Hər gün bir tarix, hər gün bir zəfər

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 26-da medallar qazanmış Azərbaycan idmançıları ilə ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə boks üzrə yarışlarında qalib gələrək ölkəmizə 3 qızıl medal qazandırmış Teymur Məmmədov, Kollazo Sotomayor və Elvin Məmişzadəni, eləcə də gümüş medalçı Səbinə Abdullayevanı və bürüc medal sahibi Zakir Mislimovu qələbə münasibətilə təbrik etdi.

Azərbaycan MOK-un vitse-prezidenti əvvəlcə bildirdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları hər gün geniş ictimaiyyətə təqdim edilir. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, dövlət himni səsləndirilir, ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini tapır. Artıq Oyunlar başa çatmaq üzrə olsa da, hər gün zəfərlərimiz olur. Paralimpiya yarışlarında qəhrəmanımız, ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu, cüdoçumuz İlham Zəkiyev yenidən öz məharətini göstərdi, qızıl medal qazandı. Onun medalını cənab Prezident İlham Əliyev şəxsən təqdim etdi. İlham Zəkiyev həm də Qarabağ uğrunda döyüşlərin qəhrəmanıdır, gözlərinin nurunu da həmin döyüşlərdə itirib. O, hərtərəfli qəhrəmandır – həm həyatda, həm də idmanda. İndiyədək idmançılarımız 18-i qızıl olmaqla, ümumilikdə 52 medal qazanıblar. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır. 

Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarının bağlanış gününə qədər Azərbaycan idmançılarının uğurları davam edəcək. MOK-un vitse-prezidenti qarşıdakı günlərdə mübarizəyə qoşulacaq idmançılarımıza yeni-yeni zəfərlər arzuladı. Onun sözlərinə görə, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını etiraf edir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Eyni zamanda, bütün işlərin bu qədər zövqlə təşkilində Prezident İlham Əliyevin və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusilə qeyd edirlər. Hamı Azərbaycana, Bakıya heyran olduğunu bildirir. İyunun 28-də birinci Avropa Oyunlarının bağlanışı da, yəqin ki, sürprizlərlə dolu olacaq və yenə hər kəsi heyran qoyacaq. 

Sonra Çingiz Hüseynzadə, Olimpiya çempionlarımız Elnur Məmmədli və Lyudmila Şubina qalib idmançılarımızı təbrik edərək onlara hədiyyələr təqdim etdilər. İdmançılar “Fəxri olimpiyaçılar” lövhəsinə öz imzalarını atdılar. Fürsətdən istifadə edərək biz də qalib idmançılarmızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq təəssüratlarını öyrəndik.

İlham Zəkiyev:

– Birinci Avropa Oyunlarının çox məsuliyyətli bir yarış olacağını əvvəlcədən özüm üçün yəqin etmişdim və yarışlara çox ciddi hazırlaşmışdım. Uzun müddət Olimpiya yığması ilə birgə hazırlıq keçdim. Müəyyən zədələr olsa da, Allaha şükür ki, mənə bu yarışda ölkəmizi layiqincə təmsil etməyə mane olmadı. Bilirdim ki, Azərbaycan xalqı məndən məhz qızıl medal gözləyir.

Final döyüşündəki rəqibimlə iki il əvvəl Avropa çempionatında komanda yarışında qarşılaşmışdım. Hesab 2:2 olanda onunla üz-üzə gəldim və onu məğlub edərək komandamıza qələbə qazandırdım. 90 kiloqramdan artıq çəki dərəcəsində mübarizə apararaq finalda ukraynalı Aleksandr Pominovu məğlub etdim.

Çox xoşbəxtəm ki, final görüşümü Azərbaycan Prezidenti İlham Əliyev də tribunadan canlı izlədi. Mükafatlandırma mərasimində də ölkə başçısı şəxsən iştirak etdi və qızıl medalı mənə təqdim etdi. Bundan sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalandı. Bu anı yaşamaq çox qürürverici idi.

Mən gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda, döyüş tapşırığını yerinə yetirərkən itirmişəm. Hər dəfə məndən harada yaralandığımı soruşanda fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik.

Elvin Məmişzadə:

– Yarışlar heç də asan olmadı. Təbiidir ki, hər cür vəziyyətlə qarşılaşmalı oluruq. Qələbə qazanmaq asan iş deyil. Biz də qələbələrimizi çətinliklərdən keçərək qazana bildik. Özümün 23 yaşım olsa da, məndən 8 yaş böyük italiyalı boksçu Vinçenzo Pikkardi üzərində qələbə qazandım. Rəqibim Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı idi və əlbəttə, asanlıqla məğlub olmadı.

Medalımı cənab Prezident İlham Əliyev şəxsən təqdim edəndə və “layiqli qələbəyə görə təbrik edirəm”, - deyəndə sevincimin həddi-hüdudu yox idi. Sanki qalib gəldiyimi onda hiss etdim. Çox yaddaqalan bir an oldu.

Bu gərgin yarışlardan sonra yəqin ki, bir qədər dincəlmək imkanımız olacaq. Sonra oktyabr ayında Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşmalıyıq. Rio-de-Janeyro Olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır.

Kollazo Sotomayor:

– Finala qədər yarışdığım 4 rəqibim üzərində böyük hesabla qələbə çaldım. Həlledici görüşdə isə “London-2012"-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qarşılaşdım. Onu da 3-0 hesabı ilə məğlub etdim. Bununla da təmsil etdiyim Azərbaycan komandasına daha bir qızıl medal qazandırdım. Bundan böyük nə sevinc ola bilər?!

Səbinə Abdullayeva:

–  Paralimpiyaçı cüdoçular arasında 57 kiloqram çəki dərəcəsində mübarizə apardım. İspaniyalı Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Natalya Nikolayçuku məğlub edərək finala yüksəldim. Finalda isə, təbii ki, qızıl medal uğrunda döyüşə atılmışdım. Bu dəfə başqa bir Ukrayna təmsilçisi İnna Çernyakla qaşdılaşdım. Lakin oyunum alınmadı və məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli oldum.

Zakir Mislimov:

– Birinci Avropa Oyunlarını Azərbaycanın, eləcə də Avropanın tarixində böyük hadisə hesab edirəm. Oyunlara çox yüksək səviyyədə hazırlıq görülüb. Oyunların təşkili ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub. Mən də istərdim ki, iştirak etdiyim idman növü üzrə qızı medal qazanım və bunun üçün əlimdən gələni etdim. Ancaq bürünc medal qazana bildim. Gələcəkdə daha fəal olmağa və azarkeşlərimin ümidlərini doğrultmağa çalışacağım.

Paşa ƏMİRCANOV,

Əfsanə BAYPAMQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında