“Bakı-2015" birinci Avropa Oyunlarının ilk günlərində bu ali yarışların ən yüksək səviyyədə təşkilinə layiq nəticələr göstərən Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar bizə belə bir qəti qənaətə gəlməyə əsas verir ki, iyunun 28-də Oyunların yekun cədvəlində ümumkomanda hesabında millimizi ən güclülər, birincilər sırasında görəcəyik və bu münasibətlə bütün vətəndaşlarımız sevinclərini bir-biri ilə bölüşəcək, dünya növbəti dəfə Azərbaycana böyük hörmət və ehtiramla nailiyyətlərimiz haqqında danışacaq.
Ölkəmizin uğurları Azərbaycanın dostalarının da qələbəsidir, hər birimiz kimi onların da sevincidir. Artıq əldə olunmuş bir-birindən layiqli qələbələr atletlərimizin finişədək medallarının sayını ikiqat, bəlkə də, daha çox artıracağına, Azərbaycan dövlətinin və idmanının bu sınaqdan da şərəflə, böyük mərahətlə, tam qələbə ilə çıxacağına möhkəm inam yaratmışdır.
Avropa Oyunlarının əzəmətli idman komplekslərində baş verən hadisələrin azərbaycanlı qəhrəmanlarının uğurları hər cür hörmətə və diqqətə layiqdir.
Fantastik nailiyyət
Azərbaycanın karate ustalarının çox böyük, yarışdan əvvəl, bəlkə də ağlımıza belə gəlməyən müvəffəqiyyəti, həqiqətən, fantastik nailiyyətdir və hər kəsin qəlbini qanuni iftixar hissi ilə doldurur.
Altı medal-dörd qızıl və iki bürünc mükafat. Bunun nə demək olduğunun fərqinə dərindən varsaq, tarixi Oyunlarda tarixi qələbə qazanılmışdır. Qaliblərimiz ağır sınaqlarda yüksək səviyyəli döyüş hazırlığı ilə fərqlənmişlər.
Onları dərin minnətdarlıq hissi ilə bir daha xatırlayaq. Birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin qızıl medallarının hesabını açan Firdovsi Fərzəliyev (60 kq), idmanın bu növündə dünyada, Avropada qazanmadığı ad-san qalmayan, Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosun iyunun 13-də şəhərimizdə keçirdiyi mətbuat konfransında “əfsanəvi karateçi” adlandırdığı Rəfael Ağayev (75 kq), fəxri kürsüdə Azərbaycanın dövlət himinin əzəmətli melodiyalarını sevinc göz yaşları içində ifa edən və sonradan özünün dediyi kimi, bunu cəmi üç ayda öyrənən İrina Zaretskaya (68 kq) və çempionluq savaşında rəqiblərinə heç bir ümid yeri qoymayan Ayxan Mamayev (84 kq), bürünc mükafatçılar İlahə Qasımova (53 kq) və Niyazi Əliyev (67 kq). Onlar Azərbaycan tarixində həm də Vətənə layiqli xidmət nümunəsi kimi yaşayacaqlar.
Əbəttə ki, Azərbaycan Karate Federasiyası rəhbərliyinin öhdəsinə götürdüyü işi yüksək səviyyədə yerinə yetirdiyini, komanda üçün böyük qələbənin tələb etdiyi şərait yaratdığını, məşqçilərin ən ağır döyüşlərdən belə, qələbə ilə ayrılmağı bacaran fədakar ustalar yetişdirdiyini də məmnuniyyətlə qeyd etmək lazımdır.
“Klassiklər”: 8 nəfərə 6 medal
Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015”in iki dəst medalının Azərbaycanın yunan-Roma güləşi ustalarına təqdim olunması “klassiklərimizin” yüksək ustalığının göstəricisidir. Hələ turnir başlanmazdan əvvəl Avropa Oyunları sahiblərinin imkanları yüksək qiymətləndirilsə də, təbrikləri qəbul etmək hüququnu sübuta yetirmək lazım idi.
Güləşçilərimiz bunu bacardılar, səkkiz nəfərdən altısı yalnız qaliblərin üzünə açıq olan fəxri kürsüdə medallarla yanaşı alqışlar da qazandı. Son illərdə böyük yarışlarda qələbələrinə adət etdiyimiz Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) artıq üç gündür ki, fəxrlə birinci Avropa Oyunlarının çempionu adını daşıyırlar, gümüş mükafatçılar Rafiq Hüseynov (80 kq), Sabah Şəriəti (130 kq), bürünc medalların sahibləri Elman Muxtarov (59 kq) və Həsən Əliyev də (66 kq) həmişə bu yarışların mükafatçıları kimi xatırlanacaqlar.
Azərbaycan “klassikləri” qələbələri ilə həm də sübut etdilər ki, ilin əvvəlində Tehranda Dünya kuboku turnirində millimizin qazandığı tarixi nailiyyət (birinci yer) təsadüfi deyil və bu komandanın üzvləri sentyabrda Los-Ancelesdə (ABŞ) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında da baş rollarda oynayacaqlar.
“Qızıl”a bərabər “bürünc”
Azərbaycan idmançılarının Oyunlarda növbəti medalının sahibi triatlonçu Rostislav Pevtsovun necə böyük hünər göstərdiyini idman həvəskarlarımız yaxşı bilirlər. Üzgüçülük, velosipedsürmə və kros qaçışı yarışlarında, sözün əsl mənasında, böyük əzmkarlıq göstərib onların nəticələrinin ümumi yekununda mükafatçılarla bir sırada dayanmaq hər iştirakçının işi deyil.
Təbii ki, finişdən sonra Pevtsov bu uğuru haqqında böyük sevinclə, qürur hissi ilə söhbət açmışdır: —Son iki il ərzində bütün məşqlərim, hazırlığım məhz Avropa Oyunlarına yönəlmişdi. Ona görə də indi qazandığım bürünc medalın mənim üçün xüsusi əhəmiyyəti var. Bu mükafat karyeramdakı bütün nailiyyətlərdən üstündür.
Rostislavin sevincinə biz də ürəkdən şərik çıxaq. Britaniyalı Qordon Bensdən və portuqaliyalı Joa Pereyradan sonra üçüncü yeri tutan Azərbaycan triatlonçusunun bürünc mükafata qızıl medal kimi sevinməyə haqqı çatır. Növbəti medalımız Bilgəh çimərliyində, böyük fədakarlıq tələb edən son dərəcə ağır mübarizədə qazanılmışdır.
Əhsən, Mariya, əhsən!
Azərbaycanın qadınlardan ibarət milli güləş komandasının lideri Mariya Stadnikin 15 iyun 2015-ci ilədək zəngin mükafatlar kolleksiyasında saysız-hesabsız medal var idi. Pekin — 2008 Olimpiadasının bürünc, London — 2012-nin gümüş mükafatçısı, ölkəmizdə qadın güləşinin inkişafı tarixində 2009-cu ildən Azərbaycanın ilk dünya çempionu, habelə Avropa çempionu, bir çox mötəbər beynəlxalq yarışın, o cümlədən müxtəlif “Qran-Pri”lərin qalibi Stadnik indi ilk Avropa Oyunlarının çempionu adını da daşıyır.
Mariya Heydər Əliyev adına İdman Sarayında bütün rəqiblərini, o cümlədən həlledici final görüşündə bolqarıstanlı Elitsa Yankovanı böyük üstünlüklə məğlubiyyətə uğratdı, onun qələbəsi şərəfinə dövlət himnimiz səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı və çempion tamaşaçıların alqışları altında Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadan qızıl medalı və təbrikləri böyük fəxrlə qəbul etdi.
İndi Mariya Stadnikin mükafatlar kolleksiyasında yalnız Olimpiya Oyunlarının qızıl medalı çatışmır. Azərbaycanın idman ictimaiyyəti onun bir ildən sonra Rio-de-Janeyroda XXXI Olimpiadada bu məqsədə də çatacağına möhkəm əmindir. Avropa Oyunları çempionunun qibtəediləcək mübarizə üslubu, yüksək ustalığı, əzmkarlığı hamıda belə bir fikir formalaşdırıb.
Mariyanın çempionluğu bayram etdiyi gün onun komanda yoldaşı Natalya Snişin də yığmamıza medal qazandırdı. Bu güləşçimiz 55 kq çəki dərəcəsində üçüncü yeri tutdu və Avropa Oyunlarının bürünc mükafatçısı oldu.
İdman gimnastikasında da medalımız var
Ölkəmizin kişilərdən ibarət idman gimnastikası komandasının Avropa Oyunlarının bürünc medallarını qazanması, şübhəsiz, çox böyük müvəffəqiyyətdir.
Milli Gimnastika Arenasında gərgin mübarizə şəraitində davam edən yarışda Oleq Stepko, Petr Paxnyuk və Eldar Səfərovdan ibarət yığmamız yüksək səviyyəli çıxışı ilə dünyanın hər yerində çox sevilən bu növdə “Bakı — 2015"-in qalibləri ilə bir sırada dayanamağa layiq olduğunu təsdiq etdi.
Azərbaycan gimnastları yekun cədvəlində yalnız Rusiya və Ukrayna komandalarından geri qalıb ölkəmizə daha bir medal sevinci yaşatdılar.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.