“Azərbaycan əsl idman ölkəsidir”

I Avropa Oyunlarına qatılan idmançılar mübarizənin  bu qədər gərgin və çətin olacağını qabaqcadan bilirdilər. Çünki yarışlara qoşulmuş idmançılar arasında çoxlu sayda Olimpiya, dünya və Avropa çempionları var idi. Onların hamısı mükafata iddialı idilər. Elə də oldu. Yarışlar gözlənildiyindən də gərgin mübarizə şəraitində keçdi. Bunu komandaların təmsilçiləri də təsdiqləyirlər:

Drianis Mujuxin, Belarus komandası rəhbərinin müavini:

– İlk Avropa Oyunlarına dəvət alanda, doğrusu, bu yarış haqqında təsəvvürüm az idi. Çünki 20 idman növü üzrə mübarizə aparılacaqdı. Adətən, belə yarışlar Olimpiya Oyunlarında keçirilir. Hər halda, komandamız bu yarışlarda iştirak etməyə məmnunluqla razılıq verdi. Sonradan öyrəndik ki, dünyanın adlı-sanlı idmançıları da yarışa qatılacaqlar. Bu, bizim məsuliyyətimizi daha da artırdı. Yarışların keçirildiyi məkana – Azərbaycana gəldikdə isə, inanın ki, gördüklərimizə inana bilmirdik. Yarışların keçirildiyi stadionları, idman qurğularını gördükcə fikirləşirdik ki, sanki sehrli idman aləmindəyik. Təşkilati işlər o qədər yüksək səviyyədə qurulub  ki, adam söz tapmır deməyə. Öyrəndik ki, bu işlərin hamısı qısa bir müddətdə görülüb. Boş vaxtlarımızda şəhərinizlə tanış olarkən qarşılaşdığımız səliqə-sahman, qeyri-adi tikililər və digər yeniliklər bizi heyran qoydu. İdmançılarınızın uğurlu çıxışları da bizi valeh etdi. Azərbaycan əsl idman ölkəsidir.

Aleksandr Xaxiyev, Belarus komandasının meneceri:

– Mən də komanda yoldaşımın dedikləri ilə tam razıyam. İdmanın əksər növləri üzrə keçirilən yarışlarda Azərbaycan komandasının üzvləri mükafata layiq yerlər tutublar. Bunu qazanılan medalların sayı da göstərir. Elə ölkələr var ki, bir neçə idman növü üzrə uğur qazanırlar. Həmin ölkələrdə yalnız idmanın bu növünə xüsusi diqqət yetirilir. Beynəlxalq yarışlar başlayanda artıq çoxlarına bəlli olur ki, bu idman növü üzrə qalib hansı ölkənin idmançısı olacaq. Birinci Avropa Oyunlarında isə şahidi olduq ki, Azərbaycan idmançıları əksər yarışlarda mükafata layiq yerlər tutublar. Bu da ölkədə idmanın inkişafına xüsusi qayğı göstərilməsindən xəbər verir. Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Ancaq Azərbaycanda gördüyüm idman qurğularına və stadionlara rast gəlməmişəm. Maraqlandım ki, görəsən bu idman qurğuları birinci Avropa Oyunları naminə tikilib? Sonradan öyrəndim ki, Azərbaycanın əksər əyalətlərində müasir tələblərə cavab verən Olimpiya idman kompleksləri var. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan artıq idman ölkəsinə çevrilib.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında