I Avropa Oyunlarının ilk günlərindən qızıl medallarla azarkeşləri sevindirən karateçilərimizin qələbələri artıq Azərbaycan idman tarixinin ən uğurlu səhifələrinə yazıldı. Milli Olimpiya Komitəsinin ənənəvi olaraq təşkil etdiyi “Zəfər günləri”ndə iştirak edən idmançılar arasında karateçilərimiz də var idi. Fürsətdən istifadə edib onların da qələbə təəssüratlarını öyrəndik.
I Avropa Oyunlarının qızıl mükafatçısı Ayxan Mamayev:
– Çox sevinirəm ki, karate cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə I Avropa Oyunlarına daxil edildi, biz karateçilər də bu yarışlarda gücümüzü ortaya qoya bildik.
İkinci qarşılaşmada gözümdən ciddi zədə aldım. Lakin bütün bu çətinliklərə baxmayaraq, oyundan kənarlaşmamaq üçün yarışlara davam etdim. Hakimlər bilsəydilər, bəlkə də məni oyundan kənarlaşdırardılar. Sonadək bacardığım qədər mübarizə apardım. Sevinirəm ki, sonda qalib gəldim. Qələbə sevincini daha yaxşı dərk etmək, idmançının hansı hisslər yaşadığını bilmək üçün onun yerində olmalısan. Onu izah etmək mümkün deyil. Dünyada ən gözəl hisslərdən biri də Vətənin bayrağını yüksəklərə qaldırmaq, himnini səsləndirməkdir. Əslində mənim idmana gəlməyim qardaşımla bağlıdır. Onun idmanla məşğul olmağı məndə də uşaqlıqdan çox böyük həvəs yaratmışdı. Elə həmin dövrdən bu yana, 17 ildir ki, karate ilə məşğul oluram.
İndiyə kimi, bir sıra yarışlarda uğur qazanmışam. İlk dəfə dünya çempionu olanda, Avropa çempionu adını qazananda çox böyük sevinc yaşamışam. Ancaq I Avropa Oyunlarında keçirdiyim sevinc və həyəcan tam başqadır. Avropanın 6000-dən çox idmançısının qatıldığı yarışın ölkəmizdə yüksək səviyyədə təşkilinə görə, biz idmançılar çox sevinirik. Fəxr edirik ki, ölkəmiz idman ölkəsi kimi bu cür mötəbər yarışa ev sahibliyi edir. Bunun üçün cənab Prezident İlham Əliyevə, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Mehriban xanım Əliyevaya təşəkkür edirik.
Rafael Ağayev, I Avropa Oyunlarının qızıl medal mükafatçısı:
Qazandığım uğurlara görə ailəmə, məşqçilərimə və gərgin zəhmətimə borcluyam. Mənim bir idmançı kimi yetişməyimdə müəllimlərimin zəhməti böyükdür. Birinci Avropa Oyunlarına ciddi hazırlaşırdıq. Altı ay yığma komandamız təlim-məşq toplanışları başlayandan bəri, ciddi rejimdə fəaliyyət göstərirdik. Hətta 11-dən sonra telefonlarımızı da alırdılar. İlk baxışda, bu qəribə görünə bilər. Ancaq bu addımı müsbət dəyərləndirirəm. Hər bir fəaliyyət bizim I Avropa Oyunlarında yaxşı nəticə göstərməyimiz üçün atılmışdı. Şükürlər olsun ki, gərgin zəhmət öz bəhrəsini verdi. Mən karatedə öz məşq yoldaşlarımın hamısını medal qazanıb-qazanmamasından asılı olmayaraq, çempion görürəm. Şahin Hətəmov medalsız qalsa da, o da yaxşı idmançımızdır, yığma komandamızın kapitanı olmaqla yanaşı, gözəl insandır. Ölkəmizdə keçirilən I Avropa Oyunlarının möhtəşəm açılışı hər kəs tərəfindən, xüsusilə də əcnəbi atletlər tərəfindən heyranlıqla qarşılandı. Türkiyədən, Rusiyadan, eləcə də digər idmançılarla söhbətimdə də bunun bir daha şahidi oldum. Onlar Azərbaycanın bu yarışları yüksək səviyyədə təşkil etdiklərini vurğulayırdılar. Mən bir azərbaycanlı olaraq, fəxr edirəm ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, Avropa qitəsini əhatə edən ilk idman yarışı da məhz Bakıda keçirilir. Qızıl medal qazanmağım, bayrağımızın ən yüksəkdə dalğalanması və himnimizin çalınması isə mənim üçün ikiqat sevincdir. Bu sevinci sözlə tam ifadə etmək mümkün deyil.
Cənab Prezident İlham Əliyev və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və ailəsi yarışları izləyirdi. Odur ki, çıxış etmək ikiqat məsuliyyətli və çətin idi. Hər bir idmançımız çalışırdı ki, qələbə qazanaraq, bayrağımızı yüksəklərə qaldırsın. Çox sevinirəm ki, buna nail oldum. “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın qızıl medalı şəxsən təqdim etməsi idman karyeramda həmişə xoş və unulmaz xatirə kimi qalacaq. Bundan sonra da çalışacam ki, iştirak etdiyim digər nüfuzlu yarışlarda da ölkəmizi layiqincə təmsil edim, qələbə qazanım. Bizi dəstəkləyən azarkeşlərə, idman ictimaiyyətinə, valideynlər başda olmaqla Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.