Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 22-də ölkəmizə yeni medallar qazandırmış idmançılarla ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə sambo yarışlarında qalib gələrək 4 gümüş medal qazanmış Nəzakət Xəlilovanı, İslam Qasımovu, Amil Qasımovu və Vasif Səfərbəyovu qələbə münasibətilə təbrik etdi.
Azərbaycan MOK-un vitse-prezidenti əvvəlcə bildirdi ki, iyunun 23-ü dünyada Beynəlxalq Olimpiya günü kimi qeyd edilir. Bu münasibətlə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycan MOK-una təbrik məktubu göndərib və məktubda Azərbaycanın Olimpiya Hərəkatına ciddi töhfələr verdiyi vurğulanır. Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya günü Azərbaycanda hər il xüsusi tədbirlərlə qeyd edilib. Ancaq bu il Bakıda birinci Avropa Oyunları keçirildiyindən belə tədbirlərə ehtiyac olmayıb. Əslində bütün Avropa idmançıları bu günlər Bakıdadırlar və Olimpiya gününü Azərbaycanın paytaxtında qeyd edirlər.
Ç.Hüseynzadə qeyd etdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları hər gün geniş ictimaiyyətə təqdim edilir. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, dövlət himni səsləndirilir, ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini tapır. Artıq Oyunların başa çatmasına bir neçə gün qalır, ancaq birinci Avropa Oyunları çərçivəsində görüşlər davam edir. İndiyədək idmançılarımız 14-ü qızıl olmaqla ümumilikdə 39 medal qazanıblar. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır.
MOK-un vitse-prezidentinin sözlərinə görə, iyunun 22-də sambo üzrə yarışlar keçirilib. İndiyədək sambo Olimpiya oyunlarına daxil edilməyib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il Avropa Oyunlarına sambo da daxil olub. Yarışlarda iştirak edən Azərbaycan samboçuları da medalsız qalmayıblar, onlar 4 gümüş medal qazanıblar.
Çingiz Hüseynzadə əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarının bağlanış gününə qədər Azərbaycan idmançılarının uğurları davam edəcək. MOK-un vitse-prezidenti qarşıdakı günlərdə mübarizəyə qoşulacaq idmançılarımıza yeni-yeni zəfərlər arzuladı. Onun sözlərinə görə, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını etiraf edir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Hamı Azərbaycana, Bakıya valeh olduğunu bildirir. Bakının geniş və yaraşıqlı idman arenaları onların ixtiyarındadır.
Sonra Çingiz Hüseynzadə, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Əbiyev, Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov qalib samboçuları təbrik edərək onlara hədiyyələr təqdim etdilər. Fürsətdən istifadə edərək biz də qalib idmançılarımızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq təəssüratlarını öyrəndik. Əvvəlcə sambo üzrə milli yığmanın baş məşqçisi Yaqub Abdullayev danışdı:
– Biz, əlbəttə, daha yüksək nəticələr arzusundaydıq və bunun üçün potensialımız da vardı. Buna nail ola bilərdik. İdmançılarımızdan dünya və Avropa çempionu İslam Qasımov, dünya çempionu Amil Qasımov, Vasif Səfərbəyov (Avropada kişilər arasında ikinci yerə çıxıb) və Nəzakət Xəlilova (qadınlar arasında beynəlxalq turnir mükafatçısıdır) daha yaxşı nəticələr göstərə bilərdilər. Biz onların hər birindən qızıl medal gözləyirdik. Bu dörd idmançımız final görüşündə məğlub olaraq gümüş medallar qazandılar. İslam Qasımov və Amil Qasımovun qızı medal qazanacağı şübhə doğurmurdu. Amma Amilin ciddi zədəsi olduğu üçün qələbə şansı azaldı. O, əslində ayağında gips olduğu vəziyyətdə final görüşünə çıxdı. Əlbəttə, bir ayaqla güləşmək çətin oldu.
Cənab Prezidentimiz İlham Əliyev də görüşlərimizi axıradək izlədi. Biz çox istərdik ki, qızıl medal qazanaq və medalımızı şəxsən Prezident təqdim etsin. Amil Qasımov rəqibini dünya kuboku yarışında 5:1 hesabı ilə udmuşdu. İndi də əsas rəqib kimi onunla döyüşə hazırlaşmışdı. Amma aldığı zədə Amilə mane oldu.
İslam Qasımov:
– Mən də digər yoldaşlarım kimi, yarışlara qızıl medal qazanmaq arzusu ilə qoşulmuşdum. 57 kiloqram çəki dərəcəsində çıxış etdim. Mübarizəyə dörddəbir final mərhələsindən başladım. Həmin mərhələdə asanlıqla qələbə qazandım, Rumıniya təmsilçisi Orlando Qruianı 9:0 hesabı ilə məğlubiyyətə uğratdım. Yarımfinal mərhələsində Gürcüstan idmançısı Vaxtanqi Çidraşviliyə 3:1 hesabı ilə qalib gəldim. Təəssüf ki, finalda Rusiya təmsilçisi Aymergen Atkunova məğlub oldum və gümüş medalla kifayətləndim.
Düzünü deyim ki, əslində rəqibim çox da güclü deyildi. Sadəcə, ani səhvin qurbanı oldum. 22 illik güləş təcrübəm var. Çox istərdim ki, həmin görüşdə qızıl medal qazanam və yarışları izləyən cənab Prezidenti sevindirəm. Eyni zamanda, medalımı şəxsən Prezidentin özü təqdim etsin. Qismət deyilmiş.
Amil Qasımov:
– Yarışlara çox ciddi hazırlaşmışdıq. Təlimlər keçmişdik. Özümüzə inanırdıq ki, bu yarışda qızıl medallar qazana biləcəyik. Çox təəssüf ki, finala çıxış ərəfəsində ayağımdan zədə aldım. Həkimlər gips qoyub sarğı etmişdilər. Amma görüş dəqiqələrində də ağrılarım çəkilib getmədi. Bu vəziyyətdə yarışda iştirak etdim. Özlüyümdə dedim ki, hər necə olsa da, görüşə çıxmalıyam, dövlət bayrağımızı qaldırmalı, himnimizi səsləndirməliyəm. Ancaq döyüş prosesində ayağım daha da bərbad vəziyyətə düşdü. Nəticədə gümüş medal sahibi ola bildim. Hər halda, yarışları medalsız tərk etmədik.
Nəzakət Xəlilova:
– Birinci Avropa Oyunlarını Azərbaycanın, eləcə də Avropanın tarixində böyük hadisə hesab edirəm. Oyunlara çox yüksək səviyyədə hazırlıq görülüb. Oyunların təşkili ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub. Mən də istərdim ki, iştirak etdiyim idman növü üzrə qızıl medal qazanım və bunun üçün əlimdən gələni etdim. Ancaq gümüş medal qazana bildim. Cənab Prezidentin də görüşümü izləyənlər arasında olması mənə hədsiz ruh verdi. Ancaq medalı məhz onun əlindən almaq qismətim olmadı.
Vasif Səfərbəyov:
– Sambo yarışlarında ölkəmizi 100 kiloqramdan artıq çəki dərəcəsində təmsil etdim. Dörddəbir final mərhələsində Makedoniya idmançısı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazandım. Yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəldim. Finalda rəqibim Rusiya samboçusu Artyom Osipenko oldu və etiraf etməliyəm ki, o, məndən güclü olduğu üçün sonda qələbə qazana bilmədim. Gümüş medalla kifayətləndim.
Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılıb və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər.
Paşa ƏMİRCANOV,
Əfsanə BAYPAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.