Təşəkkürlər, Azərbaycan, təşəkkürlər, Bakı!

Bakıda Avropanın idman hərəkatında yeni dövrün başlandığını bildirən birinci Avropa Oyunları bütün 17 yarış günü ərzində yüz minlərlə insanın təbəssümü və paytaxtımıza, ölkəmizə dərin minnətdarlıq sözləri ilə əlamətdar oldu. Azərbaycan komandasının möhtəşəm qələbəsi isə tarixdə ilk dəfə keçirilən qitəmizin idmançılarının ən ali məclisinin bəzəyinə, ölkəmizin hər bir vətəndaşının qürur mənbəyinə çevrildi.

Yığmamızın ümumkomanda hesabında arzu olunduğundan da yüksək nəticə göstərib 56 medalla-21 qızıl, 15 gümüş və 20 bürünc mükafatla 50 ölkə arasında fəxri ikinci yeri tutması, əlbəttə, tam qələbə, tarixi nailiyyətdir. Azərbaycan idmançıları cədvəldə yalnız çox qüdrətli idman ölkəsi Rusiyadan (79+40+45) geri qalib, 48 dövləti, o cümlədən finişə birinci onluqda çatan Böyük Britaniya (18+10+19), Almaniya (16+17+33), Fransa (12+13+18), İtaliya (10+26+11), Belarus (10+11+22), Ukrayna (8+14+24), Hollandiya (8+12+9) və İspaniya (8+11+11) kimi dövlətləri qabaqlamağı bacardılar.

Oyunlarda 42 ölkə təmsilçilərinə medallar təqdim olunmuş, qızıl mükafatların sevincini isə 31 komandanın üzvləri yaşamışlar. Türkiyə 29 medalla (6+4+19) 14-cü, Gürcüstan (2+6+8) 21-ci yeri tutmuşlar, Ermənistan isə yalnız 1 gümüş mükafatla 36-cı olmuşdur.

Əlli altı medal, xüsusən də ilk Avropa Oyunlarının ilk azərbaycanlı çempionları karateçilər Firdovsi Fərzəliyev (60 kq), Rəfael Ağayev (75 kq), İrina Zaretskaya (68 kq), Ayxan Mamayev (84 kq), yunan-Roma üsulu ilə güləşənlər Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), “sərbəstlər” Toğrul Əsgərov (75 kq), Xetaq Qazyumov (97 kq), qadın güləşçilər Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), taekvandoçular Ayxan Tağızadə (68 kq), Milad Beiqi Xarçeqani (80 kq), Radik İsayev ( +80 kq), gimnast Oleq Stepko, boksçular Teymur Məmmədov (81 kq), Elvin Məmişzadə (52 kq), Lorenso Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq), habelə daha bir böyük idman hünəri göstərmiş paralimpiyaçı cüdo ustası İlham Zəkiyevin qızıl mükafatları ölkəmizin hər yerində hamıya təsəvvürolunmaz sevinc gətirdi, Azərbaycan idmanının gündən-günə artan beynəlxalq nüfuzunun daha yüksək səviyyədə etirafı oldu.

Çempionlarımızın, gümüş və bürünc mükafatçılarımızın tarixi nailiyyətini şərtləndirən əsas amillər isə Azərbaycanda dövlətin idmana gündən-günə artan qayğısı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin tarixdə ilk belə Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək əzmi, bunun üçün göstərdiyi dəqiq düşünülmüş, yorulmaz fəaliyyət, xalqımızın yüksək mədəniyyəti, ənənəvi qonaqpərvərliyi və bir də idmançıların ustalığı, möhkəm iradəsi və yenilməz qələbə istəyidir.

Bu gün Azərbaycanın uşaqdan tutmuş ömrünün müdriklik çağını yaşayan hər bir vətəndaşına qədər hamı fəxr edə, qürur duya bilər ki, onun bəxtinə qitəmizin idman hərəkatında yeni səhifə açan Avropa Oyunları kimi ali bir idman bayramının-gənclik, gözəllik, dostluq, həmrəylik startlarının şahidi olmaq xoşbəxtliyi düşmüşdür. Avropa da öz növbəsində əzəmətli idman bayramına görə həmişə Azərbaycana minnətdar olacaq.

Öz fəaliyyətlərində ölkə əhalisinin sağlamlıq və gümrahlığının möhkəmləndirilməsini, bu məqsədlə asudə vaxtın səmərəli təşkilini, eləcə də beynəlxalq meydanda böyük qələbələrin tələb etdiyi şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayan dövlətimiz və şəxsən onun başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Milli Gimnastika Federasiayasının prezidenti Mehriban Əliyevanın böyük qayğısı sayəsində Azərbaycan idmanı nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.

Elə ulu öndər Heydər Əliyev də 2002-ci ilin payızında Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimindəki nitqində bu istəyini ifadə etmişdi: “İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir”.

Nəticədə Bakıda Avropa idman hərəkatı tarixində yeni səhifə qızıl hərflərlə yazıldı, həm yarış sahiblərinin mükəmməl təşkilatçılığı, həm də idmançılarımızın sinəsini bəzəyən, onların idman qənimətləri kolleksiyasında  ən qiymətli mükafatlara çevrilən 56 medal Azərbaycanın qüdrətli bir idman ölkəsi kimi təkcə Avropada deyil, bütün dünyada nüfuzunu daha da artırdı.

Oyunların ilk startlardan finişədək ədalətli idman mübarizəsi şəraitində davam etməsi, azarkeşlərin təkcə öz həmvətənlərinin deyil, rəqib idmançıların da ustalığını yüksək qiyəmətləndirmələri, könüllülərin daim iş başında olub atletlərə bir an belə köməklərini əsirgəməməsi, çoxsaylı turistlərin “Bakı-2015"-dən böyük zövq almaları da beynəlxalq idman dairələrində xüsusi qeyd olunur.

Bakıda, Mingəçevirdə birinci Avropa Oyunları 50 ölkənin 6000-dən çox  idmançısında, onların məşqçilərində, nümayəndə  heyətlərinin bütün üzvlərində gözəl bayram əhval-ruhiyyəsi yaratdı. Qonaqlar Azərbaycanı dərin minnətdarlıq hissi ilə, zəngin təəssüratla tərk edirlər. Onların yarış günlərində yekdilliklə bəyan  etdikləri  kimi, Oyunlar  əla, beynəlxalq standartlar səviyyəsində təşkil  olunmuş, heç nə unudulmamış, hər şey nəzərə alınmış, iştirakçılara hər cür şərait yaradılmışdı, bu təşkilatçılığı təkrar etmək gələcək Oyunların ev sahibləri üçün  çətin olacaq. Həqiqətən, Bakı çox yüksək bir hədd müəyyənləşdirmişdir və  onu üstələmək elə də asan görünmür.

“Bakı – 2015” birinci  Avropa Oyunlarının olimpiyaqabağı  ildə baş tutması  da diqqətçəkən məqamdır. Gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına  cəmi on üç ay  qalır.  Bu səbəbdən də Avropa Oyunlarını Olimpiya Oyunları istiqamətində  hazırlığın bir mərhələsi də hesab etmək olardı. Paytaxtımızda startlar  və qeydə alınan  nəticələr göstərdi ki, güləş, taekvondo, boks, gimnastika və bəzi  başqa olimpiya növləri üzrə  komandalarımızın  hazırlığı  pis  getmir, onlar Rio-2016-ya mümkün  qədər çox  lisenziya  qazanmaq  vəzifəsini  müvəffəqiyyətlə yerinə yetirə bilərlər. Olimpiadaya vəsiqəni artıq  özlərinə  təmin edən rinq  ustamız Albert Səlimov  və  çəkic tullayan Dmitri  Marşin kimi.

Olimpiya Oyunları  səviyyəsində  təşkil  edilən  Avropa  Oyunları  startlarının  keçirildiyi Bakı  Olimpiya Stadionu, Heydər  Əliyev  adına  İdman Sarayı, Milli Gimnastika Arenası, “Tofiq Bəhramov” Stadionu, Atıcılıq Mərkəzi, İdman Sarayı, İdmanın  Su Növləri Sarayı  və  digər  müasir idman kompleksləri  isə   Azərbaycan  idmanına, xalqımıza hələ çox  xidmət  edəcək, ölkəmizdə  idmanın  daha  da  inkişafına, beynəlxalq  meydanda  yeni-yeni  qələbə  və  nailiyyətlərimizə  güclü  təkan  verəcəkdir. Səmərəli  məşqlər və   yarışlarda  iştirak üçün  yaradılmış  ideal  şərait  Azərbaycan  idmançılarının  növbəti  uğurlarının  rəhnidir.

Deməli,  cəsarətlə  bu  qənaətə gəlmək olar ki, Azərbaycan 2017-ci  ildə  keçirləcək dördüncü İslam  Həmrəyliyi Oyunlarına  artıq  hazırdır  və bu yarışların iştirakçısı olacaq idmançıları daha bir möhtəşəm  bayram  gözləyir.

Artıq gələn il Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası  isə iştirakçı ölkələrin  sayına görə  Azərbaycan  idmanı  tarixində  bir növ  rekord  müəyyənləşdirəcək.  Adətən bu  olimpiadalarda təxminən  150 ölkənin  kişi  və   qadınlardan  ibarət  komandalarının  iştirak etdiyini  nəzərə  alsaq, hələ  indiyə  qədər Azərbaycanda heç bir yarış  öz  bayrağı altına bu qədər ölkə təmsilçilərini toplamamışdır.

Bu ilin sentyabr-oktyabr aylarında  Bakıda  keçiriləcək  qrossmeysterlərin Dünya kuboku turniri  isə  Ümumdünya Şahmat Olimpiadası – 2016 ərəfəsində bir növ baş  məşqə çevriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında