Qızılımızın parıltısı çox gözləri qamaşdıracaq

Kassaların qarşısındakı uzun növbələr bəzi Avropa ölkələrinin siyasi dairələrinin ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə Azərbaycan cəmiyyətinin etiraz aksiyasıdır.

“I Avropa Oyunları ilə bağlı apardığımız hesablamalar, iqtisadi və siyasi müstəvidə ölkəmizin əldə edəcəyi üstünlüklərə dair bütün gözləntilərimiz özünü doğrultmaqdadır. Məhdud dairəni əhatə edən bəzi təşkilatlar və onlara bu və ya digər dərəcədə dəstək verən ölkələrin apardığı əks təbliğata baxmayaraq dövlətimizin ”Bakı 2015" vasitəsilə çatmaq istədiyi hədəflər artıq gözlə görünəcək qədər yaxınlıqdadır. Bu hədəflər ölkənin xarici siyasət arenasında mövqelərinin möhkəmləndirilməsi, regionun əsas güc mərkəzi olmasının sübuta yetirilməsilə yanaşı, xarici investisiyaların cəlb olunması, ölkəyə turist axınının təmin edilməsi və eləcə də ixracatın artırılması kimi istiqamətləri əhatə edən çoxşaxəli proqrama söykənir".

Bu fikirlər “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin I Avropa Oyunları ilə bağlı yaydığı növbəti bəyanatdandır. Təşkilat təmsilçiləri hesab edirlər ki, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə və bütün müasir standartlara cavab verəcək şəkildə təşkil etməklə daha böyük əhatə dairəsinə malik idman yarışlarını keçirmək imkanında olduğunu nümayiş etdirə bilib: “Oyunların təşkilatçılıq səviyyəsi göstərdi ki, Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya qucaq aça bilər və bunun üçün bizim potensialımız kifayət qədər böyükdür. Əslində bəzi dairələrin ölkəmizə qarşı apardığı çirkin kampaniyaların, qərəz dolu bəyanatların və sifarişli yazıların arxasında da elə Azərbaycanın I Avropa Oyunları vasitəsilə daha böyük hədəflərə doğru addımlayacağından dolayı yaranan nararahatlıq dayanır. Biz əvvəlki açıqlamalarımızda da qeyd etmişdik ki, I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana olan təzyiqlər də artacaq, oyunlar keçirildiyi ərəfədə isə bu təzyiqlər daha açıq şəkil alacaq. Belə də oldu, Oyunların başlamasına 2 gün qalmış Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunmuş dinləmələr təyin etdi. Almaniya Bundestaqı isə bizim üçün bu tarixi gündə - I Avropa Oyunlarının açılış günü tamamilə əsassız və heç bir fakta söykənməyən qətnamə qəbul etdi. Ancaq alınmadı, hansı vasitələrə əl atdılarsa I Avropa Oyunlarının ruhuna belə zərər yetirə bilmədilər. “Bakı 2015” qatarı artıq tərpənmişdi və onun yolunu kalibirindən asılı olmayaraq heç bir “silahla” kəsmək mümkün deyildi.

Bakı bütün dünyanın heyranlıqla tamaşa etdiyi möhtəşəm açılış mərasimi keçirdi və bu oyunlara iştirakı əvvəlcədən nəzərdə tutulan bütün ölkələr qatıldı. Oyunların açılış mərasimindən bir gün sonra mətbuatda getmiş bir yazının sonunda gözəl bir ifadə var idi: - Qızılları saymağa başlayın! Sayırıq, bu günə 12 qızılımız var! İdman arenalarında 29 dəfə Azərbaycan bayrağı qalxıb, 12 dəfə himnimiz səslənib! Bundan qürur duymamaq mümkündürmü? Bu gün hər bir azərbaycanlı I Avropa Oyunlarının həyəcanı ilə yaşayır. Hər kəs idmançılarımıza azarkeşlik edir, uğurlarına sevinir, uğursuzluqlarına kədərlənir. Belə də olmalı idi. Qərb “praqmatikləri” hər şeyi “dəqiq” hesablaya bilsələr də Azərbaycan vətəndaşının qəlbindəki dövlət və vətən sevgisinin hara qədər olduğunu ölçə bilmədilər... Hansısa hesabat, hansısa qətnamə bu sevgiyə zərər yetirə bilməz. Bu sevgi bizi hələ çox qələbələrə aparacaq. Bu sevgi bizi Qarabağa, Şuşaya Cıdır düzünə, oradan da əzəli torpaqlarımıza - Zəngəzura və İrəvana qədər aparacaq.

I Avropa Oyunlarına qarşı aparılan kampaniyanın əsas tezislərindən biri də Azərbaycan cəmiyyətinin bu Oyunlara isti münasibət göstərməməsilə bağlı idi. İnsanlarımızın Oyunlara olan marağı, idman arenalarında müşahidə olunan qələbəlik bu tezisi də tamamilə alt-üst etdi. Bu gün kassalarda suya tullanma yarışlarına belə bilet tapmaq mümkün deyil. İnsanlar bu yarışları ailəvi şəkildə izləməkdən qürur duyurlar. Bax, elə bu da azərbaycanlıların I Avropa Oyunlarına gerçək münasibətinin təzahürüdür. Kassaların qarşısındakı uzun növbələr bəzi Avropa ölkələrinin siyasi dairələrinin ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə Azərbaycan cəmiyyətinin etiraz aksiyasıdır.

İdmançılarımızın əzmkarlığı, bu Oyunlarda əldə olunan uğurların dövlətimiz üçün əhəmiyyətinin dərk olunması nəticə etibarı ilə qızıllarımızın sayını artırır. Hazırda ölkəmiz oyunlarda iştirak edən aparıcı Avropa ölkələrini xeyli üstələyib və biz inanırıq ki, qələbələrimizin sayı getdikcə artacaq".

BİAB-ın bəyanatında həmçinin qeyd olunur ki, Oyunlarda qazanılan uğurlar ölkə iqtisadiyyatında əldə olunan uğurlarla ahəng təşkil edir: “İdmandakı uğurlarımız iqtisadiyyatda əldə etdiyimiz uğurların məntiqi davamıdır. Bizə qarşı qərəzli mövqedə dayanan, kiçik bir ölkənin qısa müddət ərzində iqtisadi sıçrayış əldə etməsini qəbul edə bilməyən dairələr heç şübhəsiz ki, bu Oyunlardan sonra Azərbaycana xarici investisiya qoyuluşlarının, turist axınının nəzərəçarpacaq dərəcədə artacağını hesablamamış deyillər. Bizə qarşı olan qısqanclıq da elə bu uğurlarımızdan “qaynaqlanır”. Ona da şübhə etmirik ki, uğurlarımızın parıltısı hələ çox gözləri qamaşdıracaq. Amma nə olursa olsun, hansı bəyanatlar verilirsə verilsin, Azərbaycan cəmiyyətinin dövlətə sədaqətini sarsıtmaq mümkün olmayacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında