“I Avropa Oyunları yaddaşlarda silinməz izlər buraxacaq”

Dünyaya səs salan I Avropa Oyunları başa çatmaq üzrədir. Avropa ölkələrinin atletləri adlarını tarixə yazmaq üçün ötən günlər ərzində bütün səylərini topladılar. Yarışlar yüksək mübarizə şəraitində keçdi. Oyunlar dövründə Azərbaycanda yüksək inkişafın, sülh, əmin-amanlıq, səmimiyyət və dostluğun şahidi olan “köhnə  qitə” təmsilçiləri paytaxt Bakıdan xoş təəssüratla ayrılırlar. Söhbətləşdiyimiz hər bir idmançı, komanda rəsmisi, media nümayəndəsi Oyunların yaddaşlarda dərin izlər buraxacağını söylədi.

İvitsa Mateyeviç (Serbiya), Avropa Atletika Assosiasiyasının texniki nümayəndəsi:

– Son illər Bakıda bir neçə dəfə olmuşam. Etiraf edim ki, ölkənizin hərtərəfli və sürətlə inkişafı hər an özünü hiss etdirir. Artıq ilk Avropa Oyunları başa çatmaq üzrədir. Azərbaycanın bu tarixi Oyunlara yüksək səviyyədə ev sahibliyi göz qabağındadır. Ölkəniz belə mötəbər tədbirləri yüksək səviyyədə təşkil etməkdə zəngin təcrübəyə malik olduğunu bir daha nümayiş etdirdi. Əminəm, I Avropa Oyunları yaddaşlarda silinməz izlər buraxacaq.

Komandamız da Oyunlara ciddi hazırlaşmışdı. Müəyyən idman növlərində yaxşı nəticələr əldə etmişik. Serbiyada kollektiv idman növləri bir qədər yaxşı inkişaf edib. Bilirsiniz ki, Serbya balaca ölkədir. Həm də o qədər varlı deyil. Bacardıqca idmanı inkişaf etdirməyə çalışırıq.

Vladimir İvanov, Rusiya, media nümayəndəsi:

– İlk Avropa Oyunları çox gözəl şəraitdə və yüksək səviyyədə keçirilir. Burada idmançı, məşqçi, qonaqlarla yanaşı, medianın fəaliyyəti üçün də hər bir şərait yaradılıb. Oyunların təşkili ilə bağlı hər bir şey xırda detala qədər nəzərə alınıb. Oyunlarda yüksək rəqabət yarışı son dərəcə maraqlı etdi. Burada dünya reytinqində yüksək yer tutan idmançılar çox idi. Düşünürəm, yüksək səviyyəli idman mübarizəsi hər kəsə zövq verdi.  Könüllülərin işi çox gözəl qurulub. Yarışların keçirildiyi arenalar müasir üslubda, gözəl və rahatdır. Bakı gözəlliyi ilə insanı valeh edir. İlk dəfədir paytaxtınızdayam. Buraya gələn kimi əvvəl İçərişəhərlə tanış oldum. Qız qalası və digər yerlərə baş çəkdim. Təəssüratlar unudulmazdır...

Boqdan Bondarenko, Ukrayna komandasının üzvü, hündürlüyə tullanma üzrə dünya və Avropa çempionu:

– Bakıya qədəm qoyduğumuz andan isti münasibət hiss etdik. Avropa Oyunlarının iştirakçıları, qonaqlar çox gözəl qarşılandı, onlar üçün hər bir şərait yaradıldı.  İlk Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili üçün lazım olan bütün işlər görülmüşdü. Oyunların təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm. Arzu edirəm, növbəti oyunlar da bu qədər yüksək səviyyədə keçirilsin.

Yarışların səviyyəsi yüksək idi. Oyunlarda titullu idmançılar iştirak edirdilər. Gərgin mübarizə şəraitində keçən Avropa Oyunları dünyada böyük əks-səda verdi. Azarkeş dəstəyini xüsusi qeyd etmək istəyirəm.

Onu da deyim ki, ilk dəfə idi paytaxtınızda olurdum. Bakı əsrarəngiz gözəlliyi ilə iştirakçı və qonaqlara xoş ovqat bəxş etdi.

Andrey Mıslikov, atletika üzrə Moldova  komandasının üzvü:

– Azərbaycanda ilk dəfədir oluram. Şokdayam. Mən ölkənizin bu qədər inkişaf etdiyini bilmirdim. Bakının idman infrastrukturu müasir üslubdadır və dünya standartlarına cavab verir. Ölkənizdə idmana çox böyük qayğı var. Bu sahə yüksək səviyyədə inkişaf edib. Moldova kiçik ölkədir. İmkanlarımız bu qədər geniş deyil.

Azərbaycanlılar çox səmimi və qonaqpərvərdirlər. Oyunlar dövründə hərtərəfli qayğı ilə əhatə olunduq. İnanıram ki, hamı bu Oyunlardan zövq aldı. Azərbaycana bu qədər gözəl və yüksək səviyyəli yarışlar üçün “Çox sağ ol!”– deyirik.

Viktor Bondarenko, ukraynalı məşqçi:

– Avropa Oyunları ilk dəfə keçirilir. Həmişə ilkə imza atmaq bir qədər çətin olur. Belə addım həm də cəsarət tələb edir. Azərbaycan bu Oyunları gözləniləndən də yüksək səviyyədə təşkil etdi. Deyərdim ki, Olimpiya Oyunları səviyyəsində. Biz idman mütəxəssisləri Avropa Oyunlarının bu cür möhtəşəm keçməsindən məmnunuq. Tamaşaçı auditoriyası, azarkeş dəstəyi idmançılara əlavə stimul verdi. Bu yarışlarda nəticələrimiz  bir az da yaxşı ola bilərdi. Amma nə etmək olar. Bu idmandır.

Bakıda 1985-ci ildə olmuşdum. Düzü, bu qədər gözəllik, bu qədər müasirlik gözləmirdim. Belə bir idman bayramına görə Azərbaycana minnətdarıq.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında