AyxanTAĞIZADƏ: Bayrağımızı ucaltdığım üçün qürur hissi keçirirəm

“Şöhrət” ordenli Ayxan Tağızadə söhbət zamanı dedi: -Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmağım öz bəhrəsini verdi. Azərbaycan Taekvondo Federasiyasının (ATF) təlim-məşq bazasında məşqlərimiz  ruh yüksəkliyi ilə keçirdi. Federasiya rəhbərliyi bizə daim diqqət və qayğı göstərirdi.

Onu da deyim ki, Oyunlardan əvvəl may ayında Rusiyada dünya çempionatında iştirak etdik. Orada yaxşı nəticə göstərdim. Amma etiraf edim ki, səhvlərim də oldu. Qərara gəldim ki, dünya çempionatında yol verdiyim səhvləri birinci Avropa Oyunlarında təkrarlamayım. Ona görə də baş məşqçi Reza Mehmandoustun və böyük məşqçi Elnur Amanovun tapşırıqlarını yorulmadan yerinə yetirdim. “Bakı-2015"ə yüksək səviyyədə hazırlaşmaq üçün əlimdən gələni etdim. Taktiki və texniki hazırlıqları yüksək səviyyədə həyata keçirdim. Məqsədim isə birinci Avropa Oyunlarında ən yaxşı nəticəni qazanmaq idi.

Birinci Avropa Oyunlarında mübarizə apardığım 68 kiloqram çəki dərəcəsində qarşılaşmalarım çox çətin keçdi. İlk Avropa Oyunlarında bu çəki dərəcəsində (68 kq) qitənin ən güclü 16 idmançısı yarışırdı. Dünya reytinqində bu çəki dərəcəsində əsasən avropalı idmançılar ən güclü atletlər hesab olunurlar. Birinci döyüşümü qitə birinciliyinin ikincisi olan sloveniyalı Pantar Jureyə qarşı keçirdim. Döyüşə çıxanda azarkeşlərin dəstəyi mənə əlavə güc verdi. Bax, elə buna görə də rəqibimə çətinlik çəkmədən qalib gəldim.

İkinci qarşılaşmada - dörddəbir finalda London Olimpiadasının qalibi, ikiqat dünya və Avropa çempionu ispaniyalı Joel Qonzalez Bonilla ilə çətin döyüş keçirib qələbə qazandım. Yarımfinalda isə dünya reytinqində birinci olan rusiyalı idmançı Aleksey Denisenkoya ilə qarşılaşdım və üstünlük əldə etdim.

Final görüşü də asan keçmədi. Polşalı rəqibim Karol Robak idi. İlk iki raundda hesabda geriyə düşdüm. Üçüncü raundda bütün qüvvəmi səfərbər etdim. Fikirləşirdim ki, necə olursa-olsun qızıl medal qazanmalı, bayrağımızı ucaltmalıyam. Beləliklə, özümə inam hissi ilə üçüncü raundda 10 saniyədə 6  xal topladım. Görüşün əsas vaxtı ərzində hesab 9:9 oldu. Əlavə vaxtda psixoloji üstünlüyü davam etdirdim və qızıl xal qazanıb 10:9 hesabı ilə qalib gəldim. Beləliklə, birinci Avropa Oyunlarının çempionu oldum, Azərbaycanın dövlət himnini səsləndirdim, bayrağımızı ucaltdım.

Ayxan Tağızadə söhbətinin sonunda vurğuladı ki, birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Şöhrət” ordeni ilə təltif olunub. Buna görə də özünü xoşbəxt sayır. Bu mükafata layiq görüldüyü üçün dövlətimizin başçısına minnətdardır.  Bu, həm də Azərbaycanda idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında