Azərbaycan dövlətinin təmsilçisi olmaqdan hədsiz qürur duyuruq

I Avropa Oyunlarının ilk həftəsi uğurla başa çatdı. Avropa qitəsinin 50 ölkəsindən gələn atletləri Bakının idman arenası ciddi sınağa çəkir. Avropalı idmançılar müxtəlif mətbu orqanlarına verdikləri açıqlamalarda bu möhtəşəm Oyunlarda qazandıqları nailiyyətlərlə fəxr etdiklərini bildirir, qeyd edirlər ki, Bakıda  onlar üçün yaradılan hərtərəfli şərait yarışlarda öz imkanlarından maksimum istifadə etmək üçün geniş imkanlar açır.  I Avropa Oyunlarında Azərbaycan komandasının yüksək səviyyəli çıxışı isə nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir. Bu mötəbər yarışlarda medal qazanmış hər bir idmançımız ilə görüşümüzdə onlar qələbə əzmini dilə gətirdilər, Azərbaycanı təmsil etməkdən qürur hissi duyduqlarını bildirdilər. Federasiya rəsmiləri, məşqçilər Azərbaycanın hərtərəfli inkişafı nəticəsində bugünkü zəfər üçün möhkəm zəmin yarandığını qeyd etdilər. 

Toğrul Əsgərov, güləş üzrə I Avropa Oyunlarının qalibi:

– London Olimpiadasından Avropa Oyunlarına qədər ötən dövr mənim üçün asan keçməyib. Avropa və dünya çempionatlarında çıxışlarım uğurlu olmayıb. Dizimdən əməliyyat olundum, 1 il döşəkdən kənarda qaldım. Növbəti ildə özümü yenidən toplamaq və yarışlara hazırlaşmaq bir qədər çətin oldu. Bu gün üçün gərgin məşqlərimi inamla davam etdirirdim. I Avropa Oyunlarında qızıl medal qazanmaq arzum böyük idi. Şükürlər olsun ki, məqsədimə çatdım. Rəqiblərimi tanıyırdım. Kim daha güclü idisə, o da qalib gəldi. Finalda italiyalı güləşçi ilə ilk dəfə görüşürdüm. Həyəcan olsa da qalib olmağa inamım da böyük idi. Qələbəmi dövlətimə həsr edirəm. Tarixi oyunlarda komandamız böyük nailiyyət əldə edir. Azərbaycan dövlətinin təmsilçisi olmaqdan keçirdiyimiz qürur hissi hədsizdir.

Niyaməddin Paşayev, Taekvondo Federasiyasının vitse-prezidenti:

– Taekvondo komandamızda 8 idmançı mübarizə aparırdı. Gözəl nəticələr əldə  edildi. Yığmamız I Avropa Oyunlarını uğurla başa vurdu – 3 qızıl, 1 gümüş, 1 bürünc medal. Doğrusu, 2 qızıl medal  gözləyirdik. İdmançılarımızda qələbə əzmini xüsusi qeyd etmək istəyirəm. Buna misal kimi gənc idmançımız Ayxan Tağızadəni göstərmək istəyirəm. Ayxanın güclü potensialını nəzərə alıb medal qazanacağına ümid edirdik. Amma o gözləniləndən də artıq səviyyədə nəticə göstərdi. Onun çəkisində çox güclü idmançılar - Olimpiya  çempionları, mükafatçıları, dünya və Avropa çempionatının qalib və mükafatçıları mübarizə aparırdılar. Gənc idmançımızın belə güclü rəqiblər arasında qızıl medal qazanması bizi çox sevindirdi.

Ümumilikdə, Azərbaycan yığmasının perspektivləri çox böyükdür. I Avropa Oyunlarında idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın nə qədər inkişaf etdiyini bir daha göstərdi. İdmançılarımızın qələbə ruhu onların çıxışlarında aşkar hiss olunurdu. Atletlərimizin hər biri Azərbaycan komandasını təmsil etməkdən qürur hissi keçirirdilər. Bu uğuru Olimpiada-2016-da təkrarlamaq ən böyük arzularımızdan biridir.

Ayxan Tağızadə, taekvondo üzrə I Avropa Oyunlarının qalibi:

– I Avropa Oyunlarında güclü rəqiblərimiz var idi. Komandamızın digər üzvləri kimi, mən də qalib olmağı qarşıma məqsəd qoymuşdum. Qarşılaşmam zamanı bir anı xüsusi vurğulamaq istəyirəm. Mənim çıxışımdan  əvvəl cənab Prezidentin döyüşləri izləməyə gəldiyini televizorda görmüşdüm. Açığı həyəcanlanmağa başlamışdım.  Federasiyamızın vitse-prezidenti Niyaməddin Paşayev mənə yaxınlaşıb Prezident İlham Əliyevin döyüşü izləməyə gəldiyini dedi. Mənə var gücümlə döyüşməyimi dedi. Bu an özümü necə hiss etdiyimi dilə gətirməkdə çətinlik çəkirəm. Rəqibim zəif deyildi. Amma mən bir anlıq özümü qalib kimi hiss etdim. Həmin inamla da döyüşə başladım. Döyüş boyu mən inanırdım ki, son ancaq qələbə ilə gələ bilər. Ümidləri doğrultduğuma görə çox sevinirəm. Komandamızın uğurlu çıxışında mənim də payımın olması hədsiz qürurvericidir. Prezidentin məni alqışlamasından böyük uğur varmı?

Akif Əliyev, yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi:

– Azərbaycan komandasının I Avropa Oyunlarında zəfər qələbəsi ölkəmizin gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Müxtəlif idman növləri üzrə bir-birinin ardınca gözəl nailiyyətlər əldə edilir. Qələbə əzmi idmançılarımızın ruhuna hakim kəsilib. Onlardan, məhz belə nəticələr gözləyirdik.

Yunan-Roma güləşi üzrə yığma komandamız  da ümidləri doğrultdu. Sabah Şəriəti, Elman Muxtarov, Orxan Nuriyev yaxşı təsir bağışladılar. Düzdür, nəticələr bir az da yaxşı ola bilərdi. Çıxışları uğurlu alınmayan idmançılarımız da var. Ümid edirik ki, sentyabrda Amerikada keçiriləcək dünya çempionatında  onlar da sözlərini deyəcəklər. Dünya çempionatına hazırlıq məqsədilə artıq bərpaedici məşqlərə başlamışıq. Təlim-məşqlərdə idmançılarımızın bəzi səhvləri üzərində də işləyəcəyik. 

Cəmaləddin Məhəmmədov, güləş üzrə I Avropa Oyunlarının bürünc medalçısı:

– Azarkeşlərin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Çempion olmaq istəyirdim, təəssüf ki, alınmadı. Buna görə azarkeşlərdən üzr istəyirəm. Bu qədər insanın dəstəyi biz idmançıları qələbəyə ruhlandıran əsas amillərdən idi. Belə dəstəyə görə, hökmən medal qazanmalıydım. Gələcək yarışlarda etimadı doğrultmaq üçün bütün qüvvəmi səfərbər edəcəyəm. Çalışacağam ki, daha böyük uğurlar qazanım.

Hacı Əliyev, güləş üzrə I Avropa Oyunlarının bürünc mükafatçısı:

– Sevinirəm ki, medalsız qalmadım. Düzdür, qızıl medal qazanmaq istəyirdim. İnşallah, qarşıdan gələn yarışlarda, xüsusən də dünya çempionatında sözümüzü deyəcəyik.  Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada təkrarlamayaq və çempion titulunu qazanaq. Onu da qeyd edim ki, qüdrətli Azərbaycanı təmsil etmək bizi qürurlandırırdı.

Xetaq Qazyumov, güləş üzrə I Avropa Oyunlarının qalibi:

– Belə bir mötəbər yarışlarda qızıl medal qazandığım üçün çox sevinirəm. Özü də buna Bakıda doğma azarkeşlərimiz qarşısında nail olmağımla fəxr edirəm.

Rusiya təmsilçisi Abdusalam Qadisov üzərində qələbəmi xüsusi qeyd etmək istəyirəm. Demək istəmirəm ki, bu ötənilki məğlubiyyətə görə bir revanş idi, Sadəcə bu, qələbə qazandığım növbəti döyüşümüz idi. Düşünürəm ki, bu döyüşdə bəxtim bir az gətirdi. Bizim gələcəkdə də belə görüşlərimiz olacaq. Etiraf edim ki, həyəcan var idi. Azarkeşlərin dəstəyi ilə, doğma divarlar arasında qələbə qazanmaq çox gözəl idi.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında