Bütün dünyanın gözü Azərbaycana dikilib. İlk Avropa Oyunlarının tarixə qovuşmasına cəmi 3 gün qaldı. Oyunların təşkilatçılıq səviyyəsi, komandamızın böyük nailiyyətləri dünya mediasının gündəmini zəbt edib.
Olimpiya çempionlarımız Nazim Hüseynov, Zemfira Meftahetdinova, yarışlarda medal qazanmış idmançılarımız bu möhtəşəm tədbirlə bağlı fikirlərini bölüşərkən hər bir azərbaycanlının belə bir irimiqyaslı yarışa uğurlu ev sahibliyimizlə, əldə etdiyimiz qələbələrlə qürur duyduğunu dedilər.
Nazim Hüseynov, Olimpiya çempionu:
– I Avropa Oyunları dünya tarixinin qızıl səhifələrindən birinə çevrilməkdədir. Artıq 3 gündən sonra doğma Bakı avropalılara bu gözəl bayramın xeyir-duasını verəcək. Birinci Avropa Oyunlarından başlayaraq 4 ildən bir Avropa Olimpiya Komitəsinin rəhbərliyi altında bu irimiqyaslı yarışları keçirəcək ölkə oyunların Vətəni Azərbaycanın müəyyən etdiyi standartlardan bəhrələnəcək. Çalışacaq ki, dünyanın ən qədim od məbədi “Atəşgah”dan götürülmüş məşəl əsrlər boyu Oyunların yolunu işıqlandırsın.
Ölkəmizin bu cür tədbiri belə yüksək səviyyədə keçirməsi, idmançılarımızın əldə etdiyi nailiyyətlər qəlbimizi fərəh hissi ilə doldurur.
Mənim idman karyeram Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edirdi. O zaman idmançılarımız böyük çətinlik və mərhumiyyətlərlə üzləşirdilər. Ölkəmizdə kiçik bir beynəlxalq tədbiri belə keçirməyə heç bir imkan yox idi. Üstəlik də, belə tədbirləri təhlükəsizliyi bəhanə edib, Azərbaycanda keçirməyə qoymurdular. Yoxsulluq və qarışıqlıq xalqımızı boğaza yığmışdı. Biz idmançılar digər ölkələrdə inkişafı, idmançılara göstərilən qayğını görəndə çox pis olurduq, ruhdan düşürdük. İndi gəlin müqayisə edək. Gənc müstəqil Azərbaycan ilk Avropa Oyunlarını keçirməklə Avropaya meydan oxudu! Əldə edilən nəticələr, oyunların təşkilatçılıq səviyyəsi Azərbaycanın gücünü, qüvvətini bir daha nümayiş etdirdi.
Biz müstəqil Azərbaycanın qələbələri ilə qürur duyuruq.
Zemfira Meftəhətdinova, Olimpiya çempionu:
– I Avropa Oyunlarında Azərbaycan komandasının qazandığı qələbələr bir-birini əvəz edir. Ən böyük qələbə isə Azərbaycanın tarixi Oyunlara uğurla ev sahibliyi etməsidir! Bu Oyunlar ilk olduğuna görə təşkilatçılıq o qədər də asan məsələ deyildi. Gənc müstəqil dövlət olan Azərbaycan ev sahibliyi missiyasını üzərinə götürməklə liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Bəyan etdi ki, bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir! Oyunlar dövründə ötən hər bir gün Avropanın gücünü, idman mübarizəsini əks etdirdi. Xarici medianın gündəmini Azərbaycanın yüksək səviyyədə keçirdiyi tarixi Oyunlar barədə yazılar zəbt etdi. Onlar belə materiallarda ölkəmiz, gözəl Bakı barədə geniş materiallar verməyə başladılar. Ölkəmizə gələn idmançılar, idman rəsmiləri, qonaqlar, turistlər Oyunlar barədə təəssüratlarını xarici və yerli media ilə bölüşür. Bu fikirlərlə tanış olduqca bir daha ilk Avropa Oyunlarının möhtəşəm bir idman bayramı olduğuna əmin olursan. Bu Oyunlar növbəti illərdə hansı ölkədə keçirilməsinə baxmayaraq, bizim üçün doğma olaraq qalacaq.
Çünki Avropa Oyunlarının Vətəni doğma Azərbaycandır!
Cəbrayıl Həsənov, I Avropa Oyunlarının bürünc mükafatçısı:
– Biləndə ki, ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edəcək qürur hissi keçirdik. Azərbaycan idman ölkəsi olmaqla yanaşı, həm də dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri kimi diqqəti cəlb edir. Biz başqa ölkələrə yarışlara gedəndə, idmançılarımızla, ölkəmizlə, idman infrastrukturumuzla maraqlanırlar. Bakını görmək istədiklərini bildirirlər. İdmançılarımız beynəlxalq arenalarda ciddi rəqiblər kimi tanınır.
Düzdür, Oyunlarda nəticəm o qədər də yaxşı olmadı. Bu o demək deyil ki, yarışlara yaxşı hazırlaşmamışdım. Hətta çempion olmaq üçün bütün qüvvəmi toplamışdım. Güclü hazırlıq keçdiyimi də qeyd etməliyəm. Bunun üçün həmişə olduğu kimi, bu dəfə də maksimum şərait yaradılmışdı. İmkanlarımdan maksimum istifadə etməməyimi təəssüflə qeyd etməliyəm. Yarımfinalda mübarizə apardığım türk idmançısını bundan əvvəl müxtəlif yarışlarda 3 dəfə udmuşdum. Onu bir ay əvvəl dünya Kubokunda məğlub etmişdim. Amma bu dəfə kiçik bir səhv uğursuzluğa gətirib çıxardı.
Finala çıxmaq və Rusiya idmançısı ilə görüşüb Avropa çempionatının revanşını almaq istəyirdim. Qismət olmadı. İnşallah, gələn yarışlarda daha yaxşı güləş nümayiş etdirmək üçün bütün səylərimi toplayacağam. Çalışacağam belə səhvlərə bir də yol verməyim. Dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanıb Olimpiada-2016-da qüvvəmi sınamaq istəyirəm.
Oyunlarda bürünc medal alsam da, ümumilikdə, özümüzü yarışların qalibi hesab edirəm. Avropa Oyunlarının yüksək səviyyədə təşkili, ölkə yığmasının müzəffər qələbəsi hər bir Azərbaycan vətəndaşı üçün qızıl medal deməkdir!
İslam Qasımov, sambo üzrə I Avropa Oyunlarının gümüş mükafatçısı:
– Sambo Azərbaycanda inkişaf etmiş idman növlərindən biridir. Təəssüf edirəm ki, qızıl medal olmadı. Finalda Belarus təmsilçisi Stepan Popov rəqibim idi. Onunla artıq görüşmüşdüm. İki ay bundan qarşılaşmada 3:0 hesabı ilə qalib gəlmişdim. Ümumiyyətlə, yalnız qızıl medal uğrunda mübarizə aparırdım. Qeyd edim ki, zədəli olmağım həlledici anda özünü göstərdi. Qarşılaşma zamanı zədəmi rəqibimin hiss etməməsi üçün özümü toplasam da, istədiyimə nail ola bilmədim. Elə ilk məqamda zədəli ayağımdan ağrıdıcı fənd götürməsi ilə bunu hiss etdirdi. İlk Avropa Oyunlarında Azərbaycanın idman şərəfini daha yüksəklərə qaldırmaq istəyirdim. İstəyirdim ki, samboda da qızıl medalımız olsun. Dünya və Avropa çempionu kimi imkanlarım geniş idi. Rəqiblərimi tanıyırdım. Qismət olmadı. Gümüş medalla kifayətləndim. Amma Azərbaycanın Avropa Oyunlarında möhtəşəm qələbəsi biz idmançılara çox gözəl hisslər bəxş etdi. Ölkəmiz Avropanın ən güclü dövlətlərindən biri olduğunu bir daha nümayiş etdirdi.
Avropa Oyunlarında azarkeş dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar bir an belə qələbə əzminin bizi tərk etməsinə imkan vermirdilər. Azərbaycan komandasının əldə etdiyi nəticələr ölkəmizin inkişaf etmiş idman dövləti olduğunu bir daha sübut etdi.
Vasif Səfərbəyov, sambo üzrə I Avropa Oyunlarının gümüş mükafatçısı:
– Mən Azərbaycanı hələ bu qədər coşqu içərisində görməmişdim. Köhnə qitə yeni Oyunlarını “Odlar yurdu” Bakıda salamaqdan qürur duydu. İlk Avropa Oyunlarını qitənin ən qabaqcıl, gözəl paytaxtlarından biri Bakı qəbul etdi. Dünya möhtəşəm bir idman bayramına şahidlik edir. Çox sevinirəm ki, Azərbaycan komandası bu yarışların favoritlərindən biridir. Burada iştirak edən hər bir idmançı finala çıxıb, qızıl medal qazanmaqla ölkəmizin idman tarixinə öz töhfələrini verməyə can atırdı. Finala qədər maneəsiz irəliləsəm də, bu mərhələdə hiss etdim ki, artıq gücüm tükənib. Azarkeşlərin dəstəyi, məğlub olmağa qoymurdu. Səhvə yol verməsəydim sonacan mübarizə aparacaqdım. Buna qədər gənclər arasında Avropa çempionu, iki dəfə isə Avropa üçüncüsü olmuşdum. Finalda mübarizə apardığım samboçu isə üçqat dünya çempionu idi. Düşünürəm ki, ilk Avropa Oyunlarında gümüş medal da böyük nailiyyətdir.
İnna Zaretskaya, karate üzrə I Avropa Oyunlarının qalibi:
– Tarixi Avropa Oyunları yaxınlaşdıqca həyəcan artırdı. Bir tərəfdən belə bir irimiqyaslı oyunlara ev sahibliyi edəcəkdik, digər tərəfdən ilk dəfə Olimpiya Oyunlarının proqramına salınmış karate idman növü üzrə təmsil olunacaqdıq. Ev sahibi kimi, bizdən həm də nümunəvi idman mübarizəsi tələb olunurdu. Ona görə də yarışlara çox ciddi hazırlaşmışdım. Qələbəmdə mənə dəstək olan azarkeşlərə, xüsusilə məşqçimə təşəkkür edirəm. Mənim qələbəm Azərbaycanın qələbəsidir. Düşünürəm ki, Azərbaycanın həm də karate ölkəsi olduğunu sübut etdik. I Avropa Oyunları uğurla davam edir. İdmançılar, qonaqlar, turistlər Azərbaycan təmsilçilərinə yaxınlaşıb Oyunlarla bağlı təəssüratlarını bölüşür, belə bir idman bayramı üçün minnətdarlıq edirlər.
Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.