Hər gün bir tarix, hər gün bir zəfər

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Zəfər günləri: hər gün bir tarix, hər gün bir zəfər” devizi altında ölkəmizə medallar qazandırmış idmançılarla ictimaiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə sərbəst güləş və taekvando üzrə yarışlarda qələbə qazanmış və ölkəmizə üç qızıl, bir bürünc medal gətirmiş idmançıları Toğrul Əsgərov, Xetaq Qazyumov, Cəbrayıl Həsənov və Ayxan Tağızadəni qələbə münasibətilə təbrik etdi.

Azərbaycan MOK-un vitse-prezidenti bildirdi ki, birinci Avropa Oyunlarının açılışından sonra müxtəlif idman növləri üzrə keçirilən yarışlarda medallar qazanmış Azərbaycan idmançıları ilə komitənin binasında görüşlər artıq ənənə şəklini alıb və hər gün onlara prizlər, mükafatlar təqdim olunur. Onun sözlərinə görə, çox sevindiricidir ki, Azərbaycan idmançıları hər gün qələbələr əldə etdikcə yarış meydanlarında Azərbaycan bayrağı qaldırılır, ölkəmizin əsl idman ölkəsi olduğu bir daha təsdiqini tapır. Artıq 5-ci gündür ki, görüşlər və eyni zamanda, təbriklər davam edir. Hər gün qələbə qazanmış yeni idmançılar, yeni adlar Azərbaycan ictimaiyyətinə təqdim olunur. Beləliklə, Azərbaycan Avropanın idman tarixinə yeni səhifələr yazır. Bu qələbələr tarixdə min illərlə yaşayacaq.

Çingiz Hüseynzadə qeyd etdi ki, Avropanın müxtəlif ölkələrindən gəlmiş idmançılar Bakıda birinci Avropa Oyunlarının təşkilindən çox razı qaldıqlarını etiraf edir, onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Eyni zamanda, hamı Azərbaycana, Bakıya valeh olduğunu bildirir. Bakının geniş və yaraşıqlı idman arenaları onların ixtiyarındadır.

MOK-un vitse-prezidenti qarşıdakı günlərdə birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına da uğurlar arzuladı.

Sonra Çingiz Hüseynzadə və Olimpiya çempionu Rəfiqə Şabanova qalibləri təbrik edərək Cəbrayıl Həsənov, Toğrul Əsgərov, Xetaq Qazyumova prizlər və mükafatlar təqdim etdilər. Fürsətdən istifadə edərək biz də qalib idmançılarımızı təbrik etdik və “Xalq qəzeti” üçün eksklüziv olaraq təəssüratlarını öyrəndik.

Toğrul Əsgərov:

– Bizim qələbə qazanmağımız üçün zəhmət çəkmiş, eləcə də yarışlar müddətində qələbəmiz üçün dualar etmiş hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bizə azarkeşlik etmiş bütün idmansevərlərə də minnətdarıq. Demək olar ki, bütün xalqımız bizə dəstək oldu, idmansevərlər sonadək dəstəklərini göstərdilər.

Mən birinci Avropa Oyunları çərçivəsində 5 görüş keçirdim. Birincisi görüşüm rus, ikincisi görüşüm moldovan, üçüncü görüşüm fransız, dördüncü, həlledici görüşüm belarus idmançısı ilə oldu. Finalda görüşdüyüm isə İtaliyanın adından çıxış edən Kuba əsilli idmançı Frank Markez Kamizo oldu. Cənab Prezidentimiz İlham Əliyevin mənim görüşümü izlədiyini görəndə daha da ruhlandım. Mehriban xanım da orada idi. Hamısına təşəkkürümü bildirirəm. Onların bu yarışa nə qədər maraq göstərdiyini görəndə anladım ki, mütləq qalib gəlmək lazımdır. Bu, mənə ruh verdi, əlavə güc verdi. Və rəqibim üzərində qələbə qazandım.

Əlbəttə, qələbə asan başa gəlmədi. Bunun üçün yüksək səviyyəli hazırlıq lazım idi. Üstəlik, idman sağlam həyat tərzi olsa da, bəzən zədə də alırsan. Dizimin bağlarında problem var idi, əməliyyat keçirmişdim. Üç ay Türkiyədə fizoterapiya müalicəsi aldım. Bir il yarım idmandan kənarda olmaq mənim üçün çətin idi. Ancaq sağ olsunlar, bu müddət ərzində dostlar, azarkeşlər öz mənəvi dəstəklərini göstərir, xoş arzularını yazırdılar. Şükürlər olsun ki, bütün bu çətinliklərə baxmayaraq, birinci Avropa Oyunlarının qalibi oldum.

Ancaq bu qələbə mənə, eləcə də həmkarlarıma arxayınlaşmaq üçün əsas vermir. Qarşıdan yeni yarışlar gəlir, Avropa Yay Olimpiya Oyunları, dünya çempionatı gəlir. İndi ancaq və ancaq yaxşı hazırlaşmaq, həmin yarışlarda da qalib olmaq üçün çalışmaq haqqında düşünürəm.

Bir məsələni də qeyd edim ki, Bakıda keçirilən birinci Avropa Oyunları üçün görülmüş hazırlıq işləri, təşkilati tədbirlər avropalı həmkarlarım tərəfindən çox yüksək qiymətləndirilir. Bu işin təşkilinə Azərbaycan dövləti səviyyəsində, Prezident səviyyəsində xüsusi diqqətlə yanaşılmışdı və bunu Oyunların bütün iştirakçıları etiraf edirlər.  

Xetaq Qazyumov:

– Çox sevinirəm və qürurluyam ki, öz ölkəmdə – Azərbaycanda keçirilən I Avropa Oyunlarının çempionu adını qazandım. Qızıl medalla hamını sevindirdim. Fəxr edirəm ki, qızıl medalı cənab Prezident İlham Əliyevin əlindən aldım. Sizə, bizə dəstək olanların hamısına təşəkkür edirəm.

Cəbrayıl  Həsənov:

– Arzum qızıl medal qazanmaq idi, lakin bürünc medal əldə edə bildim. İlk dəfə olaraq, ölkəmizdə keçirilən Avropa Oyunları kimi yarışda güclü idmançılarla çıxış etdiyimə və bu nəticəni qazandığıma görə sevinirəm.  Buraxdığım səhvlərdən çalışacağam ki, növbəti yarışlarda nəticə çıxarım. Azarkeşlərə təşəkkür edirəm ki, bizləri sonacan dəstəklədilər. İlk olaraq, macar güləşçisi ilə qarşılaşdım. Sonra Bolqarıstan, Finlandiya, Türkiyə idmançısı ilə görüşdüm. Əsas odur ki, medalsız qalmadım.

Birinci Avropa Oyunlarının Vətənimizdə keçirilməsinə çox sevinirəm. Belə bir yarışı yüksək səviyyədə təşkil etdikləri üçün cənab Prezident İlham Əliyevə və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Mən Olimpiya Oyunlarında da iştirak etmişəm. Hesab edirəm ki, Avropa Oyunları elə Olimpiya Oyunları səviyyəsində keçirilir.

Ayxan Tağızadə:

– Mənə ümid verir və qələbə gözləyirdilər. Şükürlər olsun ki, Vətənimizdə keçirilən birinci Avropa Oyunlarında ümidləri doğrultdum. Məqsədim qızıl medal qazanıb himnimizi səsləndirmək, bayrağımızı qaldırmaq idi və bu məqsədimə də çatdım. Cənab Prezident İlham Əliyev mənə zəng edib təbrik etdi. Bu, mənim üçün gözlənilməz idi, həm də sevindirici bir hal idi. Cənab Prezident dedi ki, görüşünü izlədim. Bayrağımızı qaldırdın. İnşallah, səni Rio-de-Janeyroda da görəcəyik. Cənab Prezident başda olmaqla, hər kəsə, Mehriban xanım Əliyevaya, Taekvondo Federasiyasının rəhbəri Kəmaləddin Heydərova, eləcə də bütün azarkeşlərə dərin təşəkkürümü bildirirəm.

Əfsanə BAYRAMQIZI,
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında