Tarixdə ilk Avropa Oyunlarının birinci həftəsi Azərbaycan idmançılarının böyük nailiyyətləri, xalqımıza hədsiz sevinc gətirən möhtəşəm qələbələri ilə əlamətdar olmuşdur. Təmsilçilərimiz “Bakı-2015”-in ilk yeddi gününü Vətənimiz üçün böyük zəfər həftəsinə çevirmişlər. Bu, Azərbaycanda idmana daimi dövlət qayğısının daha bir parlaq təzahürüdür.
Dünən səhər saatlarına, Oyunlarda növbəti startlaradək medal qazanmış ölkələrin ümumkomanda hesabında nəticələrini əks etdirən cədvəldə Azərbaycan yığması 29 mükafat-12 qızıl, 5 gümüş və 12 bürünc medalla ikinci mövqedə idi və bu göstəriciyə görə yalnız Rusiya komandasından (22 qızıl, 9 gümüş, 9 bürünc medal) geri qalırdı. Üçüncü pillədə irəliləyən Macarıstan isə 7 qızıl, 1 gümüş, 5 bürünc mükafat qazanmışdı.
Birinci onluğa həmçinin Belarus (6+3+10), Almaniya (5+6+7), Türkiyə (5+3+12), Serbiya (5 qızıl, 3 gümüş medal), Böyük Britaniya (4+1+3), Ukrayna (3+6+9) və İspaniya (3+6+4) daxil idi.
Göründüyü kimi, Azərbaycan komandasının ikinci pillədə mövqeyi kifayət qədər möhkəmdir və cədvəldə yığmamızın ən yaxın izləyicisi Macarıstan istər qızıl, istərsə də gümüş və bürünc medalların sayına görə çox geri qalır.
Karateçilər komandamızın tarixi nailiyyətləri haqqında qəzetimizin ötən saylarından birində bu kollektivə böyük minnətdarlıq hissi ilə söhbət açmışdıq. Bir daha xatırladaq ki, Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), İrina Zaretskaya (68 kq) və Ayxan Mamayev (84 kq) qızıl, İlahə Qasımova (55 kq), Niyazi Əliyev (67 kq) bürünc medalları ilə bu kollektivi zirvəyə ucaltdılar və buna görə gurultulu alqışlara layiqdirlər. Komanda Azərbaycan nümayəndə heyətinin ümumi müvəffəqiyyətinə bacardığından da böyük kömək göstərmiş, heç vaxt unudulmayacaq bir töhfə vermişdir.
Avropa Oyunlarının birinci həftəsinin finişində güləş ustalarımız da çıxışlarını yekunlaşdırmışlar. Həmişəki kimi, yenə də “bol məhsulla” və təbii ki, yüksək əhval-ruhiyyə ilə. Yunan-Roma üsulu ilə güləşənlər Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), qadın güləşçilər Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), “sərbəstlər” Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovu (97 kq) fəxri kürsünün zirvəsində görmək necə də xoş idi!
“Klassiklər” Rafiq Hüseynov (80 kq) və Sabah Şəriətinin (130 kq) gümüş medalları, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq), habelə Natalya Snişinanın (55 kq), sərbəst güləşənlər Cəbrayıl Həsənov (74 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) bürünc mükafatları Azərbaycanda ən sevimli idman növlərindən biri olan güləşin zəngin ənənələrinin layiqincə davam etdirildiyini və estafetin möhkəm əllərdə olduğunu bir daha inamla təsdiq edir.
Zarafat deyil, iyirmi dörd nəfərdən ibarət üç güləş komandamız üst-üstə 15 medal—6 qızıl, 2 gümüş və 7 bürünc mükafata sahib olmuşdur və bu nəticəyə çoxları həsəd apara bilər. O da maraqlıdır ki, “qızılların” sayına görə hər üç kollektiv əsl həmrəylik nümayiş etdirmişdir-hərəyə 2 çempion medalı. Deməli, komandalarımız payızda Los-Ancelesdə (ABŞ) keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli dünya çempionatına yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaqlar.
Taekvondoçuların çıxışlarına hələ dünən axşam saatlarında yekun vurulmalı idi. Ancaq bu növ üzrə nümayəndələrimiz buna qədər də qarşıda duran vəzifəni müvəffəqiyyətlə həyata keçirmişdilər. Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Xarçeqaninin (80 kq) çempion medalları, qızıl mükafatı rusiyalı Anastasiya Barışnikova ilə final görüşünün yalnız son dəqiqəsində əldən verən, ancaq cəsarətli döyüş tərzi və yüksək ustalığı sayəsində yaxın vaxtlarda daha uca zirvələr fəth edəcəyinə böyük ümid bəslənilən Fəridə Əzizovanın (67 kq) gümüş, eləcə də Patimat Abakarovanın (49 kq) bürünc mükafatları Avropa Oyunları kimi gözəl idman bayramında böyük müvəffəqiyyətdir.
Çətin yarış məsafəsinin arxada qalan hissəsində Valentin Demyanenkonun Mingəçevirdəki “Kür” Təlim-İdman Mərkəzində kanoelərdə avarçəkmə yarışlarında, Oleq Stepkonun Milli Gimnastika Arenasında idman gimnastikası turnirində qazandıqları gümüş, həmin növ üzrə kişilərdən ibarət komandanın və triatlonçu Rostislav Pevtsovun bürünc medalları da iddialı rəqiblərlə çətin idman mübarizəsində təmsilçilərimizin göstərdikləri əzmkarlığa görə layiqli mükafatlardır.
Şübhəsiz, Avropa Oyunlarında qalan günlərdə də finişədək mübarizənin gərginliyi bir an belə azalmayacaq. İdman həvəskarları Azərbaycanın boks, cüdo, sambo ustalarının, qadınlardan ibarət voleybol komandasının və bəzi başqa növlərin də nümayəndələrinin uğurlarına inanırlar. Yeri gəlmişkən, rinq ustaları çıxışlarına iki qələbə ilə başlamışlar. Boksçularımız arasında mübarizəyə birinci qoşulan Teymur Məmmədov (81 kq) britaniyalı, digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) sloveniyalı rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişlər. Dünən isə daha bir neçə boksçumuz ilk görüşlərini keçirmişdir.
Əlbəttə, Oyunların birinci həftəsində Azərbaycan idmançılarının uğurları haqqında danışarkən qadın voleybol komandasını da yaddan çıxarmaq olmaz, hərçənd onların turnirində birinci mərhələ oyunları hələ başa çatmayıb və medallar uğunda əsas mübarizə irəlidədir.
Bununla belə, bizim qızların ilkin mərhələnin start turlarında Rumıniya, Polşa və İtaliya ilə görüşlərdə ardıcıl qələbələri onların “doğma divarlar” arasında çox mühüm, tarixi bir yarışda maksimum nəticə göstərmək, Azərbaycana ilk Avropa Oyunlarının sevincini yaşatmaq əzmində olduqlarını təsdiq edir. Qazanılmış qələbələr dünən axşam Belçikaya qarşı keçirilmiş görüşün, sabah isə Türkiyə komandası ilə oynanılacaq matçın nəticələrindən asılı olmayaraq Azərbaycan voleybolçularına növbəti mərhələyə vəsiqəni təmin etmişdir və komanda həlledici görüşlərə bir qədər sakit şəraitdə hazırlaşa bilər.
Qadın voleybol komandalarının turnirinə, ilk növbədə isə Azərbaycan yığmasına böyük maraq göstərildiyinə belə bir fakt da sübutdur ki, yayılan məlumata görə qarşıdakı görüşlərə, o cümlədən finala bütün biletlər satılmışdır. İndi komandamıza azarkeş dəstəyi daha da artacaq. Qalır voleybolçularımızın həm özlərəni, həm də xalqımızı yeni qələbələrlə sevindirməyi.
“Bakı-2015” birinci Avropa Oyunlarının ikinci həftəsi artıq start xəttindədir. Azərbaycan paytaxtında “Köhnə qitə”nin 50 ölkəsinin ən yaxşı idmançılarının turnirləri bir-birini əvəz edir. Ölkəmiz Oyunların ikinci həftəsinə ilk yeddi gün ərzində qazanılmış 29 medalın gətirdiyi böyük sevinc hissi ilə başlamış və finişdə ikinci mövqeyi özündə saxlamaq əzmindədir. Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin hər bir starta əsl döyüşçü kimi çıxması belə bir qərara gəlməyə ciddi əsas verir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.