Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə ölkəmizə göstərilən etimadı şərəf və ləyaqətlə doğrultdu

“Bakı-2015" birinci  Avropa Oyunları artıq finişə çatıb tarixə çevrilsə də, qəlblərdə ən xoş hisslər oyadan qitə idmançılarının bu ali məclisinin təəssüratları hələ uzun müddət bizi tərk etməyəcək. İstər bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsi, istərsə də həmvətənlərimizin kəskin rəqabət meydanında fantastik nailiyyəti ilə haqlı olaraq fəxr edən Azərbaycan Avropa Oyunlarının vətəni kimi tarixdə özünə çox layiqli yer etmişdir.

Bütün xalqımızın böyük əzmkarlığının, möhkəm iradəsinin, mütəşəkkil fəaliyyətinin təsdiqi olan Oyunlarda tam qələbəmiz hələ yarışların yenicə starta çıxdığı günlərdə beynəlxalq idman dairələrində etiraf olunduğu kimi, Azərbaycanın göstərdiyi qeyri-adi cəsarətin hamını heyrətləndirən parlaq nəticəsidir. Həqiqətən, on yeddi gün ərzində ölkəmizin hər bir vətəndaşına çoxlu həyəcanlı və xoş anlar yaşadan birinci Avropa Oyunları Azərbaycanın tarixi zəfəri ilə yanaşı, həm də xalqımızın dövlət ətrafında möhkəm və sarsılmaz birliyinin nümayişinə çevrildi. Bakı Avropa üçün çox vacib hadisə olan mühüm məsələnin öhdəsindən şərəflə gəldi.

Ölkə Prezidenti, dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyev çıxışlarından birində Avropa Oyunlarının xalqımız üçün ümumxalq məsələsinə çevrildiyini bildirmişdi. Azərbaycan vətəndaşları da yarışların yüksək səviyyədə keçirilməsi, Oyunların təşkilatçılarına bacardıqları köməyi göstərmək üçün var qüvvə ilə çalışdılar və son nəticədə Avropa Olimpiya Komitəsinin Azərbaycana göstərdiyi yüksək etimadın şərəflə doğrulmasına əvəzsiz töhfələrini verdilər.

Avropa Oyunları Azərbaycan dövlətinin dünya idmanına xüsusi töhfəsidir. Bu elə bir töhfədir ki, bundan sonra Oyunları keçirmək istəyən hər bir ölkə bu barədə öz imkanlarını götür-qoy edərkən ilk növbədə Azərbaycanın təşkilatçılığını bir daha öyrənəcək, Azərbaycanla ayaqlaşa bilib-bilməyəcəyi məsələsi üzərində düşünəcəkdir.

Cəmi iki il yarım ərzində altı-yeddi il vaxt tələb edən işlərin yüksək fəallıqla, vahid komanda şəklində, peşəkarlıqla, hamını razı salan və heç kimi biganə qoymayan səviyyədə yerinə yetirilməsi dövlətimizin və xalqımızın birlikdə ən çətin sınaqlardan belə qələbə ilə çıxmaq əzmini inamla sübuta yetirdi. Bu böyük qələbənin arxasında nə qədər gərgin əmək, nə qədər böyük zəhmət durduğunu isə kənardan müəyyən etmək elə də asan deyil.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşü zamanı bununla əlaqədar demişdir: “2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələrinin qərarı ilə birinci Oyunların keçirilməsi qərarı qəbul edilmişdir və bu şərəfli missiya bizim üzərimizə düşmüşdür. Bu qərara görə, bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara və ilk növbədə Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkiyə öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığımı bildirmək istəyirəm. Məhz cənab Patrik Hikkinin təşəbbüsü ilə bu Oyunlar baş tutdu. Bu Oyunların keçirilməsində iştirak etmiş bütün insanlara bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərardan sonra Azərbaycanda gərgin iş başlamışdır. Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat Komitəsi yaradılmışdır. Hamımız yaxşı dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşaları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək".

Birinci Avropa Oyunlarının ən yüksək səviyyədə, bəlkə də, arzu olunandan da parlaq şəkildə təşkil edilib keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti istər Oyunlarda iştirak etmiş xarici ölkə idmançıları və onların nümayəndə heyətlərinin rəhbərləri, istərsə də beynəlxalq idman dairələrində ən nüfuzlu mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilmiş, hamı atletlərin yarışlarda iştirakı və asudə vaxtlarından səmərəli istifadə üçün ideal şərait yaradıldığını xüsusi qeyd etmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin yanvar ayında yaradılan Təşkilat Komitəsi bütün istiqamətlərdə üzərinə düşən vəzifəni böyük məsuliyyət hissi və fədakarlıqla yerinə yetirərək ona göstərilən etimadı layiqincə doğrultmuşdur.

Oyunlar zamanı yarış iştirakçılarının heç bir çətinliklə üzləşməməsi, təşkilatçıların ünvanına söylədikləri yüzlərlə, minlərlə minnətdarlıq kəlmələri ürəkdən gələn fikirlər idi. Bundan sonra da çox söyləniləcək belə fikirlər qitəmizin Avropa Oyunları keçirmək arzusunu Bakıda gerçəkləşdirən Azərbaycan dövlətinə və Oyunların Təşkilat Komitəsinə gördükləri çox böyük işlərə görə hədsiz rəğbət və dərin ehtiramın ifadəsidir. Təşkilat Komitəsi sübut etdi ki, hətta qısa zaman kəsiyində də ən mürəkkəb işlərin öhdəsindən böyük müvəffəqiyyətlə gəlmək olar.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi qitə idmançılarının  on yeddi gün davam edən yarışlarının onların hamısının ürəyindən olan böyük bir bayrama çevrilməsini təmin etdi. Bununla da Prezident İlham Əliyevin Azərbaycan Respublikasının idmanda növbəti, daha yüksək zirvə fəth etməsi üçün göstərdiyi qayğı və hərtərəfli kömək öz gözəl bəhrəsini verdi, ölkə idmanı növbəti, bu dəfə daha çətin sınaqdan şərəflə çıxdı.

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Mehriban

Əliyeva yuxarıda xatırlatdığımız mərasimdə Oyunlara hazırlıq zamanı Təşkilat Komitəsinə göstərdiyi köməyə görə dövlət başçımıza minnətdarlığını belə ifadə etmişdir:

“Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz  sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə yeri qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan idmançılarının parlaq çıxışları Təşkilat Komitəsinin yüksək yaradıcılıq nailiyyəti ilə birlikdə ölkəmizin Oyunlarda tam qələbəsini təmin etdi. Yığmamız ümumkomanda hesabında 21 qızıl, 15 gümüş və 20 bürünc medalla 50 ölkə arasında ikinci olmaqla Avropanı heyrətə gətirdi. Oyunların bağlanış mərasimindən dərhal sonra İspaniya Milli Olimpiya Komitəsinin rəsmi saytı əla təşkilatçılıq səviyyəsi nümayiş etdirən Azərbaycanın yarışlarda da mükəmməl çıxış edib yekun cədvəlində dünya idmanının nəhəngləri sırasında olan Böyük Britaniya və Almaniyadan da yüksək mövqedə qərar tutduğunu xüsusi vurğulamışdır.

Artıq iyirmi dörd ildir ki, həyatın bütün sahələrində bir-birindən yüksək zirvələr fəth etməsi ilə dünyanın diqqət mərkəzində olan, dinamik və sürətli inkişafı bir nümunəyə çevrilmiş müstəqil Azərbaycan Respublikası öz tarxinə daha bir şanlı səhifə yazmış, Azərbaycan öz Oyunları olmasını istəyən Avropanın arzusunu həyata keçirmişdir.

Avropa Oyunları həyata bizim Bakıda göz açmış və dünya idmanına xüsusi töhfə olmuşdur. Bu tarixi hadisənin baş verdiyi günləri də unutmayacağıq–12-28 iyun 2015-ci il...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında