Millimizdən Avropa Oyunlarına töhfə

Osloda Norveçlə çətin oyunda heç-heçə

Azərbaycan milli komandasının futbolçuları Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının  təntənəli  açılış mərasimindən bir qədər sonra Osloda Norveç yığması ilə qitə çempionatının seçmə görüşündə  ölkəmizdə  yaşanan böyük  idman bayramına layiqli töhfə verdilər. Həmin  gecə  rəqib meydanında qazanılmış bir xal təkcə futbol ictimaiyyətimizin yox,  bütün  xalqımızın sevincinə  sevinc qatdı.

Futbolçularımız oyuna  yalnız qələbə istəyi ilə çıxan və  bu  məqsədə  çatmaq üçün  qüvvələrini əsirgəməyən norveçlilərin qapısına  yol tapa bilməsələr də,  Kamran Ağayev, Rəşad Sadıqov, Maksim Medvedev  və onların  komanda yoldaşları polşalı hakim  Pavel Qilin  final işarəsinədək meydan sahiblərinə  də  hücumda fərqlənmək imkanı  vermədilər.

Səfərdə  qeydə  alınmış 0:0 hesabı, əlbəttə, pis nəticə deyil. Elə oyundan sonra  yığmamızın baş məşqçisi Robert Prosineçki də  yaxşı  əhval-ruhiyyədə olmuşdur: “Bu gün Azərbaycanda  mühüm gün - Avropa Oyunlarının açılış  mərasimi günüdür. Bilirdik ki,  bu  mərasimdən sonra  hamı bizim   matça  baxacaq. Biz belə bir gündə  uduza bilməzdik. Düşünürəm ki, azarkeşlərimiz oyundan  və  qazanılmış  nəticədən razıdırlar. Bu  nəticəni Azərbaycan xalqına  həsr edirik. Belə oyundan,  belə nəticədən sonra evə qayıtmaq xoşdur”.

Prosineçkinin özünə də təşəkkürlər düşür.  Azərbaycan futbolçuları onun rəhbərliyi altında keçirdikləri iki oyunda 4 xal toplamışlar.

Seçmə yarışlarının bu  turunda bizim  qrupda keçirilmiş digər iki görüşdən birində Xorvatiya  və turnir cədvəlində onun  ən yaxın izləyicisi İtaliya da bir-birinin  müqavimətini  qıra bilməyərək hərəyə 1 xalla  kifayətlənmişlər (1:1), Malta futbolçuları isə Bolqarıstan komandasına uduzmuşlar - 0:1.

Altı turdan sonra  qrupun  vahid lideri Xorvatiya 14 xal toplamışdır.  İkinci pillədə irəliləyən İtaliya 12 xala malikdir. Norveçin 10, Bolqarıstanın 8, Azərbaycan komandasının 4 xalı var, maltalılar isə cəmi 1 xal qazana bilmişlər.

“H” qrupunda növbəti oyunlar sentyabrın 3-də keçiriləcəkdir. Həmin gün Azərbaycan futbolçuları Xorvatiya komandasını qəbul edəcək, bolqarlar isə  norveçli qonaqlarını sınağa çəkəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında