Birinci Avropa Oyunları başlayan gündən Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə həyata keçirilən “Zəfər günləri” artıq ənənə halını almaqda, istər media nümayəndələri, istərsə də idman ictimaiyyəti tərəfindən maraqla qarşılanmaqdadır. Azərbaycan idmançıları müxtəlif idman növlərində gərgin mübarizədə qələbə çalıb medal qazandıqca bu sevincini məhz MOK-da “Zəfər günləri”ndə jurnalistlərlə bölüşürlər. Bu dəfə isə “Zəfər günləri” çərçivəsində mükafat qazanmış bir sıra idmançılarımızın valideynləri ilə görüş keçirildi.
Valideynlərin həyəcan və sevinclərini elə onların gülər simalarından oxumaq olurdu. Çünki övladlarının uğurlarına təkcə valideynləri deyil, bütün ölkə sevinir. Deməli, istər övladların Vətənə layiq şəkildə böyüyüb boya-başa çatmasında, istərsə də yarış meydanlarında qələbəyə inamla addımlamasında valideynlərin və məşqçilərin əziyyəti hədər getməyib. Odur ki, çıxış edən valideynlər I Avropa Oyunlarında ölkəmizə medallar qazandıran övladlarının sevincini yüksək əhval-ruhiyyə ilə qeyd etməklə yanaşı, öz təəssüratlarını da bölüşdülər.
Rəsul Cunayevin atası Abakar Cunayev, Elman Muxtarovun atası Coşqun Muxtarov və digərləri çıxış edərək bildirdilər ki, onlar üçün idmançılarımızın hər bir qələbəsi təkcə ailədə deyil, ölkə səviyyəsində qeyd edilir. Bu da cənab Prezident İlham Əliyev başda olmaqla, dövlətimizin gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, idmanımıza göstərilən qayğı və diqqətlə bağlıdır.
Daha sonra idmançılarımızın valideynlərinə hədiyyələr təqdim olundu.
İdmançılarımızın valideynləri öz sevinc və təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdülər.
Abakar Cunayev, I Avropa Oyunlarının qızıl medal mükafatçısı Rəsul Cunayevin atası:
– Çox sevincliyəm. Sevinirəm ki, oğlum Rəsul I Avropa Oyunlarında qızıl medalla bizləri sevindirdi. Bir ata kimi, oğlumun uğurunu görmək mənim üçün çox xoşdur. Cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirəm ki, ölkəmizdə idmanın inkişafına qayğı göstərir. İdmançılarımız müxtəlif yarışlarda uğurlar qazanırlar. Sözsüz ki, bu uğurların qazanılmasının əsasında idmanın inkişafına göstərilən qayğı dayanır. Rəsul mübarizə aparanda azarkeşlər əllərində bayraqlarla “Rəsul, Rəsul” - deyə qışqırır, onu qələbəyə səsləyirdilər. Rəsul bu yarışlara çox ciddi hazırlaşırdı. Hərbi xidmətdə olduğuna görə yarışda qəlib gəldikdən sonra zalda oyunları izləyən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə əsgər salamı verdi. Çox sevinirəm ki, Rəsul bu yarışlarda Azərbaycanı layiqincə təmsil etdi.
Paşalı Mamayev, I Avropa Oyunlarının qızıl medal mükafatçısı Ayxan Mamayevin atası:
– Bu günlər sevincimin həddi-hüdudu yoxdur. Ona görə ki, birinci Avropa Oyunlarında idmançılarımızın medallarla xalqımızı sevindirməsi bizlər üçün ikiqat bayramdır. Bir valideyn kimi fəxr edirəm ki, ölkəmizi bu möhtəşəm yarışda qələbə ilə sevindirən idmançılar arasında mənim oğlum da var. Düzdür, Ayxan digər yarışlarda da medal qazanıb. Ancaq öz ölkəmizdə keçirilən bu tarixi yarışda qələbə sevinci yaşamağın duyğusu tamam başqadır. Bu sevinci bizlərə yaşatdıqlarına görə idmançılarımızı, idman ictimaiyyətini, valideynləri təbrik edirəm.
Coşqun Muxtarov, Avropa Oyunlarının bürünc medalçısı , dünya və ikiqat Avropa çempionu Elman Muxtarovun atası:
– Bu günlər ölkəmizdə böyüklü-kiçikli hər kəs idmançılarımızın çıxışlarını maraqla izləyir, onların sevinc və uğurlarına öz uğurları kimi sevinirlər. Fəxr edirəm ki, mənim oğlum da ölkəmizə medal qazandırdı. Onun oyunlarını ailəlikcə çox böyük həyəcanla izlədik. Ermənistan təmsilçisi ilə qarşılaşmada çox həyəcan keçirirdim. Nə yaxşı ki, həmin qarşılaşmada da oğlum rəqibinə böyük hesabla qalib gəldi. Mən inanırdım ki, oğlum qələbə qazanacaq. Çünki o, oyunlara ciddi və səylə hazırlaşmışdı. Biz bütün qohum, tanış və dostlarla ona dəstək olmaq üçün zalda idik. Şükürlər olsun ki, oğlum bürünc medalla bizləri sevindirdi. Onun məşqçilərinə təşəkkür edirəm. Bir valideyn üçün bundan gözəl nə hədiyyə ola bilər?! Arzum budur ki, oğlum gələn il Braziliyada keçiriləcək Olimpiya Oyunlarında da qələbə qazanaraq, Vətənə qızıl medalla qayıtsın.
Bu dəfəki görüşdə Avropa Oyunlarını medalla başa vuran bir sıra idmançıların valideynləri ilə yanaşı, boks üzrə 56 kq çəki dərəcəsində bürünc medal qazanan
Tayfur Əliyev də iştirak edirdi. Onun də qələbə təəsüratlarını öyrəndik:
Tayfur Əliyev:
– Birinci Avropa Oyunlarını Azərbaycanın, eləcə də Avropanın tarixində böyük hadisə hesab edirəm. Oyunlara çox yüksək səviyyədə hazırlıq görülüb. Oyunların təşkili ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub. Mən də istərdim ki, iştirak etdiyim idman növü üzrə qızıl medal qazanım və bunun üçün əlimdən gələni etdim. Ancaq bürünc medal qazana bildim. İndi yalnız gələcək uğurlar haqqında düşünürəm. İstəyirəm ki, səhvlərimdən nəticə çıxarım və ölkəmə yalnız qızıl medal qazandırım.
Əfsanə BAYRAMQIZI,
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.