Azad RƏHİMOV: Birinci Avropa Oyunları idmançılara gələcək Olimpiya Oyunları üçün böyük imkanlar yaradacaq

Birinci Avropa Oyunları idmançılara gələcək Olimpiya Oyunları üçün böyük imkanlar yaradacaq. Bizim “Zəfər günləri”miz davam edir. Bu yarışlar idmançılar üçün böyük sınaqdır. Yarışlarda 12 idman növü lisenziya xarakterlidir. Bu, idmançılara gələcək Olimpiya Oyunlarında iştirak üçün geniş şanslar yaradır. Nəticələrdən çox razıyıq.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov iyunun 17-də ötən yarış gününün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Hazırda Azərbaycan yığmasının 18 medalla ikinci yerdə qərarlaşdığını söyləyən Azad Rəhimov bütün yarışlara tamaşaçılar tərəfindən böyük diqqətin olduğunu vurğulayıb. Nazir deyib ki, bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin 70 yaşı tamam olur. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Patrik Hikkinin böyük xidmətləri var. Xalqımız və idman ictimaiyyətimiz adından AOK-un prezidentini təbrik edir, ona dərin minnətdarlığımı bildirirəm.

İdmançılara və nümayəndə heyətlərinə xidmətin təşkilindən danışan Azad Rəhimov bu sahədə hər şeyin yüksək səviyyədə olduğunu bildirib. Nazir deyib ki, həqiqətən bu günlərdə səhiyyə işçilərimiz, digər xidmət sahələrinin işçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Prosesin gedişindən məmnunam. İnsanların simasındakı təbəssümü, bayram ab-havasını, könüllülərin fədakarlığını qonaqlarımızın hər biri dərin razılıq hissi ilə qeyd edir. Yarışları izləməyə gələnlər arasında gənclərin çoxluq təşkil etməsi Azərbaycanda idmana yüksək marağın göstəricisidir".

Avropa Velosiped İdmanı İttifaqının baş katibi Enriko Dellakasa təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Yarışların yüksək standartlar səviyyəsində təşkilindən məmnunluğunu dilə gətirən Enriko Dellakasa Oyunlara böyük tamaşaçı marağının olduğunu vurğulayaraq deyib: “Könüllülər olmasaydı belə bir mötəbər idman bayramını təşkil etmək mümkün olmazdı. Dağ velosipedi üzrə altı medal yarışları keçirildi. Artıq iyunun 20-21-də şosse velosiped idmanı üzrə yarışlar keçiriləcək. Təşkilatçılar gözəl marşrut yaradıblar. Yarışlar başa çatacaq. Amma gözəl Azərbaycan, füsunkar Bakı və unudulmaz açılış mərasimi uzun illər xatirəmizdə yaşayacaq. Mən Azərbaycanda idmana bu səviyyədə diqqət və qayğını təsəvvür etmirdim. Sözün əsl mənasında fantastikadır. Azərbaycan Prezidentinin idmana, idmançılara, ümumiyyətlə ölkənin inkişafına bu səviyyədə diqqət və qayğısı şəxsən məni heyran etdi. Bu barədə həmkarlarımla tez-tez söhbət edirik. Biz bundan sonra Azərbaycanın  xaricdə bir növ təbliğatçıları olacağıq. Təşkilat səviyyəsi yüksək standartlara uyğundur”.

  “Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 16-da idmanın beş növü üzrə medallar qazanıldığını, Mingəçevirdə avarçəkmə yarışlarının artıq başa çatdığını bildirib.

Ötən yarış günü doqquz idman məkanında 23 mindən çox tamaşaçının idmançıların çıxışlarını izlədiyini söyləyən Saymon Kleq bunun çox yaxşı göstərici olduğunu bildirib. Hazırda Atletlər kəndində 5 min 115 idmançının yaşadığını diqqətə çatdıran Saymon Kleq deyib: “İyunun 17-də keçirilən yarışlara ilkin məlumata görə 30 min tamaşaçının gələcəyi gözlənilir. Bu gün stolüstü tennis üzrə yarışlarda 11 medal təqdim olunacaq. Meydançalarda atletikadan akrobatika idman növünə keçid prosesi uğurla davam edir. Hazırlıq işləri gözlənilən vaxtda başa çatacaq. Aerobika üzrə sınaqlar keçirilir. Bu gündən etibarən velosiped yarışı ilə əlaqədar bəzi istiqamətlərdə yollar bağlanacaq”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında