Denis KLYUYEV: Hər şey əla təşkil edilib

Rusiya nümayəndə heyəti parada çıxanda stadionda hamı ayağa qalxaraq bizi alqışladı

Rusiyalı karateçi, beşqat Rusiya çempionu, Avropa çempionu, şotokan karate üzrə ikinci dan sahibi, Rusiyanın idman ustası Denis Klyuyev “karate.ru” portalına verdiyi müsahibədə deyib: “Əminəm ki, Bakıda keçirilən birinci Avropa Oyunları karatenin Olimpiada proqramına daxil edilməsi yolunda böyük bir addım olacaq”.

Avropa Oyunlarında ən yaxşı karateçilərin iştirak etməsini vurğulayan D.Klyuyev qeyd edib ki, Azərbaycan karateçisi, dördqat dünya çempionu, doqquz dəfə Avropa çempionu, beşinci dan sahibi, karate üzrə Azərbaycan yığma komandasının kapitanı Rafael Ağayev, gözlənildiyi kimi, hərtərəfli mükəmməllik nümayiş etdirdi - həm sürət, həm taktika və həm də cilalanmış texnika!

“Yarışların təşkilində nöqsanlar vardımı?” sualının cavabında D.Klyuyev qeyd edib ki, elektron biletlərin dəyişdirilməsindən başlamış, bütün Oyunlar dövründə şəhərdə pulsuz  transferə qədər hər şey əla təşkil edilib. Şəhərin hər yerində minlərlə könüllü istənilən məsələnin həllinə kömək etməyə hazırdır.

Rusiyalı məşhur karateçi Bakıya səfərindən aldığı xoş təəssüratları bölüşərək deyib: “Turnirdə iştirak etməkdən adrenalin və müsbət emosiya, böyük bayram ab-havası duydum. Orada Ufadan olan gənclərlə rastlaşdıq. Onlarla bərabər bizim idmançılara azarkeşlik etdik, Azərbaycan mətbəxinin ləziz yeməklərinin  dadına baxdıq. Bakıda Dənizkənarı bulvarda gəzintilər xatirimizdə qaldı. Bakılılar çox səmimi insanlardır. Bir fakt məni çox heyrətləndirdi ki, yaxın vaxtlarda tikilmiş, 68 min tamaşaçı tutan Olimpiya Mərkəzində Avropa Oyunlarının açılış mərasimində Rusiya nümayəndə heyəti parada çıxanda stadionda hamı ayağa qalxaraq bizi alqışladı. Mən həmin anda hədsiz qürur hissi keçirdim!”.

D.Klyuyevin sözlərinə görə, Avropa Oyunlarına gedərkən gözlədiyi bütün ümidlər doğrulub. O deyib: “Bremendə olarkən başa düşdüm ki, hökmən Avropa Oyunlarına getməliyəm. Bakıya yola düşəndən bir ay əvvəl bir qədər tərəddüd etməyə başlamışdım, lakin yarışların elə ilk günündə bütün şübhə və tərəddüdlərim yox oldu. Hədsiz razıyam. 2018-ci ildə karate üzrə Avropa çempionatını Azərbaycanda keçirməyi vəd edirlər. Gözləyəcəyik!”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında