Birinci Avropa Oyunları–Azərbaycan dövlətinin, Azərbaycan idmanının zəfər marşı

“Bakı-2015” birinci Avropa Oyunları artıq finişin astanasındadır. İyunun 12-dən qitəmizin, dünyanın diqqət mərkəzində olan, ən yüksək səviyyədə təşkili ilə hətta ən tələbkar mütəxəssisləri də heyrətə gətirən bu böyük bayram tezliklə Avropanın idman hərəkatında yeni dövrün ilk səhifəsi kimi tarixdə özünə layiqli yer edəcək.

Azərbaycanın idman ictimaiyyətinin, bütün xalqımızın ürəkdən sevinməsi üçün hər cür əsas var. Yığma komandamız medal qazanmış ölkələrin siyahısında hər bir ölkə üçün fəxri yer olan indiki mövqeyi son anadək özündə saxlamaq, 50 ölkə arasında finişə ikinci çatmaq əzmindədir və inanırıq ki, məhz belə də olacaq.

Bu da heç bir şübhə doğurmur ki, Oyunların əla təşkili dünyanın, demək olar, hər yerində böyük rəğbətlə qarşılanmış, hamı Bakı startlarının onların bütün iştirakçılarının və qonaqların qəlbində xoş hisslər oyatdığını, Azərbaycan qonaqpərvərliyini və səmimiyyətini, yarışların bütün beynəlxalq standartlara uyğun keçirildiyini, medallar uğrunda mübarizənin ədalətli idman rəqabəti şəraitində davam etdiyini böyük minnətdarlıq hissi ilə, yekdilliklə qeyd edir.

Bu günlər beynəlxalq informasiya vasitələrinin böyük maraq göstərdiyi Avropa Oyunları haqqında təəssüratlar, həqiqətən, zəngin və birmənalıdır. Azərbaycan Avropanın ona göstərdiyi yüksək etimadı şərəflə doğruldur və bununla haqlı olaraq fəxr edə bilər. Müxtəlif ölkələrdən alınan çoxsaylı xəbərlərdə artıq Bakıdan vətənlərinə qayıtmış idmançıların və onların məşqçilərinin, nümayəndə heyətlərinin bütün üzvlərinin Azərbaycan həqiqətləri haqqında xoşməramlı fikirləri hər şeyə ən gözəl sübutdur.

Azərbaycana, dövlətimizə bu böyük hörmət və ehtiram respublikamızın uğurlarını, həyatın bütün sahələrində sürətli inkişafını gözü götürməyənlərə layiqli cavabdır, bədxahlarımız son nəticədə rüsvayçılıqla geri çəkilib susmağa məcbur olacaqlar. Azərbaycan belələrini öz yüksək mədəniyyəti, əla təşkilatçılıq bacarığı, hər bir qonağa qayğıkeş münasibəti və bir də Oyunların yarış meydanlarında qələbə və medalları ilə layiqli cavab verir. Avropa Oyunları Azərbaycan dövlətinin, Azərbaycan idmanının zəfər marşıdır. Ölkəmiz bunu artıq inamla təsdiq etmişdir. Dünya Azərbaycanın nəyə qadir olduğunu və zəfər marşının əzəmətli sədaları altında hələ çox irəliləyəcəyini bir daha yəqin etmişdir.

Hələ Bakıda Avropa Oyunları başlamazdan əvvəl İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko belə bir fikir söyləmişdi ki, Bakı Avropa üçün çox vacib olan bu yarışları sensassiyalı şəkildə təşkil edəcək. İndi gördüyümüz kimi, Azərbaycan paytaxtında Oyunlar əla, hamını tam qane edən tələblər səviyyəsində təşkil edilmişdir və buna görə Bakının, ölkəmizin  ünvanına saysız-hesabsız minnətdarlıq sözləri söylənilir.

Şübhəsiz, 28 iyun axşamında Bakı Olimpiya Stadionunda tarixdə ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimində bu sözlər daha ucadan səslənəcək, Azərbaycanın zəfər marşı daha gurultulu alqışlar qazanacaq. Bunu əvvəlcədən təsəvvür etmək çətin deyil. Ən yüksək səviyyədə starta çıxan yarışların finişi daha bir rəngarəng bayram vəd edir, üstəlik də, atletlərimiz bağlanış mərasimi ərəfəsində medallarının sayını daha da artırmaq üçün özlərinə böyük imkanlar yaratmışlar. Azərbaycan boksçuları, qadınlardan ibarət voleybol komandamız, basketbol (3x3) yığması uğurlu çıxışlarını davam etdirirlər, tatami ustalarımız, çimərlik futbolu komandası da mübariz əhval-ruhiyyədədirlər. Bir sözlə, qarşıdakı dörd gündə Azərbaycan idmançılarının mükafatlarının, xüsusən də qızıl medallarının sayının xeyli artacağını gözləyənlər haqlıdırlar.

Qadın voleybolçularımız, artıq xəbər verdiyimiz kimi, dörddəbir finalda Hollandiya yığmasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirin ən yaxşı dörd komandası sırasında mübarizəni davam etdirirlər. Onlarla yanaşı, Türkiyə, Serbiya və Polşa kollektivləri də yarımfinala çıxmışlar.

Bu mərhələdə keçiriləcək hər iki oyun voleybol pərəstişkarlarına çox maraqlı mübarizə vəd edir. Azərbaycan-Türkiyə və Polşa-Serbiya yarımfinalları əsl voleybol bayramına çevrilə bilər. Bu rəqiblərin dördü də, şübhəsiz, final iddiasındadır. Onlardan kimin arzusuna çatacağını tezliklə biləcəyik.

Artıq bu gün saat 17-də birinci olaraq polyaklar və onların serbiyalı rəqibləri “münasibətləri aydınlaşdırmağa” başlayacaqlar. Bu oyun başa çatdıqdan dərhal sonra “Kristal Zal”da tamaşaçılar Azərbaycan və Türkiyə komandaları arasında matçın həyəcanını yaşayacaqlar.

Yarımfinallarda uduzan kollektivlər iyunun 27-də bürünc medallar uğrunda görüşdə qarşılaşacaq, qaliblər isə Oyunların sonuncu günü finalda üz-üzə gələcəklər. Həqiqətən, bu görüşləri böyük ümidlərlə gözləməyə dəyər.

Azərbaycanın kişilərdən ibarət basketbol (3x3) komandası da startda pərəstişkarlarını ardıcıl iki qələbə ilə sevindirmişdir. Həmyerlilərimiz Çexiya yığmasına 17:14, İsveçrə komandasına isə 17:9 hesabı ilə qalib gəlmişlər. Dünən axşam keçirilən üçüncü görüşdə basketbolçularımız andorralı rəqiblərini sınağa çəkmişlər. Turnirin qalib və mükafatçıları sabaha təyin edilmiş həlledici oyunlardan sonra məlum olacaq.

Bəs Avropa Oyunlarının çimərlik futbolu yarışının medallarına kim sevinəcək? Bu turnir dünən başlanmışdır. Səkkiz rəqib ilkin mərhələdə iki qrupa bölünmüşdür.

Azərbaycan komandası Portuqaliya, İsveçrə və Ukrayna yığmaları ilə birlikdə “A” qrupunda çıxış edir. “B” qrupuna isə Rusiya, Macarıstan, İtaliya və İspaniya daxildir.

Hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxacaq. Yarımfinalların qalibləri iyunun 28-də öz aralarında keçirəcəkləri final görüşündə çempionu müəyyənləşdirəcəklər.  Maraqlıdır, medallar kimin üzünə güləcək, Azərbaycanın çimərlik futbolu ustaları çətin sınaqdan necə çıxacaqlar?

Azərbaycan boksçularından doqquzu dünənki görüşlərədək yarımfinala çıxıb ölkəmizə ən azı doqquz bürünc medalı təmin etmişdi. Dünən günorta saatlarında onların sıraları bir qədər də genişləndi. Qadın dəri əlcək ustamız Yana Alekseyeva (60 kq) rusiyalı Zinaida Dobrınina ilə döyüşdən qalib ayrıldı. Bu isə o deməkdir ki, Yana yarımfinalçıdır və o da finişdə fəxri kürsüyə dəvət olunacaq.

Finalın astanasına gəlib çatan onuncu yarımfinalçımız Alekseyevanı qarşıda çox məşhur boksçu İrlandiya təmsilçisi Keti Treylor ilə çətin döyüş gözləyir. Yarımfinala on birinci “bilet”i isə kişilərin turnirində 75 kq çəki dərəcəsində çıxış edən Xaybulla Musalov qazandı. Boksçumuz Belarus idmançısı Vitali Bondarenkodan üstün döyüşərək Azərbaycan yığmasına daha bir yarımfinal vəsiqəsini təmin etdi.

Nəhayət, cüdo yarışları iştirakçılarına da öz ustalıqlarını nümayiş etdirmək növbəsi çatmışdır. Tatami ustalarının mübarizəsi bu gün başlayıb iyunun 28-də finişə çatacaq. Azərbaycanlı idman həvəskarları bu növdə də həmvətənlərinin çıxışlarını və təbii ki, medallarını böyük ümidlə gözləyirlər.

Təəssüf ki, Alekseyeva və Musalovun boksda dünənki qələbələrindən sonra xoşagəlməz bir xəbər də aldıq. Belə ki, ağır çəkili boksçumuz Məhəmmədrəsul Məcidov zədəli olduğu üçün həkimlər onun rinqdə çıxışlarını davam etdirməsinə icazə verməmişlər. Nəticədə Məcidov bürünc mükafatla kifayətlənməyə məcbur olub.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında