Sərbəst güləşçilərimizin növbəti uğuru: 2 qızıl və 1 bürünc medal

İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015" birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, güləş yarışlarının beşinci günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev fransalı Zoheir El Ouarraqe və Ermənistan idmançısı Qarik Barseqyan üzərində inamlı qələbə qazanıb. Yarımfinalda Rusiya idmançısı Viktor Lebedevlə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisi Sezer Akgülə uduzub və Avropa Oyunlarını beşinci sırada tamamlayıb.

Bu çəki dərəcəsində Viktor Lebedev qızıl, Almaniya idmançısı Marsel Evald gümüş medal qazanıb. Digər bürünc medala isə Moldova idmançısı Aleksandru Çirtoaca sahib olub.

Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov finaladək maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran güləşçimiz daha sonra Moldovadan Mihail Sava, Fransadan Maksim Fiquet, yarımfinalda isə Belarus təmsilçisi Azamat Nurikau üzərində inamlı qələbə qazanıb. Qızıl medal uğrunda görüşdə T.Əsgərovun rəqibi İtaliyadan Frank Çamizo olub. Rəqibi üzərində tam üstünlüklə qələbə qazanan Toğrul Əsgərov ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.

Cəbrayıl Həsənov (74 kq) ilk görüşdə macarıstanlı Mixali Naqi üzərində qələbə qazansa da, növbəti mərhələdə Türkiyə idmançısı Söner Demirtaşa məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Cəbrayıl Həsənov  Finlandiya idmançısı Henri Seleniusu mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Kiril Terzievə də heç bir şans verməyən güləşçimiz qələbə qazanıb və Avropa Oyunlarının bürünc medalına sahib olub. Bu çəki dərəcəsində Rusiya idmançısı Aniur Qeduev birinci, Söner Demirtaş ikinci, gürcüstanlı Cumber Kvelaşvili üçüncü olub.

Yığma komandamızın kapitanı Xetaq Qazyumov (97 kq) mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq polşalı Radoslav Baran, moldovalı Nikolay Ceban, Belarus təmsilçisi İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi gürcüstanlı Elizbar Odikadze olub. Rəqibini məğlub edən Xetaq Qazyumov Avropa Oyunlarının qızıl medalını qazanıb. 

Xatırladaq ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar. Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında