Dəri əlcək ustalarımız daha iki qızıl medal qazanıblar

Boksçularımız Azərbaycanın birinci Avropa Oyunlarında qazandığı qızıl medallarının sayını 17-yə çatdırıblar.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc boksçumuz Elvin Məmişzadə finalda italiyalı Vincenzo Pikardini 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara slovakiyalı Vilyam Tanko və almaniyalı Hamza Touba layiq görülüblər.

Digər çəkidə -  64 kiloqramda mübarizə aparan Azərbaycan təmsilçisi Kollazo Sotomayor gərgin keçən final qarşılaşmasında Olimpiya Oyunlarının bürünc mükafatçısı italiyalı Vinçenzo Manyakapreni 3:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin çəki dərəcəsində bürünc medallar almaniyalı Kastriot Sopaya və ukraynalı Viktor Petrova nəsib olub.

Günün ilk yarısında rinqə əvvəlcə Azərbaycanın qadın boksçusu Yana Alekseyevna (57-60 kq) çıxıb. O, finala gedən yolda “Bakı-2015"-in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə gərgin keçən görüşdə 1:2 hesabı ilə məğlub olaraq Avropa Oyunlarında bürünc medalla kifayətlənib.

Kişilərin mübarizəsində Albert Səlimov (60 kq) yarımfinalda İrlandiya idmançısı Sin Makkombu mübarizədən kənarlaşdıraraq finala çıxıb. Görüş 3:0 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. O, finalda fransalı Sofian Umia ilə qarşılaşacaq.

Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) Böyük Britaniya idmançısı Yoş Kelliyə qalib gələrək finala adlayıb. Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq.

Boksçularımızın qələbə seriyasını 75 kiloqram çəki dərəcəsində çıxış edən Xaybulla Musalov davam etdirib. Bu dəfə Avropa çempionatının mükafatçısı macarıstanlı Zoltan Harcsa boksçumuzun zərbələri qarşısında aciz qalıb. 2:1 hesablı qələbə idmançımızın finala gedən yolunu açıb. Bu mərhələdə o, gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə üz-üzə gələcək.

Yarışda 91 kiloqramda çıxış edən Abdulqadir Abdullayev Rusiya təmsilçisi  Sadam Maqomedovu mübarizədən kənarlaşdıraraq (3:0) final görüşünə vəsiqə qazanıb. Qızıl medal uğrunda döyüşdə idmançımız ukraynalı Gevorq Manukyan ilə görüşəcək.

Gün ərzində keçirilən digər final qarşılaşmalarında rusiyalılar Yelena Saveleva, Anastasiya Belyakova və Böyük Britaniya idmançısı Coy Coys qələbə qazanaraq birinci Avropa Oyunlarının qızıl medallarını qazanıblar.

Azərbaycanın kişi boksçularından Tayfur Əliyev və Məhəmmədrəsul Məcidov birinci Avropa Oyunlarının bürünc medallarına layiq görülüblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında