Tünzalə AĞAYEVA: Bu beynəlxalq tədbir sağlam həyat tərzinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir

Bakıda bu günlərdə başa çatmış möhtəşəm birinci Avropa Oyunlarına ictimai dəstək üçün də müxtəlif tədbirlər görülüb. Məsələn, Əməkdar artist Tünzalə Ağayeva Oyunların ulduz səfiri olub. 

Bu günlərdə görüşümüz zamanı Tünzalə xanım bildirdi ki, birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün qitə üçün möhtəşəm idman yarışıdır. Bu beynəlxalq yarış həm idmanın, həm də gənclərimiz arasında sağlam həyat tərzinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. “Mən oyunların gedişində uşaqların müxtəlif idman növlərində yarışları həvəslə izləməsinin şahidi oldum. Sevindirici haldır ki, uşaqlar oyunlara böyük maraq göstərir, valideynləri ilə birgə idmançılarımıza dəstək olmaqla yanaşı, həm də gələcəkdə hansısa idman növü ilə məşğul olmağa can atırlar”.

Ulduz səfirin sözlərinə görə, Azərbaycan Milli Olimpiya Komitəsinin “Fəal ailə, sağlam aləm” layihəsi də ailələrdə sağlam həyat tərzinin, idmanın təbliği baxımından mühüm tədbir idi. “Mən orda da səfir olmuşam. Bu layihənin əsas məqsədi ailəlikcə hər kəsi idmana cəlb etməkdir. Ailənin hər bir üzvü idmanla məşğul olarsa, bu, sağlam ailənin və sağlam cəmiyyətin inkişafı deməkdir. Qeyd edim ki, qızımın da üzgüçülüyə, voleybola böyük marağı var. Həmişə Azərbaycan voleybol komandasına azarkeşlik edib, birinci Avropa Oyunları çərçivəsində keçirilən voleybol yarışlarını da maraqla izlədiyini müşahidə etdim. Əslində, birinci Avropa Oyunları elə mənim ailəmdə də azı bir nəfərin idmana qoşulmasına kömək etdi. Bunu yüksək qiymətləndirirəm. Özüm də əvvəllər idmanla ara-sıra məşğul olmuşam. Artıq idmana ciddi maraq göstərməyə başlamışam. Yəqin ki, gələcəkdə bu işlə daha fəal məşğul olmağa başlayacağam”.

“İnkişaf naminə idman” təşkilatının fiziki tərbiyə və idman mütəxəssisi Emil Qaybalıyev isə “Fəal ailə, sağlam aləm” hərəkatının məram və məqsədləri haqqında daha ətraflı məlumat verdi.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı “Coca-cola” şirkəti və “İnkişaf naminə idman” qeyri-hökumət təşkilatı belə bir qərara gəliblər ki, “Bakı-2015”-in sosial layihəsi olsun. Bu layihənin adı belə oldu: ”Fəal ailə, sağlam aləm". İdmançı, Olimpiya çempionu Fərid Mansurov və müğənni Tünzalə Ağayeva layihənin səfirləri oldular. Məqsəd insanları, xüsusən gəncləri idmana cəlb etmək, onların zərərli vərdişlərdən uzaq olmalarına kömək etmək idi. “Bir misal. 2012-ci il London Olimpiadasından qabaq ”Beynəlxalq həyəcan" adlı sosial layihə həyata keçirilməyə başlamışdı. “Bakı-2015"-in layihəsini isə biz həyata keçirdik”.

“Fəal ailə, sağlam aləm” hərəkatının fəallarından Detkova Firuzə Rafiq qızı isə bildirdi ki, bütün ailəliklə bu tədbirə qoşulub. Birinci Avropa Oyunlarının keçirildiyi günlərdə voleybol, həndbol, futbol və s. idman növləri üzrə yarışlar keçiriblər. “Azərbaycan komandaları ilə yarışlarımız olur. Bu yaxınlarda Belarus komandası ilə yarışdıq və qalib gəldik. Rayonlara da gedirik. Xaçmazda olmuşuq. Nailiyyətlərimiz Avropa Oyunları başa çatandan sonra qiymətləndiriləcək”.

QHT fəalının sözlərinə görə, Avropa Oyunları çox yüksək səviyyədə keçib. Azərbaycan analoqu olmayan bir tarixi hadisəyə silinməz imza atıb. Prezident İlham Əliyevin və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın isə bu böyük və unikal tədbirin təşkilində və keçirilməsində əvəzsiz xidmətləri olub: “Bunu bizimlə yarışlara qoşulan xarici ölkə idmançıları da deyirdilər”. 

Paşa ƏMİRCANOV,
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında