“Azərbaycan komandasının qələbəsi naminə verdiyimiz töhfələrlə fəxr edirik”

I Avropa Oyunlarının son yarış günlərinin keçirilməsinə baxmayaraq, yüksək ruh, böyük mübarizə əzmi davam edir. Tamaşaçı auditoriyası daha da genişlənir, azarkeş dəstəyi səngimək bilmir. Azərbaycan komandası qələbələrinin sayını getdikcə artırır, idmançılarımızın əzmkarlığı sayəsində güclü mövqeyini qoruyub saxlayır.

Son yarış günlərində komandamıza qızıl medal sevinci yaşadan Teymur Məmmədov, I Avropa Oyunlarının boks üzrə hakimi Fuad Aslanov, qılıncoynatma üzrə gümüş və bürünc medal sahiblərimiz Bünyatova bacıları, eləcə də Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovla görüşüb, Oyunlar barədə fikirlərini öyrəndik. Onların hər biri Azərbaycan komandasınının qələbəsi naminə verdikləri töhfələrlə fəxr etdiklərini dedilər.

Teymur Məmmədov, I Avropa Oyunlarının qalibi:

– Yarışlar bizim üçün çox ciddi sınaq idi. Komandamızın nəticələri ilə fəxr edə bilərik. Mən burada ancaq qızıl medal uğrunda döyüşürdüm. Çox güclü azarkeş dəstəyi var idi. Xalqımız bizdən qələbələr gözləyirdi. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim. Qızıl medal qazandığım üçün çox sevinirəm. Fəxr edirəm ki, məni Prezident İlham Əliyev mükafatlandırdı. Dəstəyə görə cənab Prezidentə minnətdarlığımı bildirirəm.

Məqsədim bundan sonra da zirvəyə doğru hərəkət etməkdir. Qarşıdakı yarışlarda da yüksək nəticələr uğrunda mübarizə aparacağam. Hazırda dünya çempionatında uğurla çıxış edib Rio Olimpiadasına lisenziya qazanmağı düşünürəm.

Fuad Aslanov, Afina-2004-ün bürünc mükafatçısı, I Avropa Oyunlarının boks yarışlarının hakimi:

– Komandamız yarışlara ciddi hazırlaşmışdı. Bildiyiniz kimi, tam heyətlə çıxış etdik. Boksçularımız I Avropa Oyunlarında tarix yazdılar. 6 qızıl medal çox gözəl nəticədir. Boksçularımızın döyüşlərini təhlil edərkən belə qənaətə gəldik ki, onların hazırlığı çox yüksəkdir. Kubalı yeni baş məşqçinin yığmamızdakı işini bir təcrübəli boksçu, hakim, Əməkdar idman ustası kimi yüksək qiymətləndirirəm. Boksçularımızın çıxışını diqqətlə izlədim. Onlar birinci raundda necə döyüşürdülərsə, sonrakı raundlarda da görüşü o cür davam etdirirdilər. Yəni yorulmurdular, sərbəst idilər. Bu, o demək idi ki, məşqçilər idmançılarla çox böyük iş aparmışdılar. I Avropa Oyunları Azərbaycan komandası üçün uğurla başa çatır. Bu nailiyyətlərin əldə edilməsində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, federasiyaların zəhmətini xüsusi qeyd etmək istəyirəm. Ölkəmizdə belə bir möhtəşəm idman tədbiri Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində yüksək səviyyədə keçirilir. Mən hamını bu böyük qələbə münasibətilə təbrik edirəm.

Yaşar Məmmədov, Qılıncoynatma Federasiyasının vitse-prezidenti:

– Azərbaycan möhtəşəm bir idman tədbirinə - Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyini uğurla başa vurmağa hazırlaşır. Qazanılan nəticələr göz qabağındadır. Olimpiya Oyunları səviyyəsində keçirilən ilk Avropa Oyunları ilə fəxr edə bilərik. İdmançılarımız qüdrətli bir ölkənin - Azərbaycanın təmsilçiləri yüksək nailiyyətləri ilə dünyaya  səs saldılar. Ötən dövr ərzində ölkəmizdə bütün idman növlərinin inkişafı sahəsində görülən işlər, həyata keçirilən tədbirlər bəhrəsini verdi. Artıq ölkəmiz üçün o qədər də inkişaf etmiş sayılmayan idman növlərində belə parlaq nəticələr əldə edildi. Bu mənada qılıncoynadanlarımızın idman tarixinə töhfəsini xüsusi qeyd etmək istəyirəm. Komandamızın üzvü Səbinə Mikina 5 qələbədən sonra Rusiya idmançısı ilə görüşdə inamlı təsir bağışlasa da (6:2, 10:4, 11:7) sonda mübarizəsi alınmadı və məğlub oldu (15:13). Onu demək istəyirəm ki, onun medal imkanları böyük idi. Sevil və Sevinc Bünyatova bacılarının görüşləri də çox gərgin keçdi. Düzdür, burada rahat qələbəyə heç kim ümid edə bilməzdi. Yarışda güclü rəqabət var idi. Sevinc 8 qələbədən sonra Polşa idmançısına kiçik fərqlə - 13:15 hesabı ilə məğlub oldu. Sevil isə finalda çox gözəl ustalıq nümayiş etdirdi. Üstünlük onun tərəfində olduğu halda hakimlərin səhvi ucbatından qızıl medaldan məhrum oldu. Əslində, gümüş medal da pis nəticə deyil. Qarşıdakı yarışlarda qılıncoynadanlarımız daha inamla çıxış etməlidirlər.

Sevil Bünyatova, I Avropa Oyunlarının gümüş medalçısı:

– Finala qədər irəlilədiyim üçün çox sevinirdim. Finalda Polşa idmançısı ilə görüşdüm. Düşünürdüm, qızıl medal qazanıb azarkeşlərimi sevindirəcəyəm. Hakimlər sonda 14:15 hesabla qələbəni rəqibimə verdilər. Təəssüf ki, gümüş medalla kifayətləndim. Amma medalsız qalmadığıma görə sevinirəm. Azərbaycan komandasının aktivinə gümüş medal yazdırdım. Komandamızın Oyunların liderlərindən biri olması bizi hədsiz sevindirir.

Sevinc Bünyatova, I Avropa Oyunlarının bürünc medalçısı:

– I Avropa Oyunları Azərbaycan idmançıları üçün ciddi sınaq idi. Oyunların ev sahibi kimi dünyanın diqqət mərkəzində idik. Medal qazanmaq istəyimiz çox güclü idi, hələ azarkeş dəstəyini demirəm. Burada necə medal qazanmamaq olardı. Əlbəttə, bir qədər də nəticələrimizi yaxşılaşdıra bilərdik. Onu da qeyd edim ki, yarışlara böyük məsuliyyətlə hazırlaşmışdıq. Sevinirəm ki, ümidləri doğrultduq.

Hazırladı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında