Bakı. 26 iyin, 2015-ci il. Birinci Avropa Oyunlarının 15-ci təqvim günü. Azərbaycan paracüdoçusu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksandr Pominov ilə qarşılaşır...
Zaldakılar və televiziya ekranları qarşısında əyləşənlər nəfəs dərmədən oyunun gedişini izləyirlər. İlham Zəkiyev Qarabağ müharibəsi qazisidir. Torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərin birində gözlərinin nurunu əbədi itirən cüdoçumuzu ölkəmizdə indi tanımayan və sevməyən adam çətin tapılar.
İlham Zəkiyev bunun fərqindədir. O həm də bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev zaldadır və paracüdoçumuzun qələbəsi möhtərəm dövlət başçımızı dünya qədər sevindirə bilər. Bəli, İlham Zəkiyev yaxşı bilir ki, bütün Azərbaycan ondan qələbə gözləyir.
Məsuilyyət nə qədər ağır olsa da, İlham Zəkiyev özünə əmindir. Axı, cüdoda zəngin təcrübəsi var, özündə sonsuz qələbə əzmi hiss edir. Bir də ki qəlbən inanır ki, Böyük Yaradan bu dəfə də ona zəfər çalmağa şans verəcək! Budur, o, tatami üzərindədir, bütün gücünü, bacarığını toparlayıb əla bir fəndlə təcrübəli rəqibini başı üzərindən aşıraraq kürəyini yerə vurur! Zalı bitib-tükənməyən alqış sədaları bürüyür!
Qələbə parlaq olduğu qədər qaliblərin təltifolunma mərasimi əsil zəfər anını xatırladırdı...Qarabağ qazisinə qızıl medalı Prezident İlham Əliyev şəxsən özü təqdim etdi və qalibin təkidi ilə pyedestala qalxaraq onunla yanaşı durdu! Zalda sürəkli alqış sədaları başlandı və uzun dəqiqələr davam etdi!
Fikrimizcə, bu anlar “Bakı-2015" yarışlarının ən təsirli və qürurverici anları idi. Orada üzündən bəxtiyarlıq yağan qaliblə dövlət başçısı arasında qısa mükalimə baş verir. Bu səmimi dialoqun məzmununu Qarabağ qazisi sözbəsöz min dəfə təkrar etməyə hazırdır: Dövlət başçımız qızıl medalı mənə təqdim edəndə ona dedim ki, cənab Prezident əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi!
Bəli, həmin gün 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü idi və bundan cəmi 14 gün əvvəl, 12 iyunda birinci Avropa Oyunlarının məşəlini alovlandırarkən İlham Zəkiyev qızıl medal qazanacağını vəd etmişdi və sözünün üstündə durdu!
Media açıqlamasında artıq birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev belə bir bəyanat verdi: “Bu qızıl medalı cənab Prezidentə, Azərbaycan xalqına həsr edirəm. Bir də ki, oğlum Həmzənin 2 yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir!”.
İlham Zəkiyev sonra Qarabağ uğrunda vuruşduğuna görə fəxr etdiyini bu sözlərlə qeyd edib: “Mən öz yaramdan utanmıram. Gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirdiyimə görə fəxr edirəm!”.
İlham Zəkiyev həm də dərin inanc sahibidir. Sidq-ürəklə deyib: “Mən Allahı unutmaram, çünki qələbələrimin memarı odur. Yaşam səbəbim odur və dualarım sayəsində həmişə məni Allahım qoruyur. Həmd olsun Allahıma!”
İlham Zəkiyevin parlaq qələbəsinin ertəsi, şənbə günü olduğuna rəğmən “Xalq qəzeti”ndə növbəti iş günü idi. Səhər tezdən Böyük Britaniyadakı Edinburq Universitetinin professoru, şair, ədəbiyyatşünas, filosof Qulamrza Səbri Təbrizi redaksiyamıza telefonla zəng vuraraq həyəcan və sevinc qarışıq səslə dedi: -Qarabağ qazisi İlham Zəkiyevin qələbəsi parlaq bir rəmzdir, Azərbaycan döyüşçüsünün Qarabağda parlaq qələbə çalacağına müjdədir!
Hörmətli professor çox kövrəlmişdi və israrla xahiş etdi ki, qoy “Xalq qəzeti”nin oxucuları, eləcə də bütün vətənpərvər insanlar bilsinlər ki, Azərbaycanın təkcə idmanda deyil, həyatın bütün sahələrindəki parlaq uğurları ulu öndər Heydər Əliyevin müdriklik fəlsəfəsinin təntənəsidir.
Bəli, “Bakı-2015" idman yarışlarının keçirildiyi unudulmaz günlər ərzində Azərbaycanda böyük bir coşqu yaşandı. Bu böyük zəfərdə Qarabağ qazisi İlham Zəkiyevin də payı var!
Yazı çapa hazırlanarkən İlham Zəkiyevlə bir daha əlaqə saxladıq. Dedi ki, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində Prezident İlham Əliyevə müraciət edərək dediyi “17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və siz bu komandanın şərəfli kapitanı idiniz!” səmimi sözləri onun ürəyindən xəbər verib!
İlham bir də dedi ki, oğlu Həmzə Oyunların qızıl medalını əlində tutaraq bərk-bərk sıxıb və özündə saxlayacağını deyir. Ilham xalqına, Prezidentinə və kiçik yaşlı oğluna qələbə bəxş etdiyi üçün qızıl medal üçün çox sevinirdi. Onun sevinməyə necə də haqqı var!
Qabil YUSİFOĞLU,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.