Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik.
Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir.
Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü,
xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq.
Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil,
inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə,
diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var.
Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq.
Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı,
zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq
və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin sizi Azərbaycanda
gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Bu axşam biz məşəli söndürəcəyik və
ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman
mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.
Mehriban ƏLİYEVA,
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri
İlk Avropa Oyunları Odlar diyarında 17 günlük möhtəşəm idman bayramı oldu.
Azərbaycan altı min idmançının 20 növdə mübarizə aparacağı ilk yarışa çox gözəl hazırlaşmışdı.
Bu rəqəmin özü belə diqqət çəkir. Təşkilatçı Azərbaycanın bu Oyunları keçirmək üçün çox az vaxtı olub.
Lakin onlar bu işin öhdəsindən çox gözəl gəldilər. Gözəl arenalar, əla infrastruktur düzəltdilər.
Bir sözlə, Azərbaycan yarışların yüksək səviyyədə keçirilməsi üçün
bütün imkanlardan istifadə etmişdi və buna nail oldu.
Patrik HİKKİ,
Avropa Olimpiya Komitəsinin prezidenti
Birinci Avropa Oyunları artıq tarixin yaddaşına həkk olundu. Oyunların keçirildiyi 17 gün ölkəmiz bütün dünyanın diqqət mərkəzundə oldu. Söz yox ki, son illər iqtisadi, siyasi və mədəni sahələrdə qazanılan tarixi uğurlar Azərbaycanın beynəlxalq aləmdəki reytinqini daha da yüksəltmiş və ona dünya birliyində söz sahibinə çevirmişdir. Birinci Avropa Oyunları isə ölkəmizin nüfuzunun daha da yüksəlməsinə sanki bir təkan oldu. Oyunların davam etdiyi 17 gün, həm açılış, həm də bağlanış mərasimləri Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, düşünülmüş siyasi strategiyasını və möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu, bu sahədə artıq zəngin təcrübə qazandığını nümayiş etdirdi. Bu Oyunlar xalqımızın qədim tarixə, zəngin mədəniyyətə, qonaqpərvər, yüksək intellektə malik olmasını bir daha dünya birliyinə göstərdi. Bu, hər bir azərbaycanlı, vətənpərvər insan üçün, sözün həqiqi mənasında, qürurverici idi.
Birinci Avropa Oyunlarında iştirak edən əcnəbi tamaşaçılar, idmançılar, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin, tanınmış idman mütəxəssisləri bu Oyunların xoş təsirindən hələ də ayrıla bilmədiklərini bildirirlər. Onlar əminliklə qeyd edirlər ki, Avropa Oyunları bundan sonra dünyanın hansısa başqa bir ölkəsində keçirilərsə, belə bir möhtəşəmliyin, yüksək təşkilatçılığın təkrarlana biləcəyinə inanmırıq. I Avropa Oyunlarının açılış mərasimi səviyyəsinə görə dünya miqyasında keçirilən beynəlxalq yarışların, hətta, Olimpiya Oyunlarının açılış mərasimlərini belə kölgədə qoydu. Beynəlxalq idman yarışlarının bu səviyyədə açılış mərasiminin keçirilməsinə hələ rast gəlinməyib. Mütəxəssislər qeyd edirlər ki, bundan sonra heç bir beynəlxalq idman yarışlarının açılış mərasimi birinci Avropa Oyunlarının açılış mərasimini kölgədə qoya bilməyəcək. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünyaya bir möhtəşəm nümunə təqdim etdi, Oyunların yeni modelini yaratdı.
Bu vaxta qədər keçirilən beynəlxalq idman yarışlarının açılış mərasimləri, əsasən, idmanla bağlı şoular göstərilməsi ilə yadda qalıb. Birinci Avropa Oyunlarının açılış mərasimində isə Azərbaycanın qədim tarixi, mədəniyyəti, mifologiyası, ədəbiyyatının təqdimatı həyata keçirildi. Təqdim olunan kompozisiyalar Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin, adət-ənələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirdi. O cümlədən, bağlanış mərasimində nümayiş etdirilən elementlər də bunu təsdiqlədi. Bu Oyunları keçirməklə Azərbaycan bütün imkanlarını dünyaya təqdim etdi. Həmçinin, müstəqil dövlətimiz dünya birliyinə sürətli inteqrasiyasını, əməkdaşlıq imkanlarını daha da genişləndirməkdə bütün imkanlardan istifadə etməyi prioritet vəzifə kimi qarşıya qoyduğunu göstərdi. İndi dünyanın aparıcı kütləvi informasiya vasitələri I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, yarışların yüksək səviyyədə keçirilməsinə, idmançılara və turistlərə göstərilən qonaqpərvərliyə dair silsilə məqalələr dərc edirlər.
Təkcə bir fakt göstərməklə dediklərimizi əsaslandırmaq istərdik. Avropanın nüfuzlu sportsmax.tv saytında I Avropa Oyunları haqqında dərc olunan məqalədə yazılır: “I Avropa Oyunları həm təşkilatçılıq və həm də Oyunların səviyyəsi baxımından çox uğurlu alındı. Oyunlar başlanmazdan əvvəl bir çoxları Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə şübhə ilə yanaşırdı. Lakin, “Bakı-2015” Avropa Oyunları baş tutdu. Bakıda keçirilən möhtəşəm idman yarışları ilə bütün şübhələrə tam cavab verildi”.
Saytda “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimində Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı geniş işıqlandırılıb. Sportsmax.tv Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışına da yer ayırıb.
Belə faktlar istənilən qədərdir. Hamısında da birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasından, Azərbaycanda ictimai-siyasi sabitliyin davamlı olmasından, ölkəmizin iqtisadi qüdrətindən, qısa müddət ərzində dünya standartlarına cavab verə biləcək stadionların, idman qurğularının inşa olunmasından bəhs edilir. İdmançılarımızın bu Oyunlarda qazandığı parlaq qələbələr də xüsusi diqqətçəkən məqamlardandır.
Əminliklə demək olar ki, I Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Ölkəmiz Oyunlarla əlaqədar yalnız mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi bacardı. Qürurla qeyd etmək lazımdır ki, ümumi nəticələrə görə, Azərbaycan ölkələrin medal cədvəlində 2-ci yerdə qərarlaşdı. Bu, hər bir azərbaycanlı üçün qürurverici, fərəhləndirici hadisədir. Sevindirici haldır ki, Azərbaycan idmançıları bu Oyunlarda keçirilmiş bütün yarışlarda təmsil olundular. “Bakı- 2015”-də baş tutan yarışlarda respublikamız ümumilikdə 291 idmançı ilə təmsil olundu.
Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. “Bakı-2015" ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.
Azərbaycaının inkişafını, dünya birliyinə sürətli inteqrasiyasını, beynəlxalq aləmdə söz sahibinə çevrilməsini gözü götürməyənlər birinci Avropa Oyunlarının keçirilməsinə əngəllər yaratmaq üçün müxtəlif qarayaxma kampaniyalarına, böhtan və iftiralara əl atdılar. Lakin onların bütün cəhdləri Azərbaycan Prezidenti İlham Əliyevin və “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın polad iradəsi, sonsuz Vətən segvisi, xalqa, millətə qəlbən bağlılığı yolunda çox cılız göründü. Məlum sonluq da təsdiqlədi ki, Oyunlar yüksək səviyyədə təşkil olundu və möhtəşəm keçirildi. Dövlətimizin başçısı da belə bədxahlara, xəbis niyyətlilərə tutarlı cavab verdi: “Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik".
Bu Oyunları keçirməklə Azərbaycan dünya birlyinə sübut etdi ki, öz potensialını dinc məsələlərə sərf etməyə hazırdır. Azərbaycan bu Oyunlarla, həm özünün ədalətli prinsiplərini göstərdi, həm mədəniyyətini təbliğ etdi, həm də tolerant, multikulturalizmə əməl edən bir ölkə olduğunu təsdiqlədi. Ümumiyyətlə, bu Oyunlar təkcə idman tədbiri kimi deyil, eyni zamanda, ölkənin təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir. Avropalılar Oyunlara gələrək xalqımızın qonaqpərvərliyini, mədəni səviyyəsinin yüksək olduğunu gördü. Bu baxımdan birinci Avropa Oyunları tarixi hadisədir. “Bakı- 2015"-in yüksək səviyyədə keçirilməsi Avropanın məhz Azərbaycandan başlandığını da təsdiqlədi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.