Pavel Pavloviç Belov: Azərbaycan rəhbərliyi dünya üçün böyük sürpriz hazırlamışdı

Bakıda birinci Avropa Oyunlarının açılışı mərasimindən sonra ayrı-ayrı idman növləri üzrə yarışlara start verilib. Eyni zamanda, bu böyük idman tədbirinin açılışı münasibətilə ölkəmizə gəlmiş Avropa və MDB ölkələrinin vətəndaşları yarışları izləməkdədirlər.

Hər gün beynəlxalq mətbuat səhifələrində istər birinci Avropa Oyunlarının möhtəşəm açılış törəni, istərsə də artıq qazanılmaqda olan medallarla bağlı yazılar dərc edilməkdədir. Bununla yanaşı, Avropanın tarixində birinci dəfə Azərbaycanda  keçirilən bu Oyunları izləməyə gəlmiş çoxsaylı turistlər hələ də Bakıdadırlar və şəhərimizin gəzməli, görməli yerləri ilə tanış olurlar. 

Bu günlərdə paytaxtımızın mərkəzi parklarında turistlərlə görüşüb ölkəmizlə, eləcə də Azərbaycanın qədim tarixə malik paytaxtı ilə bağlı təəssüratlarını eksklüziv olaraq qəzetimizin oxucuları ilə bölüşməyi xahiş etdik. O da maraqlıdır ki, söhbət etdiyimiz turistlərin hamısı Bakıya birmənalı olaraq ilk Avropa Oyunlarının açılışında iştirak etmək üçün gəldiklərini söyləyirdilər. Almaniyalı turist Pavel Belovla İçərişəhər qapılarının qarşısında görüşüb tanış olduq. Tanışlığımız da maraqlı bir məqama təsadüf etdi. Qadınlı-kişili yaşlı insanlardan ibarət böyük bir qrup xarici turistin şəhərə maraqla tamaşa etdiyini gördük. Yaxınlaşıb özümüzü təqdim etdik. Təəssüf ki, onların çoxu alman dilindən başqa bir dil bilmirdilər. Yalnız Pavel Pavloviçlə ünsiyyətimiz baş tutdu.        

Pavel Pavloviç Belov
(Almaniya vətəndaşı):

– Mən ilk dəfə deyil ki, Bakıda oluram. Əslində açığını deyim ki, mən köhnə bakılıyam, bu gözəl və çoxmillətli, müxtəlif millətlərin və xalqların nümayəndələrinin mehriban bir ailə kimi yaşadığı şəhərdə anadan olmuşam. Sarabski küçəsində yaşamışam, Bakıda institut bitirmişəm. Düzünü deyim ki, bakılı olmağımla həmişə fəxr etmişəm. Çünki sonradan köçüb yaşadığım böyük Avropa ölkəsi olan Almaniyanın özündə də Bakıda gördüyüm tolerantlığı, başqa millətlərin nümayəndələrinə qarşı dözümlülüyü və hörməti müşahidə edə bilməmişəm. Ona görə də çoxdan gəlib görmədiyim doğma və əziz Bakı şəhərini ziyarət imkanı yaranan kimi yaşımın bu ahıl vaxtında bir daha bu doğma şəhərdə olmaq və onun əsrarəngiz gözəlliyini seyr etmək qərarına gəldim.

Doğrudan da, yaxşı fürsət yaranmışdır. Avropanın tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarına Bakının - Azərbaycanın ev sahibliyi etməsi mənim üçün arzulanan imkan oldu. Və budur, çox sevdiyim, Almaniyada yaşadığımız on illər ərzində qəti unuda bilmədiyim bu şəhərdəyəm. Sadəcə, uzun müddət keçdiyinə görə rus dilində danışmağı bir qədər unutmuşam. Görürsünüzmü, Bakıda anadan olduğum üçün burda adımı da Pavel qoyublar, soyadım da ruscadır, amma özüm almanam.

On illərdən sonra Bakıya bir qrup alman turisti ilə birlikdə gəlmişəm. Hər şeydən əvvəl, Bakını yaxşı-yaxşı gəzib dolaşmışam, keçmişdə yaşadığım küçədə olmuşam. Sinəmdə xatirələr təzədən oyanmağa başlayıb. Amma sizə deyim ki, Bakını tanımaq olmur. Şəhər nə qədər dəyişib. Mən burada doqquzmərtəbəlidən hündür bina görməmişdim. İndi bir-birindən gözəl göydələnlər göz oxşayır. Köhnə binaların təmir olunaraq şəhərin ümumi görkəmində tarixilik çaları yaratması xüsusilə gözəl təsir bağışlayır. Son illərdə şəhərdə tikilən körpülər mənim üçün ağlasığmaz bir işdir. Hamısı da bir-birindən gözəl, yaraşıqlı. Görünür, Azərbaycan Prezidenti İlham Əliyev həddən artıq zövqlü bir insandır. Bakı onun rəhbərliyi dövründə çox gözəlləşib, müasirləşib, Avropanın ən tarixi şəhərləri ilə müqayisəyə girə bilər.

Aradan illər keçsə də, nəsillər dəyişsə də, insanlarınız yenə də çox mehriban, qonaqpərvərdir. Bu, azərbaycanlıların heç bir millətə bənzəməyən xüsusi keyfiyyətidir. İnsanlarınızın üzündə yenə xoş təbəssüm görürəm. Bu isə, məncə, ölkədə yaradılmış əmin-amanlıq, insan haqlarına hörmət, güclü sosial müdafiə kimi tədbirlərin nəticəsidir.

Bakı kimi gözəl bir şəhərdə, yenicə istifadəyə verilmiş möhtəşəm Milli Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılışını izləmək isə olduqca xoş idi. Azərbaycan rəhbərliyi, xüsusən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva dünya üçün böyük sürpriz hazırlamışdı. Burda Azərbaycanın tarixi, mədəniyyəti, milli adət-ənənələri, həyat və məişəti, düşüncə tərzi ilə tanış olmaq mümkün idi. Mənim çoxdan bəri yaxşı tanıdığım yaşıl səməninin meydana gətirilməsi, Qobustan qayaüstü rəsmlərinin avropalı tamaşaçılara təqdim edilməsi və s. diqqətəlayiq detallar idi. Bir sözlə, budəfəki Bakı səfərimdən xüsusi zövq aldım, bu dəfə gördükləim məni doğma Bakıma daha möhkəm bağladı. Sizə gələcəkdə də belə möhtəşəm uğurlar arzulayıram.

Paşa ƏMİRCANOV,
Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında