƏRTAC-ın xüsusi müxbirini  mütəəssir etdi. Etiraf edək ki, bu insanların zəhmətini heç də hər kəs qiymətləndirmir. Saundra Didrix daha sonra dedi: “Mən tarixdə ilk və unudulmaz Avropa Oyunlarının təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinə təşəkkür etmək istəyirəm”.

İki medalın sahibi Azərbaycan idmançılarına  böyük uğurlar arzulayaraq fikrini belə tamamladı: “Ümidvaram ki, yeni Atletlər evi və idman arenaları gələcəkdə bu cür miqyaslı neçə-neçə beynəlxalq tədbirə xidmət edəcək”.

Vüqar SEYİDOV
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında