İlk Avropa Oyunlarına Bakı uğurla ev sahibliyi etdi. Bu mötəbər tədbirin ölkənin idman ictimaiyyətində yaratdığı təəssüratlar isə unudulmazdır. Olimpiya çempionu Fərid Mansurov, “Afina-2004”-ün bürünc mükafatçısı İradə Aşumova, güləş yığmasının məşqçisi Aslan Ağayev və Olimpiya kateqoriyalı hakimimiz Hicran Şərifov ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşdülər.
Fərid Mansurov, Olimpiya çempionu:
– İlk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi bir hadisədir. Oyunlar milyonlarla insan tərəfindən izləndi. İrimiqyaslı yarışlara hazırlıq üçün 6-7 il vaxt tələb olunduğu halda, ölkəmizin cəmi iki il yarıma hazırlayıb, ərsəyə gətirdiyi bu cür yüksək səviyyəli oyunlara dünya şahidlik etdi. Şübhəsiz, bu ölkəmizin iqtisadi cəhətdən qüdrətli bir dövlət olduğunu sübut etdi. Cənab Prezident Azərbaycanın Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu bəyan etmişdi. Biz Olimpiya çempionları, mükafatçıları bir çox olimpiadalarda iştirak etmişik. Açılış, bağlanış mərasimlərini izləmişik. İlk Avropa Oyunlarının açılış və bağlanışı, nəinki olimpiadaların analoji mərasimləri səviyyəsində idi, qeyd edim ki, ondan da üstün idi. İrimiqyaslı tədbir həm yüksək səviyyəsi ilə, həm də idmançılarımızın zəfəri ilə dünyaya səs saldı. Deyərdim ki, Oyunlar əsl ümumxalq bayramına çevrilmişdi. Dünyəvi dəyərləri ilə fərqlənən xalqımız kainata möhtəşəm bir idman bayramının sevincini yaşatdı. Paytaxtımıza gələn minlərlə qonaq, media nümayəndəsi müsəlman ölkəsinin yüksək inkişaf tempi ilə tanış oldular, səmimi, isti münasibətlə qarşılaşdılar. Bu səbəbdən də, xarici medianın gündəmini təkcə oyunlar yox, Azərbaycan həqiqətləri də zəbt etdi. Bu yarışların yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı. Şübhəsiz, dostlarımızla yanaşı, düşmənlərimiz də oyunlar zamanı özlərinin varlıqlarını bildirdilər. Dostlarımız bizimlə qürur duydular, düşmənlərimiz kədərləndilər.
İdmançılarımızın möhtəşəm qələbəsini xüsusi qeyd etmək istəyirəm. Bu qələbələrin əsas səbəblərindən biri də mübarizənin doğma divarlar arasında aparılması, Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015”-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yarışları izləməsi idi. Bütün bunlar idmançılarımıza əlavə stimul verdi.
Bundan sonra bütün Avropa Oyunlarının start nöqtəsi Azərbaycan olacaq. Bu, tarixi qərar da bizim üçün qürurvericidir. Dünyanın ən qədim məbədlərindən olan “Atəşgah”dan götürülən alov 4 ildənbir Avropanı səyahətə çıxacaq. Bu barədə Avropa Olimpiya komitəsinin prazidenti Patrik Hikki də məlumat verib. “Odlar yurdu”un müqəddəs alovu Avropaya birlik və dostluq qığılcımları yayacaq, qitədə inkişaf, sabitlik və təhlükəsizliyinin dayanıqlı olmasına yardım edəcək.
İradə Aşumova, Afina Olimpiadasının bürünc medalçısı:
– İlk Avropa Oyunlarının Olimpiya Oyunları səviyyəsində təşkilatçılığı dünya səviyyəsində qeyd edilməkdədir. Oyunların açılış mərasimi öz əzəməti ilə avropalı idmançılara yüksək qələbə ruhu bəxş etdi. Yarışlar boyu yüksək rəqabət şəraitində keçən görüşlərdə bunu açıq-aydın hiss etmək olurdu. Nəticələrə də diqqət etsək görərik ki, bəzi ölkələrin ən titullu, dünya reytinqində yüksək yerləri tutan idmançıları Bakıdan medalsız qayıtdılar. Gərgin rəqabət şəraitində keçən qarşılaşmalarda ən güclülər qalib gəldilər. Bağlanış mərasimi isə Oyunların əzəmətinə əsrarəngiz gözəllik qatdı. Bu mərasim möhtəşəm bir sonluq olmaqla yanaşı, həm də növbəti Avropa Oyunları üçün gözəl bir başlanğıc təsiri bağışladı. Azərbaycan Avropa Oyunları ilə vidalaşmadı. Avropa Oyunlarının vətəni kimi adını həmişəlik tarixə yazdı.
Aslan Ağayev, güləş üzrə yığmanın məşqçisi:
– İki dəfə Olimpiya Oyunlarında iştirak etmişəm. İlk Avropa Oyunları təşkilatçılığı ilə onlardan nəinki geri qalmadı, hətta daha möhtəşəm keçirildi. Belə bir təşkilatçılıq dünyanın heç bir yerində olmayıb. Bunu ekspertlər də açıqlamalarında qeyd edirlər. Oyunların təşkilatçılığında hər xırda detal belə nəzərə alınmışdı. Şəhərimizin müasir infrastrukturu, son illər görülən nəhəng quruculuq işləri də bu irimiqyaslı tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verdi. Bakıya gələn hər bir kəsin rahatlığı təmin olundu. İdmançı, məşqçi və media nümayəndələrinin fəaliyyəti üçün hər bir şərait yaradılmışdı. Gərgin rəqabət və ədalətli mübarizə şəraitində keçən yarışların səviyyəsini də qeyd etmək istəyirəm. İdmançılarımız böyük nailiyyətlər əldə etdilər. Yarışlarda əldə edilmiş 56 medal, o cümlədən 21 qızıl medal Azərbaycan dövlətinin uğurlu idman siyasətinin bariz nümunəsi idi. Dövlət başçımızın idmançıların qarşılaşmalarını izləməsi onlara əlavə stimul verdi. Yüksək mükafatları Azərbaycan Prezidenti İlham Əliyevin, “Bakı-2015"-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təqdim etməsi idmançılarımızı yüksək mükafatlar uğrunda mübarizə aparmağa daha da ruhlandırırdı.
Bugünlərdə Türkiyədə gənclərin Avropa çempionatında qadın komandası ilə iştirak etdik. Bütün avropalı iştirakçılar, mütəxəssislər Azərbaycanda ilk Avropa Oyunlarının möhtəşəmliyindən danışırdılar. Həmin yarışlarda 6 medal - 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazandıq. Avropa Olimpiya hərəkatının öncüllərindən olan Azərbaycan komandası 58 xalla lider oldu.
Hicran Şərifov, Olimpiya kateqoriyalı hakim:
– Bakı şəhərində Olimpiya Oyunlarına bərabər səviyyədə keçirilən ilk Avropa Oyunlarının təşkilatçılığı yaddaşlarda silinməz izlər buraxdı. Azərbaycan Avropa Olimpiya hərəkatına əvəzsiz töhfələr verdi. Tarixi Oyunların yüksək səviyyədə təşkili dünya miqyasında uzun illər sonra da xatırlanacaq, nümunə göstəriləcək. Növbəti illərdə, nəinki Avropa Oyunlarına, ümumiyyətlə, irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək ölkələr zəngin təcrübəmizdən istifadə edəcəklər.
Yarışlarda rəqabət səviyyəsi də yüksək idi. 20 idman növündən 16-sı Olimpiya xarakterli idi. 12 idman növü üzrə isə Rio-2016-ya lisenziya uğrunda gərgin mübarizə getdi. Oyunlarda möhtəşəm qələbələr qazandıq. Əldə etdiyimiz nailiyyətlər Azərbaycanın gücünün, qüdrətinin məntiqi nəticəsi idi. Qeyd edim ki, 56 medal, o cümlədən 21 qızıl medal bizim üçün çox uğurlu bir nəticədir. Medal sayına görə, təkcə Rusiyadan geri qaldıq. Amma II yer Azərbaycan komandası üçün çox gözəl nəticədir.
İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə xalqımızı təbrik edirəm. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Oyunların öhdəsindən şərəflə gəldi. İdman ictimaiyyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu gözəl idman bayramı üçün dərin minnətdarlığımı bildirirəm.
Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.