İlk Avropa Oyunlarında 50 ölkənin idmançılarının mübarizəsi uğurla davam edir. Yüksək mübarizə əzmi idmançıların ruhuna hakim kəsilib. I Avropa Oyunlarında hər bir ölkə daha çox medal qazanmaq üçün bütün qüvvəsini səfərbər edir. Burada Avropanın ən güclü atletləri qüvvələrini sınayırlar.
Azərbaycan komandasının bir-biri ardınca möhtəşəm qələbələri Avropanı heyran edib. Komandamız elə ilk günlərdə qitənin ən güclü komandalarından biri olduğunu sübut etdi.
Yarışlarda yüksək nəticə əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb söhbət etdik. Atletlərimiz Olimpiya Oyunları səviyyəsində keçirilən I Avropa Oyunlarının onların həyatında silinməz izlər buraxacağını qeyd etdilər, bildirdilər ki, doğma divarlar arasında keçirilən bu möhtəşəm oyunlarda yüksək nəticə qazanmalarından hədsiz qürur duyurlar:
Rəfael Ağayev, I Avropa Oyunlarının qalibi:
– Avropa Oyunları çox fərqli bir yarışdır. Düzdür, nailiyyətlərim çox olub. Amma ilk Avropa Oyunlarının qızıl medalı mənim üçün möhtəşəm bir nailiyyətdir. Döyüşlər bir-birindən gərgin olsa da, həm də maraqlı mübarizə şəraitində keçdi. Finalda dünya arenalarında dəfələrlə qarşılaşdığım İtaliya təmsilçisi Luici Busa ilə mübarizə apardım. Bu, onunla 9-cu görüşüm idi (idmançımız onu müxtəlif yarışlarda 7 dəfə məğlub edib) və 1:0 hesabı ilə qalib gəldim.
Karate komandamız yarışları lider kimi başa vurdu. Bu da ölkəmizdə Olimpiya idman növləri kimi, qeyri-olimpiya idman növlərinin inkişafına da dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.
Firdovsi Fərzəliyev, karate üzrə I Avropa Oyunlarının qalibi:
– Möhtəşəm bir yarışdır. İlk Avropa Oyunlarında Azərbaycan yığmasında ilk qızıl medalı qazandım. Qeyd edim ki, bu ən böyük uğurumdur. Qarşılaşmalar zamanı maraqlı anlar çox oldu. Yarımfinalda makedoniyalı Emin Pavlovla görüşün gedişində 2:4 hesabı ilə geridə olduğum halda, görüşün sonunda mübarizəni təmiz qələbə ilə başa vurdum. Finala qədər irəlilədikdən sonra qızıl medalı əldən verməmək üçün daha əzmlə mübarizə apardım. Qızıl medal uğrunda italiyalı idmançını 4:0 hesabı ilə məğlub etdim.
İlahə Qasımova, karate üzrə I Avropa Oyunlarının bürünc medalçısı:
– Yığma komandamıza ilk medalı qazandırdığım üçün xoşbəxtəm. Etiraf edim ki, bir qədər həyəcan var idi. Yarımfinala qədər inamla irəliləsəm də, Fransa idmançısına məğlub oldum. Düşünürəm ki, taktika qura bilmədim. Bürünc medal uğrunda mübarizə isə son şansım idi. İspaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşdə 2 dəfə hesabda geriyə düşməyimə baxmayaraq, yekunda 5:2 hesabı ilə qələbə qazandım.
Oqtay Məmmədov, karate üzrə yığma komandanın məşqçisi:
– I Avropa Oyunlarının vətənində–Azərbaycanda idmançılarımızın bir-birinin ardınca əldə etdikləri nailiyyətlərlə hədsiz qürur duyuruq. Karateçilərimizin zəfər qələbəsini xüsusi qeyd etmək istəyirəm. 12 dəst medal uğrunda mübarizədə aktivinə 4 qızıl medal yazan, ümumilikdə isə 6 medal qazanan karateçilərimiz qeyri-rəsmi komanda hesabında bütün rəqiblərindən üstün oldular. Şübhəsiz, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, federasiya rəhbərliyinin, məşqçilərimizin birgə səyləri, karate ustalarımızın gərgin məşqləri sayəsində böyük uğurlar qazandıq. Karateçilərimiz ilk Avropa Oyunlarını lider kimi başa vurdular.
Rəsul Çunayev, yunan-Roma güləşi üzrə I Avropa Oyunlarının çempionu:
– İlk Avropa Oyunlarında qızıl medal qazanmaq arzum böyük idi. Ümumiyyətlə isə Azərbaycan komandasının yüksək uğurlar qazanacağına əmin idim. Ən çətin görüşüm moldovalı idmançı Daniel Kataraqa ilə (7:6 (1/8 final) oldu. Digər görüşlər də gərgin mübarizə şəraitində keçdi. Xoşbəxtəm ki, qarşıma qoyduğum məqsədə çatdım. I Avropa Oyunlarının qalibi olmağımla qürur duyuram.
Rafiq Hüseynov, I Avropa Oyunlarının gümüş mükafatçısı:
– Komandamıza gümüş medal qazandırdım. Düzdür bu, qızıl da ola bilərdi. Hər bir idmançı qələbə üçün meydana çıxır. I Avropa Oyunları kimi möhtəşəm bir yarışın çempionu olmağı mən də arzulayırdım. Bunun üçün imkanlarım da var idi. Amma nə etmək olar. Bütövlükdə isə Azərbaycan komandasının qazandığı nailiyyətlər qürurvericidir.
Elman Muxtarov, I Avropa Oyunlarının bürünc mükafatçısı:
– Yarışlara məsuliyyətlə hazırlaşmışdıq. Hər birimiz medal qazanmağı qarşımıza məqsəd qoymuşduq. Yarımfinalda Rusiya təmsilçisi ilə qarşılaşmam bir qədər gərgin keçdi. Məğlub olduğuma üzülsəm də, ruhdan düşmədim. Bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə mübarizə apardım.
Erməni güləşçisi London Olimpiadasında da iştirak etmişdi. Mən də fikirləşdim ki, inşallah, qalib gəlməliyəm. Onu vaxtından əvvəl və tam qələbə ilə məğlub etdim.
Mariya Stadnik, güləş üzrə I Avropa Oyunlarının qalibi:
– Avropa Oyunlarının elçisi, həm də məşəlini daşıyanlardan biri olmuşam. Arzum gözəl güləş nümayiş etdirmək idi. Məqsədimə çatdım. Sevincim hədsizdir. Burada çox güclü idmançılar mübarizə aparırdı. Azarkeş dəstəyini xüsusi qeyd etmək istəyirəm. Yarış boyu bütün rəqiblərimə vaxtından əvvəl qalib gəlməyimdə azakeş dəstəyinin rolu böyük idi. I Avropa Oyunlarının qalibi olmaq mənim üçün böyük şərəfdir.
Elvin Mürsəliyev, güləş üzrə I Avropa Oyunlarının qalibi:
– Çempion olacağımı qarşıma məqsəd qoymuşdum. Rəqiblərimi tanıyırdım. Ən çətin görüşüm Gürcüstan və Rusiya idmançıları ilə oldu. Gürcüstan idmançısı ilə ötən il dünya çempionatında görüşmüşdüm, rus idmançı ilə ilk dəfə idi görüşürdüm. Şükürlər olsun ki, rəqiblərimin öhdəsindən gəldim. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının tarixinə adımı yazdığım üçün qürur duyuram.
Qələbənin əldə edilməsində azarkeş dəstəyinin də çox təsiri oldu.
Anjela Doroqan, güləş üzrə I Avropa Oyunlarının qalibi:
– Birinci Avropa Oyunlarının qalibi olduğum üçün xoşbəxtəm. Oyunlarda çox güclü pəhləvanlar iştirak edirdilər. Qızıl medal qazanmaq böyük arzum idi. Onu da qeyd edim ki, bu qazandığım ilk qızıl medaldır. Avropa Oyunlarının finalınadək irəliləmək asan olmasa da, sevinirəm ki, rəqiblərimi mübarizədən kənarlaşdıra bildim. Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram.
Azarkeş dəstəyinin idmançılara çox böyük təsiri var. Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün bundan sonra da məşqlərimi davam etdirəcəyəm.
Patimat Abakarova, taekvondo üzrə I Avropa Oyunlarının bürünc medalçısı:
– I Avropa Oyunları çox möhtəşəm yarışdır. Çalışırdım ki, həyəcanlanmayım. Medal qazanmaq şansım var idi. Bürünc medal uğrunda italiyalı Erika Nikoli il mübarizə apardım və böyük hesabla rəqibimə qalib gəldim. Sevinirəm ki, yığmamıza medal qazandırdım. Qalib gəlməkdə azarkeşlərimin də böyük rolu oldu.
Rostislav Pevtsov, triatlon üzrə I Avropa Oyunlarının bürünc medalçısı:
–Yarışlar çox gərgin keçdi. Avropanın ən güclü triatlonçuları burada iştirak edirdi. Medal qazanmağa böyük ümidlərim var idi. Digər tərəfdən ilk Avropa Oyunlarının tarixinə adımı yazdırmaq istəyirdim. Azərbaycana triatlon üzrə ilk medal qazandırdığım üçün çox sevinirəm. Ümid edirəm ki, bu uğur Azərbaycanda triatlon idmanının inkişafına təkan verəcək.
Valentin Demyanenko, avarçəkmə üzrə I Avropa Oyunlarının gümüş medalçısı:
– I Avropa Oyunları çox gərgin olmaqla yanaşı, həm də maraqlı mübarizə şəraitində keçdi. Sevinirəm ki, ilk Avropa Oyunlarında komandamızın aktivinə medal yazdırmağa nail oldum. Amma məqsədim qızıl medal əldə etmək idi. Azərbaycanı ləyaqətlə təmsil etdiyim üçün sevinirəm. İnanıram ki, ümumi komanda hesabında Azərbaycan yığması yüksək yerlərdən birini tutacaq.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.