12 iyun 2015-ci il...Həmin gün dünyanın idman tarixinə “qırmızı xətt”lə yazılacaq.
68 min nəfərdən artıq tamaşaçının toplaşdığı Bakı Olimpiya Stadionunda “Azərbaycan... Avropa” sədalarının yüksəlməsi “Odlar yurdu” nun Şərq-Qərb münasibətləri müstəvisində özünəməxsus yeri olduğunu bir daha təsdiqləməklə yanaşı, ilk Avropa Oyunlarının möhtəşəmliyinə kölgə salmağa cəhd göstərən bədxahlarımıza da layiqli cavab oldu. Möhtəşəm açılış mərasiminin keçirilməsi Azərbaycanın qısa zaman kəsiyində qitəmiqyaslı nüfuzlu tədbirə yüksək səviyyədə hazırlaşmasına və son illər qazandığı ictimai-siyasi nailiyyətlərə qısqanclıqla yanaşan, fəaliyyət yönümü müxtəlif, ancaq mahiyyəti eyni olan subyektlərin qarayaxma kampaniyasının iflasa uğradığını aşkar şəkildə təsdiqlədi.
Müasir Olimpiya hərəkatının yaradıcısı Pyer de Kuberten deyirdi ki, idman hər bir insan üçün özünütəkmilləşdirmə mənbəyidir. Həqiqətən də, idmanın müasir insanın həyatına tək fiziki deyil, həm də mənəvi inkişafına müsbət təsir göstərən güclü amil olduğu da məlumdur. Bundan başqa, sağlam həyat tərzi sürən vətəndaş idman hərəkatına qoşulmaqla ölkəsinin ictimai-siyasi həyatında daha fəal iştirak edir, beynəlxaq arenalarda uğurlara imza atmaqla, Vətəninin səsini ucaldır. Bu mənada istənilən idman hərəkatının keçirilməsi hər bir insanın həyatında böyük rol oynayır, xalqlar arasında münasibətlərin dərinləşməsinə təkan verir. Azərbaycanda keçirilən ilk Avropa Oyunları da “Köhnə dünya” xalqlarının həyatında mühüm idman hadisəsi olmaqla yanaşı, Olimpiya hərəkatının qitə miqyasında yerini tapmasına və Avropanın idman tarixində yeni səhifənin açılmasına şərait yaratdı. Mehribanlıq və dostluq bayramına çevrilən ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin iqtisadi-siyasi yüksəlişini təsdiqləməklə yanaşı, idman hərəkatının Qərb-Şərq dialoqunda yeni cığırın açılmasına da imkan verdi. Olimpiya hərəkatının beşiyi sayılan Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığa hazır olan Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi “Köhnə dünya”da idmanın inkişafına müsbət təsir edəcək.
Amma belə bir mühüm tədbirə kölgə salmaq istəyən ayrı-ayrı təşkilat və mətbuat orqanlarının Avropa Oyunlarına və Azərbaycana qarşı istiqamətlənmiş üzdəniraq fəaliyyəti xalqımızda təəssüf və hiddət doğurur. Avropa Oyunlarının keçirilməsi hüququnun Azərbaycana verilməsi haqqında qərarın qəbul olunması anından qarayaxma kampaniyasına başlamış bu təşkilat və mətbuat orqanlarının, xüsusilə də möhtəşəm tədbirin unudulmaz açılışı öncəsində qeyri-obyektiv məlumatlar yaymağa başlaması onların məkrli niyyətlərindən xəbər verirdi. Lakin bədxahların niyyəti baş tutmadı. Azərbaycan ilk Avropa Oyunlarının rəsmi açılışını möhtəşəm keçirməklə qarayaxma kampaniyası təşkilatçılarına tutarlı cavab verdi. Uğurları ard-arda sıralayan Azərbaycanın qitəmiqyaslı tədbirə qısa zaman kəsiyində hazır olması bədxahlarımızın qısqanslığına səbəb oldu. Azərbaycanın yüksələn xətt üzrə inkişafını həzm edə bilməyən mənfur qüvvələrin ilk Avropa Oyunlarını boykot etməyə çağırması və hazırda bəşəriyyətin ən çox ehtiyacı olan millətlərarası dialoqun yaranmasına kömək edəcək idman tədbirinə kölgə salmağa çalışmaları qarayaxma kampaniya təşkilatçılarının fəndgirliyini, dar maraqlardan çıxış etdiklərini sübut etdi.
Ancaq boykot ideyası Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığı çox qısa bir müddətdə yüksək səviyyədə başa çatdırması və möhtəşəm açılış mərasiminin təşkili ilə iflasa uğradı. 30-dan çox dövlət və hökumət başçılarının 68 min tamaşaçı ilə birlikdə əsrarəngiz açılış mərasimini izləməsi boykota çağıran xarici qüvvələrin məkrli planlarını alt-üst etdi. Qarayaxma kampaniyası aparan qüvvələr ümid edirdilər ki, Azərbaycan belə bir mötəbər tədbirin keçirilməsində yalqız qalacaq və bununla da beynəlxalq imicinə zərbə vurulacaq. Lakin 12 iyun 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda qədimliklə müasirliyin çulğalaşdığını əks etdirən açılış mərasiminin keçirilməsi və bununla bağlı dövlət başçılarından tutmuş sıravi tamaşaçılaradək hamının fikirləri Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının – qitə miqyaslı bayramın yüksək səviyyədə baş tutmasını təsdiqlədi. 50 ölkədən gəlmiş 6 mindən artıq idmançının mükafatlar uğrunda apardıqları mübarizənin əhəmiyyətini azaltmağa yönəlmiş cəhdlərin boşa çıxması ilə yanaşı, Azərbaycan sübut etdi ki, qitəmiqyaslı tədbir keçirməyə qadirdir və malik olduğu yüksək siyasi-iqtisadi potensial gələcəkdə də beynəlxalq idman tədbirlərinin təşkil olunmasına imkan verir. Qarayaxma kampaniyasının arxasında dayanmış qüvvələr bilməlidir ki, Azərbaycan idman ölkəsidir və idmanın inkişafı dövlət siyasətidir. Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə verilmiş rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ilk Avropa Oyunlarının Azərbaycanda təsadüfi keçirilmədiyini xüsusi vurğulamış və idmanın inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirmişdi: “Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir”.
İdman tədbirləri yalnız sağlam həyat tərzini təbliğ etməklə yekunlaşmır, minlərlə idmançının mübarizə aparacağı ölkənin şəhər infrastrukturunun hərtərəfli inkişafına böyük təkan verir. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə verilmiş rəsmi qəbulda bu məqama diqqət yetirmiş və ilk Avropa Oyunlarının göstərdiyi müsbət sosial-iqtisadi təsirlərinə toxunmuşdu: “Şəhər infrastrukturu gözəl inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı, əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər”. Göründüyü kimi, Avropa Oyunlarının sosial- iqtisadi səmərəsi böyükdür və daha da inkişaf etməkdə olan iqtisadi potensialımıza yüksək dərəcədə təsir göstərəcəyi danılmazdır. Qərb çalarlı Şərq ruhuna malik Bakı şəhərinin ilk Avropa Oyunlarının keçirildiyi məkana çevrilməsi, əlbəttə ki, Azərbaycanın yüksəlişini paxıllıqla izləyən qüvvələrə vurulan sarsıdıcı zərbə oldu. Azərbaycan xalqı sübut etdi ki, dövlətinin yanındadır və ölkəmizin uğurlarına kölgə salmaq istəyənlərə həmişə layiqli cavab verəcək. İlk Avropa Oyunlarının təşkilində xalqımızın nümayiş etdirdiyi həmrəylik ruhu bir daha göstərdi ki, qarayaxma kampaniyasını yürüdənlər niyyətlərinə çata bilməyəcəklər.
İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəlmiş dövlət və hökumət başçılarının, eyni zamanda, beynəlxalq idman qurumları rəhbərlərinin səsləndirdiyi bəyanatlar da məglubiyyəti ilk addımdan başlayan bədxahlarımıza tutarlı cavab oldu. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə açılış mərasimi barədə yüksək fikirdə olduğunu belə açıqlamışdı: “Bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla, ləyaqətlə, çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb”.
Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlmiş Belarus Prezidenti Aleksandr Lukaşenko da rəsmi açılışla bağlı diqqətəlayiq fikirlərini Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşündə bildirmişdi: “Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona hücum edənlərin hamısının burnunu ovdu”.
Olimpiya ailəsinin üzvləri üçün təşkil olunmuş qəbulda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də rəsmi açılış və ümumiyyətlə, Oyunların təşkili barədə yüksək fikirdə olduğunu belə açıqlamışdı: “Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir”. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə ilk Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğulamışdı. Belə obyektiv fikirləri çox sadalamaq olar.
Ölkəmizə gəlmiş sıravi əcnəbilər də ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirir və Avropa xalqlarının idman həyatında mühüm yer tutacağına əmin olduqlarını vurğulayırlar. Azərbaycanın müasir ölkə olduğunu, Avropa dəyərlərinə önəm verdiyini müşahidə edən əcnəbilər paytaxtın idman obyektlərində maraqlı və təkrarolunmaz idman mübarizələrini də zövqlə izləyirlər. İlk Avropa Oyunlarının xalqlar arasında münasbətlərə müsbət təsir göstərəcəyini vurğulayan xarici vətəndaşlar “Odlar yurdu”nun Olimpiya hərəkatının təbliği və inkişafı baxımından da böyük irəliləyişə nail olduğunu bildirirlər. Hamı Olimpiya hərəkatının devizini yaxşı bilir: “İdman siyasətdən kənardır”. Amma təəssüf doğurur ki, qaranlıq maraqlarını önə çıxaran qüvvələr “Köhnə dünya”nın olimpiya hərəkatında böyük hadisəyə çevrilən ilk Avropa Oyunlarının əhəmiyyətini yox, uydurma iddiaları önə çıxarmağa can atır, belə bir möhtəşəm tədbirə ev sahibliyi edən Azərbaycan haqqında mənfi təəssürat yaratmağa çalışırlar. Lakin tədbirin rəsmi açılış mərasimi və idman meydanlarında start götürmüş maraqlı mübarizələr, eyni zamanda, nümayiş olunan tamaşaçı dəstəyi ilk Avropa Oyunları ətrafında aparılan kampaniyanın iflasa uğradığını üzə çıxardı.
Oyunların rəsmi açılışından sonra başlanmış idman mübarizəsində qeydə alınan nailiyyətlər və izləyicilərin qarşılaşmalara olan maraqları qarayaxma kampaniyasının məqsədinə çatmayacağını bir daha təsdiqlədi. Vətəndaşlarımız və əcnəbilər istər açılış mərasiminə, istərsə müxtəlif idman növlərinə, istərsə də bağlanış mərasiminə böyük maraq göstərirlər və tribunlarda müşahidə olunan tamaşaçı izdihamı dediklərimizi sübut edir. Tamaşaçıların belə həvəslə mübarizələri izləmək üçün stadionlara getmələri və sevimli idmançılarına dəstək vermələri böyük məmnunluq doğurur. Bundan başqa, Oyunların başlanmasından ötən qısa müddət ərzində 6 mindən çox idmançının birincilik uğrunda yarışlara qoşulmaları və əldə etdikləri uğurlar da ilk Avropa Oyunlarına olan marağın kifayət qədər böyük olduğunu göstərdi. Xüsusilə də Azərbaycan idmançılarının müxtəlif idman növləri üzrə 12 qızıl, 5 gümüş və 12 bürünc medal qazanmaları Oyunların əhəmiyyətinə kölgə salmaq istəyənlərə güclü zərbə oldu. Bədxahlarımız bir daha anladılar ki, xalqın hərtərəfli dəstəyilə baş tutmuş ilk Avropa Oyunlarında idman ruhu böyükdür və ayrı-ayrı siyasi maraqların xaricindədir.
Bir sözlə, Azərbaycan xalqı, ölkə başçısı İlham Əliyevin xüsusi vurğuladığı kimi, son iki ildə ümumxalq məsələsinə çevrilmiş ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması işində böyük uğura imza atdı. Aparılan qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı və dostları ilk Avropa Oyunlarının qitəmiqyaslı idman hərəkatı statusu almasına nail oldu. İlk Avropa Oyunlarının xalqların idman mübarizəsinə və özünəməxsus dialoquna çevrilməsi üçün atılan mühüm addımlar Azərbaycanın nüfuzunun güclənməsinə şərait yaratmaqla yanaşı, ölkəmizin idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da beynəlxaq idman tədbirlərini yüksək səviyyədə həyata keçirməklə növbəti uğurlara imza atacaq.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.