Birinci Avropa Oyunlarının müstəqil Azərbaycan Respublikasında keçirilməsi, eləcə də belə möhtəşəm bir tədbirin layiqincə baş tutması üçün yüksək səviyyədə təşkilati işlər görülməsi bu gün beynəlxalq ictimaiyyətin ən çox müzakirə etdiyi məsələdir. Artıq dünya mediası, demək olar ki, hər gün Bakıdan danışır, bu qədim və çoxmillətli şəhərdə 50-dən çox ölkədən gəlmiş idmançıların və digər rəsmi şəxslərin böyük qonaqpərvərliklə qarşılanmasından yazır. Ən nüfuzlu telekanallar milyonlarla tamaşaçıya birinci Avropa Oyunlarında qələbə qazanan, yaxud məğlubiyyətə uğrayan idmançılar haqqında məlumat çatdırır. Bir sözlə, bu günlər dünyanın gözü Bakıdadır. Bu, əlbəttə, ölkəmizin beynəlxalq aləmdə get-gedə artan nüfuzuna yeni çalarlar əlavə edir. Buna sevinməmək mümkün deyil.
Eyni zamanda, hər gün dünya mediası Bakının tarixi, mədəni guşələri, gəzməli-görməli yerləri haqqında, eləcə də insanları, adət-ənənələri barədə məlumatlar verir. Artıq Azərbaycanın dünyaya “baxın, biz necə tolerant, insansevər, sülhsevər bir ölkəyik” – deyə car çəkməsinə ehtiyac yoxdur. İndi bunu dünya mediasının, tele-radio kanallarının özləri edir. Biri var, biz avropalının qulağına pıçıldayaq ki, görürsünüzmü, biz haqq-ədalət ölkəsiyik, heç bir başqa xalqa, o cümlədən, ermənilərə qarşı bəd niyyətimiz yoxdur və sənə qulaq asmaq istəməyənlər. Biri də var, bunu avropalı turistin, idmançının, telekanal müxbirinin özü görüb danışsın və sıravi avropalı üçün , inandırıcı olsun.
Bəli, məsələ də bundadır ki, azərbaycanlıların on illərlə təqdim etməyə çalışdığı tolerant, qonaqpərvər və sülhsevər Azərbaycan haqqında bu gün avropalı özü danışır. Artıq avropalılar əmindirlər ki, Azərbaycan sabit, çiçəklənən, dostlarına cəsarətlə qucaq açan, varını dostları ilə bölüşməyə hazır olan bir ölkədir. O, çox cəsarətlə birinci Avropa Oyunlarının keçirməyə razılıq verdi və çox qısa bir müddət ərzində – cəmi 2 il yarım vaxtını Oyunların hazırlıq işlərinə həsr etdi. Nəticədə, hamının etiraf etdiyi kimi, çox möhtəşəm bir açılış mərasimi düzənlədi, ayrı-ayrı idman növləri üzrə yarışlar üçün bir-birindən gözəl idman arenalarını qonaqların ixtiyarına verdi. Bu günlər yarışlar davam edir. Qonaqlar yüksək səviyyəli şəraitlə təmin olunublar. Və bir həftədən sonra onlar qonaqpərvərliklə öz ölkələrinə yola salınacaqlar. İndi buna bütün Avropa əmindir. Çünki artıq birinci dəfə deyil ki, ölkəmiz belə mötəbər bir tədbirə ev sahibliyi edir. Azərbaycanın bu sahədə artıq kifayət qədər təcrübəsi var. Bu təcrübədən yararlanan dövlətimiz bu möhtəşəm vəzifənin də öhdəsindən layiqincə gələcək.
Azərbaycanın müstəqillik qazandıqdan sonra qısa zaman kəsiyində bu cür beynəlxalq əhəmiyətli addımlar atması, şübhəsiz ki, ədalətli avropalı mütəxəssislər, siyasətçilər, ictimai xadimlər tərəfindən layiqincə qiymətləndirilir. Görünən budur ki, xalqımız öz müdrikliyi və istedadı sayəsində istənilən çətin işin öhdəsindən şərəflə gəlməyə qadirdir. Bu, birinci Avropa Oyunlarının təşkili və keçirilməsi prosesində də özünü açıq-aşkar göstərdi və hamı bunun şahidi oldu.
Maraqlıdır ki, Oyunlar Azərbaycan ictimaiyyətində də böyük ruh yüksəkliyi yaratmışdır. İndi çox yerdə idmançılarımızın qələbələri haqqında danışılır: “Gördünmü, Rafael necə qalib gəldi”, “Toğrulun qələbəsi çox möhtəşəm oddu” və s. Xüsusən də idmançılarımızın ermənilər üzərində qazandığı qələbələr barəsində şəhər sakinlərinin böyük coşqu ilə söhbət etməsi adama qürur verir. Belə idman qələbələri cəbhədəki uğurları daha da möhkəmləndirir və erməninin özü də etiraf etməli olur ki, Azərbaycan bütün sahələrdə qələbəyə layiqdir və bu qələbəni gələcəkdə Qarabağ uğrunda mübarizədə də qazanacaq.
Lakin təəssüflər olsun ki, Azərbaycanın bu uğurlarını gözügötürməyən bəzi siyasi qüvvələr, onların xarici himayədarları, bəzi mətbuat nümayəndələri ölkəmizə qarşı çirkin böhtanlar atmaqdan, qarayaxma siyasəti yürütməkdən də qalmırlar. Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməsinə qara yaxmağa çalışan qüvvələrin nə qədər məkrli planlar cızdığını görmək çətin deyil. Lakin bir Azərbaycan atalar məsəlində deyildiyi kimi, “dəyirman öz işini görür, çax-çax baş ağrıdır”. Bu gün Azərbaycanı sevməyən, erməni diasporunun çaldığı havaya oynayan qüvvələr də artıq uduzduqlarını başa düşürlər və görürlər ki, müstəqil və güclü Azərbaycan dövləti üzərinə götürdüyü məsuliyyətli işin öhdəsindən necə gəlmək lazım olduğunu çox gözəl bilir. Çünki Azərbaycanın daxili və xarici siyasətinin təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu dayanır. Dövlətin başında isə bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev var. Bunun üçün də əminliklə deyə bilərik ki, çirkin kampaniya ilə məşğul olan qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan son nəticədə öz sözünü cəsarətlə deyəcək, öz siyasi xəttini uğurla başa çatdıracaq.
Bu mənada “Amnesty İnternatsional”ın də, digər siyasi qüvvələrin də cəhdləri iflasa məhkumdur. Çünki artıq dünya və Avropanın öndə gedən kütləvi informasiya vasitələri birinci Avropa Oyunlarının açılış mərasimini “Möhtəşəm açılış”, “Gözlənilməz sürpriz”, yaxud “Fantastik şou” kimi ifadələrlə təqdim etməsi bütün qaranlıqların üzərinə işıq saçmışdır. Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı bədnam qətnaməsi, Almaniya Bundestaqında aparılan müzakirələr son nəticədə birinci Avropa Oyunlarının məşəli və gur alovu qarşısında əriyib puça döndü. Bu kimi gərəksiz münasibətlərə elə Avropa siyasətçilərinin, Avropa KİV-lərinin özü layiqli cavab verdi. Son günlər Almaniya qəzetlərindən birində birinci Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar, Azərbaycana qarşı əsassız hücum edənlər kəskin tənqid edildi. Yazıda deyilir: “Təəssüf ki, bu, alman mediasının tənqidindən çox, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasıdır. Azərbaycanın iqtisadi inkişafı və Avropa Oyunlarının aktuallığı fonunda ölkəyə qarşı qərəzli mövqedən çıxış etmə kimi məsələlərin meydana atılması da Oyunların əhəmiyyətinə öz təsirini göstərir. İlk Avropa Oyunlarını, ölkə haqqında reallıqları, onun sürətli iqtisadi inkişafı barədə xəbərləri dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırmaq məqsədilə bütün xarici jurnalistlər və eyni zamanda, alman jurnalistlər Azərbaycan Respublikasında akkreditə olunublar”.
Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının da əsassız olduğu xüsusi vurğulanıb. “Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan Yeni Müsavat və “Azadlıq” gündəlik olaraq ölkədə ən böyük tirajla çap edilir. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayişlər dinc və insidentsiz başa çatır".
Bu cür qarayaxma və gözdənsalma kampaniyalarına fransalı deputat Natiali Qule də kəskin münasibət bildirib. O da bəyan edib ki, Azərbaycan gənc və iqtisadi cəhətcə inkişaf edən ölkədir. Bu ölkənin birinci Avropa Oyunlarını keçirməkdə cəsarətlə hərəkət etməsi təqdirəlayiq haldır. Bu cür müsbət cəhətləri görməzlikdən gələrək mənasız şayiə və böhtanlarla bu ölkəni və eləcə də tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını gözdən salmağa heç bir səbəb və əsas yoxdur. Bu cür fikirləri Qərbin digər görkəmli ictimai-siyasi xadimlərinin, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və digərlərinin bəyanatlarında da görürük.
Təbii ki, Azərbaycan müstəqillik qazanmasından qısa müddət keçməsinə baxmayaraq, sürətli sosial-iqtisadi inkişafa nail olub. Heç bir şübhə yoxdur ki, 6 minlik idmançılar ordusu, eləcə onları müşayiət edən digər şəxslər ölkəmizi razılıq və minnətdarlıq hissi ilə tərk edəcəklər. Əlbəttə, onların hər biri öz ölkəsində Azərbaycanın nə qədər gözəl və multikultural, qonaqpərvər və sülhsevər bir ölkə olduğu haqqında danışacaq, birinci Avropa Oyunlarının tarixə Bakı şəhərinin adı ilə yanaşı yazıldığını deyəcək.
Beləliklə, bütün bəd niyyətlərə baxmayaraq, Bakı ilə bağlı xatirələr, birinci Avropa Oyunlarının təəssüratları müasir tariximizin maraqlı bir səhifəsi kimi uzun müddət xatirələrdə yaşayacaq.
Paşa ƏMİRCANOV,
Elçin ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.