İDMAN

Üç bürünc medal və hərəyə 40 reytinq xalı
Bakı İdman Sarayında başa çatmış qadınlar arasında cüdo üzrə Dünya kuboku yarışında tatami ustalarımızdan yalnız Kifayət Qasımova fəxri kürsüyə yüksələ bilmişdir. O, 57 kq çəki dərəcəsində üçüncü yeri tutmuş və bürünc medala sahib olmuşdur. Kifayət bu müvəffəqiyyəti sayəsində həm də 40 reytinq xalı qazanmışdır.
Yığmamız komanda hesabında doqquzuncu olmuşdur. İlk üç yeri Ukrayna (2 qızıl, 1 gümüş, 4 bürünc medal), Türkiyə (2 qızıl, 3 bürünc mükafat) və İsrail (1 qızıl, 2 gümüş medal) komandaları tutmuşlar.
Elə həmin günlərdə Minskdə keçirilən kişilərin Dünya kuboku turnirində isə iki təmsilçimizə bürünc medal təqdim olunmuşdur. Belarus paytaxtında İlqar Muşkiyev (60 kq) və Rüstəm Alimli (81 kq) fərqlənmişlər. Onlar da hərəyə 40 reytinq xalı qazanmışlar.
Daha iki cüdoçumuz Tərlan Kərimov və Elmar Qasımov isə müvafiq surətdə 66 və 100 kq çəki dərəcələrində beşinci yeri tutmuşlar. Onların bu nəticəsi 20 reytinq xalı ilə qiymətləndirilmişdir.
Minsk turnirində ümumi hesabda Rusiya cüdoçuları qalib gəlmişlər. Belarus yığması ikinci, Latviya kollektivi üçüncü olmuşdur. Azərbaycan komandası səkkizinci yeri tutmuşdur.

{nl}

"Azərreyl"in xeyrinə 3:0
Bakının "Azərreyl" klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc" kuboku turnirinə rəqib meydanında inamlı qələbə ilə başlamışdır. Azərbaycan voleybolçuları Maltada yerli "Paola" komandası ilə görüşdə elə bir çətinliklə üzləşməmişlər.
Bunu "Azərreyl"in xeyrinə qeydə alınmış 3:0 hesabı da təsdiq edir. Bakılılar hər üç hissədə rəqiblərindən açıq-aşkar üstün olmuşlar (25:7, 25:6, 25:10).

{nl}

Qaliblər lider oldular
Şənbə günü futbol üzrə Avropa çempionatının seçmə yarışlarında ikinci turun son iki oyunu olmuşdur. "D" qrupunda çıxış edən Fransa yığması Rumıniya komandasına 2:0 hesabı ilə qalib gələrək 6 xalla turnir cədvəlində birinci pilləyə yüksəlmişdir. Qrupda ikinci-üçüncü yerləri tutan Albaniya və Belarus liderdən 1 xal geri qalırlar.
Digər görüş isə "F" qrupunda keçirilmişdir. İsrail futbolçuları öz meydanlarında Xorvatiya komandasına uduzmuşlar - 1:2. Xorvatlar da bu qələbə sayəsində turnir cədvəlində ən yüksək mövqeyə çıxmışlar - 7 xal. Sonrakı iki yeri tutan Gürcüstanla Yunanıstanın 5 xalı var.

{nl}

Bilbaoda Kramnik irəlidədir
İspaniyanın Bilbao şəhərində dörd qrossmeysterin iştirakı ilə keçirilən "Böyük dəbilqə" şahmat yarışlarının final mərhələsində iki turdan sonra turnir cədvəlinə 6 xala malik Vladimir Kramnik (Rusiya) başçılıq edir. İkinci turda lider ispaniyalı Aleksey Şirova qalib gəlmişdir.
İkinci yeri norveçli Maqnus Karlseni məğlubiyyətə uğradan hindistanlı Vişvanatan Anand tutur. Onun 4 xalı var. Şirov cəmi 1 xal qazanmış, Karlsen isə hər iki oyunda uduzmuşdur.
Qeyd edək ki, bu turnirdə qələbəyə görə 3, heç-heçəyə isə 1 xal verilir. İki dövrədən ibarət yarışda üçüncü turun görüşləri dünən keçirilmişdir.

{nl}

Braziliya dünya çempionudur
İtaliyada kişilərdən ibarət komandalar arasında voleybol üzrə dünya çempionatı Braziliya yığmasının qələbəsi ilə başa çatmışdır. Çempionlar bazar günü Romada keçirilmiş həlledici final görüşündə Kuba komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında