Milli Gimnastika Arenasında tarixi nailiyyət

Şübhəsiz, birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının ən parlaq nailiyyətlərindən biri də gimnastika yarışlarında əldə olunmuş uğurlardır. Hərçənd Oyunlar başlanmazdan əvvəl təmsilçilərimizin gimnastika turnirlərində bu qədər “bol məhsul” götürəcəyini gözləmək çətin idi. Bu səbəbdən də onların idman hünəri böyük hörmətə layiqdir.

Azərbaycan gimnastları ötən ilin aprelində istifadəyə verilmiş və müasirliyi, beynəlxalq standartlara tam uyğunluğu ilə onu görənləri heyrətə gətirən bu gözəl idman sarayına böyük töhfə verdilər. Zarafat deyil, təkcə bir gün ərzində burada tamaşaçıların alqışları altında onlara Avropa Oyunlarının birdən-birə beş medalı təqdim olundu.

Günün qəhrəmanı isə idman gimnastikası yarışlarında üç dəfə fəxri kürsüyə dəvət edilən Oleq Stepko oldu. Ayrı-ayrı alətlərdə uğurlu çıxışlar, “müqəvvada” gümüş, dayaqla tullanışlarda bürünc medallar, paralel qollarda isə ən yüksək -qızıl mükafat Azərbaycan idmançısını bir neçə saat ərzində təkcə ölkəmzdə deyil, bütün Avropada çox məşhurlaşdırdı. Bir dəst medal, əlbəttə ki, fantastik nailiyyətdir.

Əgər gimnastımızın bundan bir gün əvvəl çoxnövçülükdə gümüş, komanda birinciliyində isə dostları Pyotr Paxnyuk və Eldar Səfərovla birlikdə bürünc medal qazandığını da bir daha xatırlasaq, həqiqətən, Oleq Stepko “Bakı-2015" birinci Avropa Oyunlarının baş qəhrəmanlarından biri olması ilə haqlı olaraq fəxr edə bilər –1 qızıl, 2 gümüş və 2 bürünc medal!

Yarış başa çatdıqdan sonra xoşbəxt qalib sevincini belə ifadə etmişdir: – Şübhəsiz, Azərbaycan yığması heyətində Avropa Oyunlarında qələbə gözəl nəticədir. Biz bir çox ay ərzində yarışa çox ciddi, planauyğun şəkildə hazırlaşmışdıq. Bu müddətdə hamıdan ayrı düşmüşdük. Şadam ki, əməyimiz hədər getmədi. Azərbaycan Gimnastika Federasiyasına minnətdaram ki, mənə inandı. Azarkeşlərə də minnətdaram. Onlar məni yorulmadan dəstəklədilər, qələbəyə ruhlandırdılar.

Həmin gün gimnastımızın uğurlu çıxışlarını İlya Qrişunin və Marina Durunda davam etdirdilər. Ilya batut üzərində tullanışlarda rusiyalı Dmitri Uşakov və Belarus idmançısı Vladislav Qonçarovdan sonra üçüncü yeri tutub bürünc mükafata sevindi, bədii gimnastika ustası Marina üç təmrində finala çıxıb topla hərəkətlərdə altıncı, həlqə ilə təmrinlərdə beşinci nəticə göstərdikdən sonra lentlə hərəkətləri daha yüksək səviyyədə, ikinci yerə layiq nəticə ilə yerinə yetirib gümüş medal qazandı. Bədii gimnastikamızın lideri bu təmrində yalnız rusiyalı Yana Kudryavtsevanı özündən irəli buraxdı.  Beləliklə, apreldə Minskdə Avropa çempionatında lentlə təmrinlərdə bürünc mükafatçı olan Marina Durunda iyunda Bakıda Avropa Oyunlarında bu hərəkətin icrasında bir qədər də irəli gedib ilk dəfə keçirilən yarışların tarixində özünə gümüş mükafatçı kimi yer etdi.

Ölkəmizdə gimnastikanın sürətli inkişafı göz qabağındadır. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə idmanın bu çox gözəl növündə qələbə və nailiyyətlərimiz getdikcə artır, federasiyanın əməkdaşlarının gərgin əməyi yaxşı bəhrə verir. Bu isə Azərbaycanda gimnastikanın daha da inkişafına, yeni, bundan da böyük qələbələrə inamı ikiqat  artırır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında