Medallara həlledici hücüm

“Bakı-2015" birinci Avropa Oyunlarının 14-cü yarış günü olan iyunun 25-dək medal qazanmış ölkələrin siyahısında liderlik edən beş komandanın rəqabətində elə bir dəyişiklik olmamışdır. Ümumkomanda hesabında qələbəsini çoxdan bayram etməyə hazır olan Rusiyadan (51 qızıl, 31 gümüş, 27 bürünc medal) sonrakı dörd yerdə əvvəlkitək Azərbaycan (14+11+15), Almaniya (13+12+15), Böyük Britaniya (12+4+10) və Belarus (10+9+22) qərar tutmuşdur.

Ölkəmizə növbəti, 40-cı mükafatı yarımfinalda gərgin mübarizədən sonra rusiyalı Baxtovar Nazirova uduzan boksçu Tayfur Əliyev (56 kq) qazandırmışdır. Onun bürünc medalından sonra Azərbaycan yığma komandasının mükafatlarının sayı 40-a çatmışdır.

Almaniya da öz növbəsində Azərbaycana bir qədər də yaxınlaşmışdır. Bu ölkə 13-cü qızıl medalını hovuzda “tapmışdır”. Qadınların batterflyay üsulu  ilə 200 metr məsafəyə üzgüçülük yarışlarında finişə birinci çatan Yuliya Mrozinskinin müvəffəqiyyətindən sonra almanlar Azərbaycanla öz aralarında olan “qızıl” fərqini minimuma endirmişlər.

Ümumiyyətlə, dünən səhər növbəti yarış gününün iştirakçıları mübarizə meydanına dəvət olunanadək 40 ölkə medal qazanmışdı,  qızıl mükafatlara isə 25 dövlətin idmançıları sevinmişdilər.

Dünənki yarışlardan sonra medalçı ölkələrin nəticələrində ciddi dəyişikliklər gözləmək olardı. Rinq ustalarının turnirində mübarizəyə qoşulan on beş kişi və qadın boksçumuzdan 11-nin yarımfinala çıxması, şübhəsiz, böyük müvəffəqiyyətdir. Yarımfinalçılarımızdan ikisinin, yuxarıda xatırlatdığımız Tayfur Əliyevlə zədə ilə əlaqədar finalın astanasında həkimlərin rinqə çıxmağa icazə vermədiyi Məhəmmədrəsul Məcidov bürünc mükafatlarla kifayətlənməli olmuşlar. Əvəzində qalan doqquz boksçumuz “Kristal Zal”da yoluna davam edir. Onlardan birinci olaraq finalın qapısını yarımfinalda rusiyalı rəqibinə qalib gələn Teymur Məmmədov (81 kq) açdı.

Basketbol komandalarımızın (3x3) qrup  yarışlarında çıxışları uğurlu olmuşdur. Kişilərdən ibarət heyət Çexiya və İsveçrə ilə görüşlərdə qələbələrdən sonra Andorra yığmasını da məğlubiyyətə uğradaraq (20:14) qrupda birinci yeri tutmuşdur. Azərbaycan komandası dünən axşam səkkizdəbir final matçında İsrail idmançıları ilə qarşılaşmışdır.

İlkin turnirdə iki qələbə və bir məğlubiyyətlə qrupda ikinci olan qadın basketbolçularımız da səkkizdəbir finala çıxmışlar. Onlar da bu mərhələnin oyununu dünən axşam keçirmişlər. Rəqib isə Litva yığması olmuşdur.

Basketbolçulardan fərqli olaraq, çimərlik futbolu komandası startda uğursuzluğa məruz qalmışdır. Azərbaycan idmançıları ilk oyunda ukraynalı rəqiblərinə 1:3 hesabı ilə uduzaraq növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə işlərini çətinə salmışlar. Qrupun digər görüşündə Portuqaliya komandası İsveçrə yığmasını məğlubiyyətə uğratmışdır (6:5). İsevçrə ilə dünənki görüşdə yarış sahibləri yalnız qələbə təqdirində növbəti mərhələyə çıxmaq imkanını özlərində saxlaya bilərdilər.

Dünən cüdoçular da medallar uğrunda mübarizəyə başlamışlar. Bu növdə mükafatlara inamımız çoxdur və güman etmək olar ki, tatami ustaları pərəstişkarlarının ümidlərini doğruldacaqlar.

Bu gün isə Avropa Oyunları çərçivəsində cüdoçuların paralimpiya turnirinə start veriləcəkdir. Püşk nəticəsində Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev (90 kq-dan yuxarı çəki dərəcəsi) mübarizəyə yarımfinaldan başlayacaq.

Digər Azərbaycan atleti Zakir Müslümov starta dörddəbir finaldan çıxacaq. Bu mərhələdə cüdoçumuzu Ukrayna idmançısı Aleksandr Pominov ilə görüş gözləyir.

Daha bir təmsilçimiz Səbinə Abdullayeva (57 kq) isə qadınların yarışında mübarizə aparacaq. O da ilk görüşü dörddəbir finalda keçirəcək və ispaniyalı Mariya Merensianoya qalib gəlməyə çalışacaq.

Elvin Məmişzadə finalda!

Boksçularımızın dünənki yarımfinal görüşləri Anna Əlimərdənovanın (54 kq) rusiyalı Yelena Savelyeva ilə görüşdə məğlubiyyəti ilə başlandı. Təmsilçimiz finalın astanasında uduzsa da, hər halda, nümayəndə heyətimizə bürünc mükafat qazandırmağı bacardı. Bu, Azərbaycan yığmasının Oyunlarda artıq 41-ci medalıdır.

Elvin Məmişzadə isə daha uzağa getdi. O, almaniyalı Qamza Tuba ilə gərgin görüşdə rəqibini rinqdən məğlubiyyətlə yola salaraq finala çıxması münasibətilə təbrikləri qəbul etməyə başladı. Ancaq artıq gümüş medalı özünə təmin edən  Elvin bundan da böyük uğur qazanıb ilk Avropa Oyunlarının çempionu da ola bilər. Ona finalda da qələbə arzulayaq.

Daha bir boksçumuz “qızıl” döyüşünə çıxacaq

Elvin Məmişzadənin uğurundan təxminən bir saat sonra daha bir boksçumuz 64 kq çəki dərəcəsində çıxış edən Lorenso Sotomayorun qələbəsinə sevindik. O, ukraynalı Viktor Petrov ilə yarımfınal görüşündə rəqibinə heç bir ümid yeri qoymadı.

Hər üç raundda Petrovdan üstün döyüş nümayiş ew2tdirən Sotomayor adını Oyunların finalçılarının siyahısına yazdırdı. İndi o da qızıl medalın bir addımlığındadır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında