Adi vaxtlarda belə Bakının gediş- gəlişli güşələrindən olan Fontanlar bağı Avropa Oyunlarının keçirildiyi günlərdə paytaxtın ən qonaq-qaralı ünvanlarından birinə çevrilib. Qədim İçərişəhərin bayır şəhərin “Avropasayağı” məhəllələrinə qovuşduğu ərazidə yerləşən, Dənizkənarı Milli Parka mərkəz hissədən əsas çıxışların başlandığı bu bağ artıq bir həftədən çoxdur ki, turistlərin ən çox ötüb keçdiyi yerlərdən biridir.
Elə buna görə də Avropa Oyunlarının gənclərdən ibarət yerli könüllüləri səhər saatlarından gecəyarıya qədər parkın giriş- çıxışlarında əcnəbi qonaqlara bələdçilik edirlər. Könüllülər hər gün minlərlə turistin zəruri sorğusunu cavablandırır, onları sərin sulara qonaq edir, əcnəbilərə turizm obyektlərinin xəritəsini, danışıq kitabçalarını təqdim edir, tərcümə xidməti göstərirlər.
Fransanın cənub mirvarisi olan, İtaliya ilə qonşuluqda, Mələklər körfəzində yerləşən Nitsadan gəlmiş Deyvid Doqanla da burada tanış olduq. 15-dək muzeyi olan bir şəhərin sakini Bakının yaxınlıqdakı muzeyləri ilə tanışlıqdan sonra bura gəlib çıxmışdı. İndi isə Nitsa kimi körfəzdə yerləşən Bakının dənizkənarı bulvarına çıxmaq istəyirdi. Bələdçi oğlanın tərcüməçiliyi ilə Deyvidlə söhbət edə-edə Dənizkənarı Milli Parka çıxdıq. Müsahibim Bakı bulvarının gözəlliyinə, dənizə və şəhərə açılan qövsvari mənzərəyə heyranlığını şövqlə ifadə edirdi:
– Bakı Şərqin əfsanəvi min bir gecələrinin çağdaş timsalı kimi insanı əfsunlayır. Bakı aeroportuna daxil olduğum andan heyranlıq içərisindəyəm. Bu şəhərdə Şərqin qaynar, əlvan mənzərələri Qərbin ciddi, sivil görüntüləri ilə qəribə uyarlıqda qovuşub. Bütövlükdə, necə deyərlər, Azərbaycanın ayaqları Şərqdə – başı Avropadadır. Burada, eyni zamanda, özünü həm Şərqdə, həm də Qərbdə hiss edirsən. Birinci Avropa Oyunlarının bəxti onda gətirdi ki, idman tarixinə ilk addımını belə bir nadir şəhərdə atdı. Təşkilat Komitəsi Azərbaycan dövlətinin güclü dəstəyi ilə bu başlanğıcı çox yüksək səviyyədə təşkil etmişdir. Bu şəhər öz hərarətli qoynunu sivilizasiya beşiyi olan köhnə qitənin elçilərinə hüdudsuz bir məhəbbətlə açmışdır.
Mənim Bakıya gəlişim də, əslində, Oyunlara hazırlıqla bağlı əvvəlcədən aparılmış işlərin bir nəticəsi sayıla bilər. Nitsa Avropanın caz mərkəzidir, hər il burada ənənəvi caz festivalı keçirilir. Bakının da adını cazın çox sevildiyi şəhərlərdən biri kimi eşitmişdim. Nə vaxtsa ürəyimdən bura gəlmək həvəsi keçmişdi. Bu ilin martında, Nitsa Milli İdman Muzeyində keçirilən “Azərbaycan– idman fotoobyektivdə” sərgisindən sonra isə Bakıya gəlmək istəyim qətiləşdi. Avropa Azərbaycan Cəmiyyəti Fransa Nümayəndəliyinin, Fransa Milli Olimpiya Komitəsinin və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin şəhərimizdə keçirdiyi həmin təqdimat sərgisi məndə Bakıda möhtəşəm günlər yaşanılacağına dərin inam yaratdı.
Artıq bir həftədir ki, Bakıdayam. Təkcə idmançılara deyil, oyunları izləyən turistlərə də hər yerdə ideal şərait yaradılıb. Bakı kimi Şərq ulduzu sayılan şəhərdə hər şeyin Avropanın qəlbinin döyünməsinə yönəldiyi günlərdə olmağımı taleyin nadir qisməti hesab edirəm. Açılış mərasiminin fantastik əhvalı məni hələ də tərk etməyib. Olimpiya stadionunda həmin axşam Azərbaycan milli mədəniyyətinin ruhunu ifadə edən hər şey cazibəli, məftunedici idi.
Yarışların təşkili və gedişi də Azərbaycanı qabaqcıl idman ölkəsi kimi təqdim edir. Gənc və nisbətən kiçik bir ölkə ənənəvi böyük idman dövlətləri qədər uğur qazanır. İdmana davamlı maraq hər bir ölkənin bəşəri dəyərlərə bağlılığının mühüm göstəricisidir. İdman mədəniyyət, sağlamlıq, güc, əmin-amanlıq, xoş məram göstəricisidir. Bu günlər Bakıda baş verənlər ölkənizin bu dəyərləri uca tutduğunu hər addımda təsdiqləyir.
Təəssüflənirəm ki, Azərbaycanı yaxından tanımaq imkanı mənə gec nəsib oldu. Bundan sonra Azərbaycan və Bakı sözləri həmişə məndə xoş hisslər, dostluq duyğuları oyadacaq. Avropa Oyunları sizə mənim kimi çox sayda dostlar qazandırdı. Mənə elə gəlir ki, bugünlərdə sizə həsəd aparanların sayı heç də az deyil.
Hər addımda gördüyü mənzərələri həvəslə fotoaparatın yddaşına köçürən, ötən hər dəqiqənin xoş əhvalını varlığına hopdurmağa çalışan nitsalı qonaq Bakının turistlər üçün bənzərsiz bir şəhər olduğunu da vurğuladı:
– Bakının dünəninin yadigarları olan Qız qalası, İçərişəhər qalası, Parisi, Romanı, Brüsseli xatırladan mərkəzi küçələri, meydanları, nadir binaları, zəngin muzeyləri, yenidən qurulmuş, böyüdülmüş bulvarı, rahat mehmanxanaları turizm üçün olduqca cəlbedicidir. İnanıram ki, Avropa Oyunları ümumi idman uğurları ilə yanaşı , dünya turizm bazarına da Bakı kimi gözəl bir şəhəri, Azərbaycan kimi qonaqpərvər, rəngarəng mədəniyyəti olan bir ölkəni iri planda təqdim etməkdədir.
Sonda bildirmək istəyirəm ki, mart ayında Nitsada məni Bakıya gəlməyə təşviq edən “Azərbaycan–idman fotoobyektivdə” ekspozisiyası iyunun 4-dən Parisdə Fransa Milli Olimpiya Komitəsinin iqamətgahında sərgilənir və Avropa Oyunları başa çatanadək davam edəcək.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.