AOK-un prezidenti – Patrik Cozef Hikki (Portret cizgiləri) “Bakı-2015”: tanış simalar

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Cozef Hikki bu gün dünyanın geniş idman ictimaiyyəti arasında yaxşı tanınır və idmanı bütün qəlbi və varlığı ilə sevən, enerjili, xarizmatik, parlaq bir şəxsiyyət olaraq çox məşhurdur. Azərbaycana onun məxsusi sevgisi olduğu kimi, ölkəmizdə də ilk Avropa Oyunları kimi möhtəşəm bir layihənin təşəbbüsçüsü olan bu məğrur və nurlu irlanda dərin rəğbət bəsləməyən az adam tapılar.

Bəli, Azərbaycanda, demək olar ki, uşaqdan böyüyə, az qala, hamının doğmasına çevrilən Patrik Hikki çox enerjili və həyatsevər bir insandır. Olimpiya idealları naminə ən çətin layihələri belə həyata keçirmək üçün hər zaman yorulmaq bilmədən çalışır. Müsahibələrinin birində deyib ki, o, marafon qaçışına qatılan atlet kimidir. Dayanıb, nəfəsini dərə bilməz. Axı, hər anın öz hökmü var...

Patrik Hikki eqoizmdən uzaq, təbiətən minnətdar olmağı bacaran, səmimi bir insandır, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməyini daim yüksək qiymətləndirir.

Qədirbilənlik hissi ilə deyir ki, bu cür möhtəşəm layihəni yalnız belə yüksək peşəkar komanda ilə həyata keçirmək mümkün ola bilərdi! 

Bir də vurğulayır ki, 2015-ci ilin 12-28 iyununda Azərbaycan “Köhnə qitə”nin idman həyatında hələlik heç kimə nəsib olmayan bir tarix yazdı! Avropanın ən yaxşı kişi və qadın idmançıları üçün çox gözəl arenalar hazırladı. Özü də bütün bunlar cəmi 30 aya təmin edildi!

O əmindir: “Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır".

İki il yarım bundan əvvəl isə ilk Avropa Oyunlarının uğurlu olacağına şübhə edənlər az deyildi.

Amma, alındı! Özü də, necə möhtəşəm alındı! Oyunlar böyük zəfərlə başa çatan təntənəli anlarda Patrik Hikki haqlı olaraq özünü dünyanın ən xoşbəxt insanlarından biri hesab edirdi. O, iyunun 28-də Bakı Olimpiya Stadionunun tribunasından avropalı atletrlərə müraciət edərək qəlbindən dilinə gələn duyğularını bu sözlərlə ifadə etdi: 

– Ümid edirəm ki, siz bu Oyunları həmişə xatırlayacaqsınız!

Həmin an o, həqiqətən, çətin marafon yarışında finişə birincilər sırasında çatan qalib atletə bənzəyirdi.

Əslində, onun bütün həyatı idmana həsr olunub. Düz 70 il qabaq, 1945-ci il iyun ayının 17-də İrlandiyanın paytaxtı Dublində  dünyaya göz açan Patrik həmyaşıdlarından fəqrli olaraq, idmanı sadəcə əyləncə saymadı, gücünü, enerjisini bu sahəyə həsr etdi. Əmlak məsələləri üzrə ali təhsilli, menecer peşəsinə yiyələnsə də, idmandan heç vaxt ayrılmadı. Qeyri-adi əzmkarlığı, çalışqanlığı hesabına çoxlu parlaq qələbələr qazandı.

Cüdonu məxsusi olaraq sevirdi. Ara-sıra futbol, tennis və qolfla da məşğul olurdu. Amma cüdo onun taleyi və stixiyası idi. Cüdo üzrə “Qara kəmər”in sahibi oldu, nüfuzlu beynəlxalq yarışlarda yüksək titullara, həqiqətən, layiq olduğunu sübut etdi. O, idmanın bu növü üzrə yarışlarda bütün mümkün qələbələri qazanıb. Əvvəlcə doğma Dublinin çempionu, sonra İrlandiya, dünya, nəhayət, Olimpiya çempionu olub.

Bu arada gənc Patrikin idman təşkilatçılığı sahəsində də parlaq istedadı üzə çıxdı. Artıq 34 yaşında, 1979-cu ildə İrlandiyanın Cüdo Assosiasiyasının prezidenti seçilərək düz 10 il, 1989-cu ilədək bu vəzifəni uğurla həyata keçirdi. İrlandiyada cüdo məktəbinin ənənəvi olaraq güclü olmasında, təbii ki, onun böyük əməyi var.

Uğurları artdıqca, ona daha məsul vəzifələr etibar edirdilər. 1984-cü ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunlarına qatılan İrlandiya milli komandasının aparıcı meneceri təyin olundu. 1988-ci il Seul və 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında artıq ölkəsinin milli komandasına rəhbərlik edirdi. 1988-ci ildə İrlandiya MOK-nun sabiq prezidenti Des O.Sullivanı əvəz etdi və bu gün də AOK-un rəhbəri olmaqla paralel həmin vəzifəni icra edir. Patrik Hikki 2012-ci ildən Avropa Olimpiya Komitəsinin prezidenti seçilib. 2010-cu ildə isə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının əlaqələndirmə komissiyasının üzvüdür.

Patrik Hikki “gözəl və bənzərsiz Qafqazın incisi adlandırdığı” Azərbaycana, özünün dediyi kimi, bu ölkənin “sadə, mərd, açıqürəkli insanlarına məftundur”. O, azərbaycanlılar kimi çox ailəcanlıdır, axı əksər irland ailələrinə xas olan puritan əxlaqında tərbiyə alıb. Həyat yoldaşı Silviane xanım ilə birgə dörd övlad böyüdüb boya-başa çatdırıblar. Doğma irland dili ilə yanaşı, ingilis və fransız dillərini mükəmməl bilir. Səyahət etməyi çox sevir. Başqa bir hobbisi isə klassik musiqini dinləməkdir. Boş vaxtlarında tarixə dair kitablara da böyük maraq göstərir. Yeri gəlmişkən, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kifayət qədər məlumatlıdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Patrik

Hikki 70 yaşının tamam olduğu gün yüksək ali mükafata- “Şərəf” ordeninə layiq görülüb. Bu böyük mükafata, eləcə də Avropada idmanın inkişafına göstərdiyi böyük qayğıya görə o, Prezident İlham

Əliyevə  dərin minnətdarlıq edib. Sonuncu dəfə Bakını tərk edəndə “Buradan Dublinə bir qucaq sevgi aparıram. Bu gözəl mavi dəniz, bu bənzərsiz şəhər, bu çox səmimi insanlar üçün çox darıxacağam”, - deyib.

Biz də Sizin üçün çox darıxacağıq, cənab Patrik Hikki!

Qabil YUSİFOĞLU,
Məsaim HACIXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında