Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında iyunun 20-də və 21-də ölkəmizə yeni medallar qazandırmış idmançılarla ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. İyunun 21-də keçirilmiş tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycanın Olimpiya çempionu Lyudmila Şubina və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışların doqquzuncu gününün də atletlərimiz üçün uğurlu olduğunu bildirdi. Onun sözlərinə görə, dünən Azərbaycan 33-cü medalını qazandı. Azərbaycanın kişi gimnastı Oleq Stepko yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazandı. “Söz yox ki, böyük tarixi hadisə olan birinci Avropa Oyunları, eləcə də idmançılarımızın bu Oyunlarda parlaq qələbələri hər kəsin yaddaşında qalacaq”.
Sonra Azərbaycana 5 medal qazandırmış Oleq Stepkoya MOK-un hədiyyələri təqdim olundu. Oleq xüsusi hazırlanmış şərəf lövhəsinə öz imzasını atdı.
İyunun 22-də Milli Olimpiya Komitəsində keçirilən tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov gümüş medal qazanmış gimnast Marina Durunda və bürünc medalçı İlya Qrişinini (batut gimnastikası) təbrik etdi.
İsmayıl İsmayılov bildirdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları ilə hər gün görüşlər keçirilir və onların bu qayda ilə geniş Azərbaycan ictimaiyyətinə təqdim edilməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, dövlət himni səsləndirilir, ölkəmizin əsl idman dövləti olduğu bir daha təsdiqini tapır. Bu günədək ölkəmiz 14-ü qızıl olmaqla, ümumilikdə, 35 medal qazanıb. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin xoş nəticəsidir. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır.
Nazir müavini əmin olduğunu bildirdi ki, birinci Avropa Oyunlarının bağlanış gününə qədər Azərbaycan idmançılarının uğurları davam edəcək. O, qarşıdakı günlərdə mübarizəyə qoşulacaq idmançılarımıza uğurlar arzuladı.
İ.İsmayılov qeyd etdi ki, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını etiraf edir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Hamı Azərbaycana, Bakıya valeh olduğunu bildirir.
Sonra İsmayıl İsmayılov və MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova uğurlu nəticələr göstərmiş idmançıları təbrik edərək onlara hədiyyələr təqdim etdilər. Fürsətdən istifadə edərək biz də qalib idmançımızı təbrik etdik və onların “Xalq qəzeti” üçün eksklüziv təəssüratını öyrəndik.
Marina Durunda:
– Birinci Avropa Oyunları istər Azərbaycanın, istərsə də Avropanın tarixində böyük hadisədir. Bu Oyunlara Azərbaycan, bütün xalqımız yüksək səviyyədə hazırlıq görüb. Oyunların təşkili ilə bağlı Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhməti daha çox olub.
İndi də ayrı-ayrı idman növləri üzrə yarışlar yüksək səviyyədə keçirilir. Mən də Azərbaycanın bu Oyunlarda daha çox medal qazanması üçün əlimdən gələni etdim. Buna görə ilk növbədə məşqçilərimə minnətdaram. Eyni zamanda, xalqımıza, bütün idmansevərlərə “sağ olun” deyirəm ki, sonadək bizə azarkeşlik etdilər, dəstək oldular.
Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılıb və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər.
Qeyd edək ki, Marina Durunda bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. O, 2014-cü ildə Türkiyənin İzmir şəhərində keçirilmiş dünya çempionatında inamla mübarizə aparıb. Bu il Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə 31-ci Avropa çempionatında bürünc medal qazanıb.
İlya Qrişinin:
– Yarışlara qızıl medal uğrunda mübarizə aparmaq əzmi ilə başlamışdım. Təəssüf ki, son nəticədə, qazandığım bürünc medal oldu. Amma buna baxmayaraq, çox sevinirəm və qürurlanıram ki, ölkəmdə – Azərbaycanda birinci Avropa Oyunları keçirilir və bu böyük tədbir haqqında bütün Avropa ölkələrinin müsbət rəyi var. Avropalı həmkarlarla söhbətlərdə dəfələrlə eşitmişəm ki, Azərbaycan tarixə düşən birinci Avropa Oyunlarını çox yüksək səviyyədə hazırlayıb, bir-birindən gözəl idman arenalarını idmançıların sərəncamına verib. Gələcəkdə azarkeşlərimin ümidlərini daha yüksək nəticələrlə doğrultmağa çalışacağam.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.