Oyunların yüksək səviyyəsi və yarışlarda möhtəşəm qələbələrimiz qarayaxma kampaniyasına zərbədir

Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə
çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq
meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını
ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki,
bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib.
Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və
Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki,
Azərbaycanın dinamikliyini özündə əks etdirsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Avropanın 50 ölkəsindən 6 mindən çox atleti bir araya toplayıb onların idman mübarizəsi üçün geniş imkanlar yaradan Bakı dünyanın heyran qaldığı idman mərkəzinə çevrilib. İki il yarım bundan əvvəl Azərbaycan ilk Avropa Oyunlarını keçirmək missiyasını üzərinə götürəndə, avropalı atletlərin tarixi yarışlarını məhz bu səviyyədə və dünya standartlarına cavab verəcək idman arenalarında keçirəcəyinə söz vermişdi. Oyunlara hazırlıq üçün vaxt az olduğundan bu işlər yüksək sürətlə görülməyə başladı. Beynəlxalq və Avropa Olimpiya komitələrinin nümayəndələri, eləcə də dünyanın bir sıra siyasi liderləri, nüfuzlu qurumların rəsmiləri və başqaları hazırlıqla bağlı böyük işlərin görüldüyünü dönə-dönə bildirdilər. Qısa müddətdə görülən işlərin miqyası dünyanın diqqət mərkəzinə gəldi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycanın Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu çıxışlarında dəfələrlə vurğulamış və bu Oyunların Bakıda keçirilməsinin əhali tərəfindən çox yüksək səviyyədə dəstəkləndiyini qeyd etmişdir: “Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır”.

Şübhəsiz, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunlarını keçirmək şansları daha da artır. Avropa Oyunları üçün inşa edilmiş yeni idman arenalarının Olimpiya standartlarına uyğun gəlməsi bu mənada müəyyən dairələrin narahatlığına səbəb olmaya bilməzdi.

Bu cür irimiqyaslı yarışların gələcəkdə hansı perspektivlər vəd etdiyini düşünən bir sıra fövqəldövlətlərdə gündən-günə inkişaf edən müsəlman dövlətinin belə bir şansdan bəhrələnməsi qıcıq yaratmağa başladı. Digər tərəfdən, torpaqlarımızın 20 faizini işğal altında saxlayan qəsbkar Ermənistan getdikcə güclənən Azərbaycanın belə böyük zəfərini həzm edə bilmədiyini bir daha aşkar göstərdi. 

2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, bu dəfə də ermənipərəst qüvvələrin təhriki ilə qarayaxma kampaniyasına start verildi. O zaman bu kampaniyada Almaniya daha fəallıq göstərirdisə, bu dəfə Böyük Britaniyanın baş rolu aydın görünməyə başladı. Son zamanlar daha da fəallaşan BBC, “Guardian”, “İndependent”, “Sandy Times” kimi nəşrlər l Avropa Oyunları və ölkəmiz haqqında qərəzli materiallarla gündəmi daha sıx zəbt etməyə çalışdılar. “Platform London” adlı təşkilat Avropa Oyunlarının sponsoru olan bP-yə qarşı təzyiq kampaniyası təşkil etdi.

Ölkəmizdə “Bakı-2015”-in “fantastik” xərclərini korrupsiya ilə əlaqələndirib irad bildirən bəzi təbliğat “maşınları”, nədənsə öz ölkələrində bundan əvvəl keçirilmiş daha “bahalı” oyunlara göz yumdular. Belə Oyunlardan biri cəmi 3 il bundan əvvəl Avropanın iqtisadi böhran şəraitində olduğu bir vaxtda, 2012-ci ildə İngiltərədə keçirilmişdi. “London-2012”-nin, doğrudan da, fantastik olan (15 milyard dollar!) xərclərinin gündəmə gətirilməməsi, əslində, təəccüblü deyildi. Hələ Olimpiada-2012-yə ev sahibi seçilmək üçün hətta xərcləri 2 dəfə azaldan rəsmi London yaxın və uzaq perspektivləri hesablamışdı.  İngiltərənin Ticarət və İnvestisiyalar Nazirliyinin ekspertlərinin açıqlamalarına görə, London-2012-dən 1 il sonra Böyük Britaniya iqtisadiyyatı təqribən 15 milyard ABŞ dolları divident qazanıb. Şübhəsiz, bu, turizmin inkişafı,  ölkəyə investisiya axını, ticarət dövriyyəsinin genişlənməsi və s. sayəsində mümkün olub. Deməli, İngiltərə hökuməti Olimpiadaya xərclədiyi pulu 1 ilə qazana bilib. Nazirliyin ekspertlərinin digər hesablamalarına görə, Olimpiya Oyunları hesabına cəlb olunmuş investisiyalara görə 2020-ci ilədək London 60 milyarddan artıq ABŞ dolları divident qazanacaq. Əslində, belə böyük tədbirlərin hərtərəfli fayda gətirməsi sirr deyildir. Məsələn, Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsinin 1 il bundan əvvəl yaydığı xəbərə görə, Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarından gələn gəlirin məbləği 9 milyard rubla yaxın olmuşdur. Ekspertlərin hesablamalarına görə bu məbləğ Pekin-2008 Yay Olimpiya Oyunları ilə müqayisədə çoxdur. Baxmayaraq, Pekin-2008-in də Çinə böyük divident gətirdiyi yüksək səviyyədə dönə-dönə qeyd edilib.

Ümumiyyətlə, Olimpiya Oyunlarına ev sahibliyi edən ölkələrin siyahısına diqqət yetirsək görərik ki, ABŞ və İngiltərə bu siyahıya başçılıq edir. Belə ki, bu möhtəşəm oyunlara ABŞ 4, İngiltərə 3 dəfə ev sahibliyi edib.  Yenicə Olimpiadanın “dadına” baxan Londonun növbəti Olimpiya oyunlarına ev sahibliyində adının yenidən hallanmasını isə təsadüfi hesab etmək sadəlövhlük olardı.

“Evening Standart” nəşrinin yaydığı məlumata görə, Braziliyada olan BOK rəsmiləri Rio-de-Janeyronun Olimpiadaya hazırlıq səviyyəsindən son dərəcə narazı qaldıqları üçün dörd ildən bir keçirilən Olimpiya Oyunlarına yenidən ev sahibliyi etmək üçün Londona müraciət etməli olublar: “London-2012 Olimpiya Oyunları Təşkilat Komitəsinin əməkdaşlarından biri Uill Qlendinninq Olimpiada-2016-ya hazırlaşmaq üçün Londonun kifayət qədər ehtiyatı və vaxtının olduğunu bildirib. Amma BOK rəsmi olaraq, bu barədə heç bir məlumat verməyib”.

London-2012 Təşkilat Komitəsinin rəsmisi bu şəhərin ehtiyatı və kifayət qədər vaxtının olduğunu, Olimpiadanı keçirməyə hazır olduqlarını bəyan edir. Düzdür, infrastruktur və zəngin təcrübə ikinci dəfə oyunları keçirmək üçün onlara əsas verir. Bəs Azərbaycan və tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarını keçirmək istəyən digər ölkələr necə olsun? Əslində, Olimpiya hərəkatını inkişaf etdirmək baxımından bu oyunları dünyanın müxtəlif ölkələrində keçirmək tövsiyə olunur və bu məqsədəuyğundur.  Bu dövlətlərin arasında elələri var ki, onların Olimpiya standartlarına tam cavab verməyən idman və digər infrastrukturları olmasa da, onlar bunu qısa müddət ərzində qurmağa qadirdirlər. Avropanın idman-Olimpiya ailəsi Olimpiya Oyunlarının heç vaxt keçirilmədiyi bir ölkəyə – Azərbaycana ilk Avropa Oyunlarının ev sahibliyini etibar edəndə bu işləri qısa müddətdə görmək tələb olunurdu. Cəmi 2 il yarıma.

Ümummilli lider Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda bütün sahələrin sürətli inkişafı az bir müddətdə belə böyük bir tədbirin öhdəsindən gəlmək imkanı yaratdı. Digər tərəfdən, Avropada hökm sürən iqtisadi böhranın Azərbaycana zərrə qədər təsir etməməsi, ölkəmizin hərtərəfli inkişafını sürətlə davam etdirməsi Oyunlara yüksək səviyyədə hazırlıq üçün gözəl fürsət idi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəmizin ilk Avropa Oyunlarına ev sahibi seçilməsini izah edərkən qeyd edib ki, o dövrdə  Azərbaycan Avropada həyat qabiliyyətli yeganə ölkə idi. Ötən illər ərzində bütün sahələrdə nəhəng quruculuq işlərinin, irimiqyaslı layihələrin həyata keçirilməsi, ən əsası isə bu Oyunların Azərbaycan xalqının öz istəyi ilə baş tutması gözlənilən nəticələri verdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunları Təşkilat Komitəsinin çox uğurlu fəaliyyəti nəticəsində sivil dövlət kimi dünyaya nümunə olan Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlığı ilə yeni standartlar ortaya qoydu. Tarixi Oyunların Olimpiya Oyunlarına bərabər açılış mərasimi dünyanın gözünü qamaşdırdı. Hazırda yarışların yüksək səviyyədə və uğurla davam etməsinə bütün dünya şahidlik edir. Yüzlərlə mediya işçisi Azərbaycanla, paytaxtımızla tanış olur,  sıx təmasdan fəal şəkildə yararlanır. Minlərlə qonaq, turistlər tamaşaçı qismində oyunları izləməklə yanaşı, həm də sülhsevər xalqımızın adət-ənənələri ilə tanış olur, ölkəmizdə təhlükəsizlik və əmin-amanlığın hökm sürdüyünün şahidi olur. 

Bütün bunlar ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edən müəyyən dairələrin narahatlıqlarının əbəs olmadığını göstərməkdədir. Onlar Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməklə dünyaya açıq olmasını, həqiqətlərimizin dünyaya olduğu kimi, çatdırılmasını istəmirlər.    

Azərbaycan tarixdə ilk dəfə olaraq, 2016-cı il Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürəndə Bakı ilə yanaşı, Madrid, Tokio, Rio-de-Janeyro, Çikaqo, Doha kimi güclü rəqiblər də mübarizə aparırdılar. Olimpiada-2016-nın ev sahibliyi ən bahalı oyunlardan biri kimi tarixə düşən Panamerika oyunlarını yenicə keçirmiş Rio-de-Janeyroya etibar edildi. Burada Rionun Panamerika Oyunlarında yüksək təşkilatçılıq səviyyəsinin nəzərə alınması şübhəsizdir. Deməli, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın da gələcəkdə Yay Olimpiya Oyunlarını keçirmək şansları bir qədər də artmış oldu. Ölkəmizdə inşa edilmiş yeni idman infrastrukturunun Olimpiya standartlarına uyğun gəlməsi, başda erməni lobbisi olmaqla, müəyyən qara qüvvələri tamamilə özündən çıxarıb. Onlar hətta uydurma şüarlarla minlərlə avropalının bir araya gəldiyi sülh yarışını dayandırmağa çağırış edirlər.

Qeyd etmək yerinə düşər ki, ölkəmiz bu oyunları keçirməklə mənfəət güdmür. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə idman infrastrukturuna həmişə böyük önəm verilib, onun inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul edilib, bölgələrdə Olimpiya idman kompleksləri tikilib, möhtəşəm idman arenaları yaradılıb. Azərbaycanın  Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və Bakı Su İdmanı Sarayının tikintisinə başlanılması və ya bu barədə göstərişin verilməsi Avropa Oyunlarının keçirilməsi barədə qərardan daha əvvələ təsadüf edir. Bütün bunların məntiqi nəticəsidir ki, ölkə yığmamız yarışların favoritlərindən birinə çevrilib. Azərbaycan komandasının Oyunlarda müzəffər qələbəsi ölkəmizdə idmanın necə sürətlə inkişaf etdiyini bir daha əyani göstərdi. Azərbaycan komandasının İlk Avropa Oyunlarında tarix yazması, Oyunların yüksək səviyyədə keçirilməsi və xarici medianın respublikamız barədə təəssüratları qarayaxma kampaniyası iştirakçılarını çıxılmaz vəziyyətə salır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə deyib: “İdman Yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir”. Olimpiya ideallarına sadiq qalan Azərbaycan xalqının reallaşdırdığı  tarixi Avropa Oyunları Olimpiya hərəkatının inkişafına töhfə vermək, idman vasitəsilə xalqları bir-birinə daha da yaxınlaşdırmaq kimi ali məqsədə xidmət edir.  

Təəssüf ki, bu ali məqsədin özü də bəzi dövlətlərdə və onları müdafiə edən müəyyən dairələrdə qıcıq yaradır. Ermənipərəst qüvvələrin təhriki ilə aparılan qarayaxma kampaniyasında idmanın siyasiləşdirilməsi açıq şəkildə tələb edilir. Bu kampaniyaya ən böyük zərbəni isə Azərbaycanın I Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi və komandamızın tarixi Oyunlarda qələbəsi vurur.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında