“Mən fəxr edirəm ki, məktəbimizin altı yetirməsi birinci Avropa Oyunlarında medal qazandı”

Birinci Avropa Oyunları başa çatsa da, hələ uzun müddət  Azərbaycan cəmiyyətində, eləcə də beynəlxalq aləmdə  çox müzakirə olunacaq və yaddaşlarda qalacaq. İlk dəfə keçirilən bu möhtəşəm idman tədbirinin gözlənildiyindən də yüksək səviyyədə baş tutması ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının, həmçinin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin yüksək fəaliyyətinin nəticəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycan Avropanın idman tarixinə yeni bir səhifə yazdı. Elə bir səhifə ki, əbədi olaraq  tarixdə qalacaq.

Uzun illərdir ki, idman sahəsində çalışıram. Respublikamızın adlı-sanlı idman məktəbinə—Avropa, dünya və Olimpiya çempionları yetirən Olimpiya İdman Liseyinə rəhbərlik edirəm.  Elə bir beynəlxalq tədbir olmaz ki, məktəbimizin yetirmələri oradan mükafatsız qayıtsın. Mötəbər yarışlara hazırlaşmağın nə demək olduğunu çox yaxşı bilirəm. Ona görə də birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasını, qısa bir vaxtda dünya standartlarına cavab verən stadionların inşa edilməsini, mövcud olan idman qurğularının yenidən bərpa olunaraq beynəlxalq standartlar səviyyəsinə çatdırılmasını möcüzə hesab etmək olar.

Avropa Olimpiya Komitəsi ilk Oyunların Azərbaycanda keçirilməsi barədə qərar qəbul edəndə yarışların başlanılmasına iki il yarım vaxt qalırdı. Halbuki, digər ölkələrdə Olimpiya Oyunlarına hazırlaşmağa  6-7 il vaxt ayrılır. Düzdür, birinci Avropa Oyunları Olimpiya Oyunları demək deyil. Ancaq yarışda iştirak edən adlı-sanlı idmançılar bu Oyunların Olimpiya Oyunları səviyyəsində keçirildiyini bildirdilər. Çoxlarına elə gəlirdi ki, Azərbaycan bu çətin və şərəfli işin öhdəsindən gələ bilməyəcək. Ancaq yanılırdılar. Çünki buna qədər ökəmiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və hamısını da yüksək səviyyədə keçirmişdir. Bu sahədə artıq kifayət qədər təcrübə qazanmışdıq. Bütün bunlar birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsinə zəmin yaradırdı. Dünya  birliyi də bunun şahidi oldu. Hazırda dünyanın əksər ölkələri yarışların yüksək səviyyədə keçirilməsi ilə yanaşı, açılış və bağlanış mərasimlərinin möhtəşəmliyinə də heyranlığını bildirirlər. Mərasimlərdə keçmişlə müasir dövrün əlaqələndirilməsi və milli elementlərdən istifadə olunması halları xüsusi qeyd olunur.

Birinci Avropa Oyunları Azərbaycan üçün çox böyük  beynəlxalq əhəmiyyətə malik oldu. Ən əsası, Azərbaycan dünyaya  sübut  etdi ki, belə beynəlxalq səviyyəli tədbirləri təhlükəsiz keçirməyə qadirdir və hazırdır.

Məlumdur ki, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr bu Oyunların Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunan vaxtdan  antiazərbaycan təbliğatına başlamış və indiyədək qarayaxma kampaniyasından əl çəkməmişlər. Lakin belə xəbis xislətlilərin bütün arzuları ürəklərində qaldı. Azərbaycan mötəbər  tədbirlərə ev sahibliyi etməyə və bu yolda qarşıya çıxan bütün problemləri aradan qaldırmağa qadir olduğunu bir daha təsdiqlədi.

Birinci Avropa Oyunlarında iştirak etmək və medal qazanmaq hər bir idmançının ən böyük arzusu idi. Yarışların gedişi də göstərdi ki, bu Oyunlarda qalib olmaq çox çətin, lakin şərəfli idi. Çünki ilk Avropa Oyunlarında yüzdən artıq dünya və Olimpiya çempionu mübarizə aparırdı. Biz məşqçilərimizin qarşısında ciddi bir məsələ qoymuşduq: məktəbimizin idman tarixində birinci Avropa Oyunlarının da mükafatları olmalıdır. Ona görə də məsuliyyətimizi daha da artırmış, məşqlərin vaxtını uzatmışdıq. Məktəbimizin yetirmələri təhsil aldıqları müddətdə də həmişə dövlətimizin, xüsusilə də möhtərəm Prezidentimizin, Milli Olmpiya Komitəsinin, həmçinin  Gənclər və İdman  Nazirliyinin qayğısını hiss etmiş, hər cür şəraiti olan idman zallarında məşq etmişdilər. Ona görə də belə məqamlarda onlara göstərilən etimadı doğrultmaq üçün çox əlverişli şərait yaranmışdı. İdmançılarımız  əsl azərbaycanlıya xas olan əzmkarlıqla mübarizə apararaq, bu Oyunlarda 56 medal qazandılar. Sevinirəm ki, həmin medallardan altısını bizim məktəbin yetirmələri qazanıb. Altı medalın 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürüncdür. Medallardan dördünü yuman—Roma, birini sərbəst güləş, birini isə boks üzrə yetirməmiz qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  birinci Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında imzaladığı sərəncamda məktəbimizin yunan—Roma güləşi üzrə məşqçisi Vaqif Feyzullayevin də adının olması bizi sevindirdi. Sevinirik ki, çəkdiyimiz zəhmət öz bəhrəsini verdi. Bu zəhmətin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilməsi sevincimizi ikiqat artırdı.

Rasim MURADOV,
Respublika Olimpiya
İdman Liseyinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında