Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 27-də ölkəmizə yeni medallar qazandırmış idmançılarla ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə boks üzrə yarışlarda qalib gələrək 3 qızıl və bir gümüş medal qazanmış Abdulqadir Abdullayevi, Albert Səlimovu, Pərviz Bağırovu və Xaybulla Musalovu (gümüş medalçı) qələbə münasibətilə təbrik etdi.
Azərbaycan MOK-un vitse-prezidenti bildirdi ki, bu gün “Zəfər günləri” çərçivəsində sonuncu zəfər gününü qeyd edirik. Onun sözlərinə görə, idmançılarımız iyunun 27-də ölkəmizi layiqincə təmsil ediblər: 3 qızıl və 1 gümüş medal. Bunlar möhtəşəm qələbələrdir və bu böyük uğurlara görə bütün idmançılarımızı, onların məşqçilərini, eləcə də bütün idmansevərələri təbrik etdi.
Ç.Hüseynzadə qeyd etdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları ilə hər gün görüş keçirilib və qaliblər geniş ictimaiyyətə təqdim edilib. Azərbaycan idmançıları hər dəfə qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılıb, dövlət himnimiz səsləndirilib, ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini tapıb. İdmançılarımız 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanıb. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazıb.
MOK-un vitse-prezidentinin sözlərinə görə, bugünkü toplantıda birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı “Koka-Kola” şirkətinin nümayəndəsi də iştirak edir. O, bütün yarışlar müddətində göstərdiyi dəstəyə görə şirkətin nümayəndəsinə minnətdarlığını bildirdi.
Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarından sonra da Azərbaycan idmançılarının qələbələri davam edəcək. Bu Oyunlar zamanı təcrübələrini daha da artırmış idmançılarımız gələcək beynəlxalq idman tədbirlərində də yüksək nəticələr əldə edəcəklər.
“Koka-Kola” şirkətinin Türkiyə, Qafqaz və Orta Asiya bölməsinin rəhbəri Qalya Frayman Nolinas çıxış edərək birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirib Avropa tarixinə şanlı səhifələr yazmış Azərbaycanı təbrik etdi, yarışlarda uğurlar qazanmış idmançılarımıza gələcəkdə daha böyük nailiyyətlər arzuladı. Eyni zamanda, bu möhtəşəm tədbirə tərəfdaşlıq etməkdən qürur duyduqlarını bildirdi. Onun sözlərinə görə, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar birinci Avropa Oyunlarının nə qədər möhtəşəm təşkil edilməsinə heyran qalıblar. Bunu onlar böyük razılıq hissi ilə etiraf ediblər.
Sonra Çingiz Hüseynzadə və MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Əbiyev qaliblər Abdulqadir Abdullayevi, Albert Səlimovu, Pərviz Bağırovu və gümüş mükafatçı Xaybulla Musalovu təbrik edərək onlara hədiyyələr təqdim etdilər. “Sonuncu zəfər gününə “Koka-Kola” da əliboş gəlməmişdi. Şirkət adından həm qalib idmançılara, həm də MOK-a hədiyyələr təqdim edildi.
Biz də qalib idmançılarımızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq təəssüratlarını öyrəndik.
Pərviz Bağırov:
– Boks üzrə yarışlara 69 kiloqram çəki dərəcəsində qoşuldum. Final görüşündə rusiyalı boksçu Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu oldum. Ondan əvvəlki mərhələlərdə isə bütün rəqiblərimi 3:0 hesabı ilə məğlub etmişdim. Bunlar Moldova idmançısı Vasili Belous, Almaniya təmsilçisi Abas Baraoun və Böyük Britaniya boksçusu Yoş Kellindir. Allaha şükürlər edirəm ki, gərgin keçən döyüşlər nəticəsində bütün rəqiblərimi mübarizədən kənarlaşdıraraq Azərbaycana qızıl medal qazandırdım.
Final görüşünü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvlərinin izlədiyini görəndə elə bildim ki, qollarıma güc gəldi. Bundan sonra qələbə əzmim daha da yüksəldi.
Qeyd edək ki, Pərviz Bağırov gənclər arasında Avropa çempionudur. İdman karyerasına 2007-ci ildə başlayıb, ilk böyük uğurunu 2011-ci ildə əldə edib. O, Dublində keçirilən gənclər araşında Avropa çempionatının qalibi olub. İdmançımızın ən böyük arzusu Olimpiya Oyunlarının çempionu olmaqdır. “Neftçi” klubunun üzvü olan P.Bağırovun məşqçisi Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovdur.
Abdulqadir Abdullayev:
– Bütün Oyunlar müddətində valideynlərimin və azarkeşlərimin güclü dəstəyini hiss etdim. Ona görə də bu qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar məndən məhz bu nəticəni gözləyirdilər, özü də böyük səbirsizliklə.
Finalda rəqibim erməni boksçusu olmalı idi. Onunla qarşı-qarşıya gəlməyi çox arzu edirdim. Lakin sonda bildim ki, Ukraynanı təmsil edən erməni əsilli Gevorq Manukyan sağlamlığında problem yarandığına görə döyüşə çıxmaqdan imtina edib. Onunla görüşə yalnız qələbə əzmi ilə qoşulacaqdım. Beləliklə, 91 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.
Qələbə sevincimi Azərbaycan xalqı ilə bölüşdüyüm üçün çox xoşbəxtəm. Çünki azarkeşlər məni çox yaxşı dəstəklədilər. Hazırda gələcək planlarımla bağlı konkret fikir söyləyə bilmərəm. Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra isə dünya çempionatına hazırlaşmaq lazım gələcək.
Albert Səlimov:
– Boks yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə apardım. Səkkizdəbir finalda Gürcüstan idmançısı Otar Eranosyanı, dörddəbir finalda bolqarıstanlı Elian Dimitrovu, yarımfinalda isə irlandiyalı Şon Makkombu mübarizədən kənarlaşdırdım. Gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazandım.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin final qarşılaşmasında görüşümü izlədiyini biləndə əhvalım daha da yüksəldi və qələbə əzmi ilə döyüşmək üçün içimdə yeni ruh yarandı. Nəhayət, qalib gəldim və qızıl medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Bundan sonra Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı ucaldıldı.
Qeyd edək ki, 29 yaşlı Albert Səlimov idman karyerasına 1999-cu ildə başlayıb. O, “Baku Fires” klubunun heyətində dünya üzrə silsilə boks yarışlarının iştirakçısı olub. Məqsədi Olimpiya Oyunlarının çempionu olmaqdır. Şəxsi məşqçisi Nuripaşa Talıbovdur.
Xaybulla Musalov:
– Yarışlara 75 kiloqram çəki dərəcəsində qatıldım. Finalda irlandiyalı Maykl O-Reylli ilə qarşılaşdım. Əslində rəqibim də qeyri-adi bir güc nümayiş etdirmədi. Bərabər səviyyəli döyüş oldu. Həmin görüşdə gözləmədiyim halda məğlubiyyətə uğradım və yarışı ikinci pillədə, gümüş medalla başa vurdum. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi.
Əlbəttə, qazandığım nəticədən razı deyiləm. Məqsədim qızıl medal qazanmaq idi. Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də böyük uğur deyil. Təsəllim ondadır ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orada yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacağam”.
Paşa ƏMİRCANOV,
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.