Taekvondoçularımız “Bakı-2015”də Azərbaycanın qızıl medallarının sayını 12-yə çatdırıblar

Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının üçüncü günündə Azərbaycan yığması idmanın bu növündə ikinci qızıl medalını aktivinə yazdırıb. Kişilər arasında taekvondo üzrə 80 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan idmançısı Milad Beiqi Harçeqani “Bakı-2015”in qızıl medalını qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunlarının yeddinci günündə - iyunun 18-də dayanq üzərində kişilər arasında - 80 və qadınlarda isə - 67 kiloqram çəki dərəcələri üzrə taekvondoçular güclərini sınayıblar.

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani (-80 kq) ilk görüşündə serbiyalı Damir Fejziçi 12:0 hesabı ilə məğlub edərək dörddəbir final mərhələsinə adlayıb. Milad Beiqi Harçeqani dörddəbir final mərhələsində “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı böyük britaniyalı Lutalo Muhammad ilə qarşılaşıb və rəqibini böyük hesabla məğlub edib - 17:5. Azərbaycan taekvondoçusu yarımfinalda 2014-cü il Avropa çempionatının qalibi (74 kq) portuqaliyalı Julio Ferreiranı 6:2 hesabı ilə məğlubiyyətə uğradaraq finala adlayıb.

İdmançımız qızıl medal uğrunda mübarizədə rusiyalı idmançısı Albert Qaun ilə qarşılaşıb. Azərbaycan taekvondoçusu rəqibini 9:4 hesabla məğlub edib və birinci Avropa Oyunlarının çempionu olub.

Yarışda bürünc medalları isə Böyük Britaniya idmançısı Lutalo Muhammad və portuqaliyalı Julio Ferreira qazanıblar.

Taekvondo üzrə qadınlar arasında 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı, dünya çempionatının mükafatçısı Fəridə Əzizova isə ilk Avropa Oyunlarının gümüş medalını qazanıb. O, final görüşündə rusiyalı Anastasiya Baruşnikova ilə qarşılaşıb və rəqibinə 5:6 hesabı ilə uduzaraq “Bakı-2015”də gümüş medalla kifayətlənməli olub. Taekvondoçumuz ilk görüşdə Avropa çempionatının bürünc medalçısı, hollandiyalı Joyce van Baarenə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. O, növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gəlib. Fəridə Əzizova türkiyəli rəqibinə 6:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. Azərbaycan idmançısı yarımfinalda isveçli Elin Yohansson ilə qarşılaşıb və rəqibinə 5:2 hesabı ilə qalib gələn idmançımız finala adlayıb.

Qadınların yarışında bürünc medalları isə türkiyəli Nur Tatar və isveçli idmançı Elin Yohansson qazanıblar.

“Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarında digər çəki dərəcələri üzrə son görüşlər iyunun 19-da keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında