Avropanın idman hərəkatında yeni dövrə Bakıda unudulmaz bir bayramla start verildi

Qüdrətli Azərbaycanın  gözəl paytaxtında Avropanın  idman hərəkatında yeni  bir dövrün ilk  səhifələri hamının ürəyindən olan əsl dostluq, birlik,  qardaşlıq  mühitində yazıldı. Bakı Olimpiya  Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış  mərasimini izləyərkən qitəmizin 50 ölkəsinin ən yaxşı idmançılarının çöhrələrindəki təbəssümü,  məmnunluğu görəndə istər-istəməz düşünürdük ki, bu gənclərə sevinc, səadət və xoşbəxtlik çox yaraşır.

Başqa cür ola da bilməz. Bir çox dövlət və hökumət  başçılarının da birbaşa stadionun fəxri qonaqlar tribunasından izlədikləri tarixdə ilk Avropa  Oyunlarının  açılış  mərasimi qəlbləri  riqqətə gətirdi, öz möhtəşəmliyi ilə seçildi, ən yüksək  Olimpiya  standartlarını nümayiş etdirdi, gözəlliyi,  rəngarəngliyi,  heyrətamizliyi ilə  yadda qaldı. Beləliklə də Azərbaycan, Bakı nəyə qadir olduğunu Avropaya, bütün  dünyaya bir  daha  nümayiş etdirdi.

Dünya idman tarixində mühüm hadisə olan Avropa Oyunları  bəşəriyyətin  həyatında öncül  yer tutan idmanın təqdimatına yeni standartlar  gətirdi. Ölkəmizin  hər  bir vətəndaşı haqlı olaraq bu bayramla  qürur  duyur. Çünki  birinci Avropa Oyunlarının kompozisiyası  sülhü,  humanizmi, insanlar, sivilizasiyalar  arasında  barışığı,  Şərq  və Qərbin harmoniyasını  əks  etdirirdi.

Açılış  mərasimində çoxlu sayda dövlət və  hökumət başçısının,  nüfuzlu  və  tanınmış şəxslərin  iştirakı bu  çox  mühüm  yarışlara yüksək beynəlxalq  diqqət  və marağın  təzahürüdür və tədbir  Azərbaycanın  güclü  potensialını, ən  mürəkkəb  vəzifələrin öhdəsindən  layiqincə  gəlmək  bacarığını  bir daha  bütün  dünyanın nəzərinə çatdırdı.

Təsadüfi deyil ki,  bu günlər Azərbaycanın  qonağı olan minlərlə turist, idmançı,  müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar  Bakının Avropa Oyunlarına  hazırlığını, açılış  mərasimini  yüksək  qiymətləndirir, onun ən yüksək  standartlara  cavab verdiyini söyləyirlər. Açılış  mərasimində hər  hansı bir  narahatlıq, xoşagəlməz hal müşahidə edilməmiş, təhlükəsizlik,  nəqliyyat  və  digər  məsələlər  ən  yüksək  səviyyədə təşkil olunmuşdu.

Azərbaycanın milli  mədəniyyətinin yüksək səviyyədə  nümayiş olunduğu “Bakı-2015” birinci Avropa Oyunlarının  xarici  mətbuat  və  sosial şəbəkələrdə müzakirəsi  bir daha  təsdiq edir ki,  bu  mühüm idman  tədbiri  bütün dünyanın  diqqət  mərkəzindədir. Bunu Twitter-də “Bakı-2015”in haştaqının dünya trendində  top onluğa düşməsi də  təsdiq edir.

Sosial  şəbəkələrdə  xarici  auditoriya, idman  ictimaiyyəti  birinci  Avropa Oyunları  haqqında  yüksək  fikirlər və rəylərlə bölüşürlər. İndi ayrı-ayrı  idmançılar,  mütəxəssislər,  saytlar  təşkilatçıların  rekord  müddətdə  həyata keçirdikləri böyük  işlərdən  həvəslə, Bakı və  Azərbaycana böyük  məhəbbətlə  söhbət açırlar. Məsələn,  İspaniya Olimpiya Komitəsinin  saytında Oyunların  açılış  mərasimi haqqında yerləşdirilmiş  xəbərdə  bu  mərasimin  çox yüksək səviyyədə keçdiyi qeyd olunmuşdur.

Rusiyanın idman  naziri  Vitali Mutko TASS-a  müsahibəsində Bakıda Atletlər kəndində  idmançıların istirahəti  və yarışlara  hazırlığı  üçün  hər  cür şərait  yaradıldığını  və  bu Oyunların  çox  maraqlı  idman  forumu  olacağını  bildirib.

Avropa Triatlon İttifaqının  prezidenti Renato Bertrandi  hələ açılış  mərasimindən əvvəl demişdi ki,  mən çox  fəxr edirəm, Avropa  Oyunları  məhz Bakıda  keçiriləcək. Azərbaycan  paytaxtında  biz təkcə  mükafatlar uğrunda  gərgin  mübarizənin deyil,  həm  də  Avropa  Oyunları   irsinin  yaradılmasının  şahidi olacağıq.

Avropa  Oyunlarının, Azərbaycanın  birinci  xanımı Mehriban  Əliyevanın başçılıq etdiyi  Təşkilat Komitəsinin  ünvanına  xoş  məramla  söylənilmiş belə fikirlər çoxdur  və  onların  müəllifləri görülmüş böyük  işlərə  rəğbətlərini  gizlətmirlər.

Oyunların  açılış  mərasimi  ötən dövr ərzində  müəyyən  mərkəzlərdən  idarə olunan anti-Azərbaycan  kampaniyasının tam  iflasa  uğradığını  da  göstərdi. Azərbaycanın  uğurlarından,  həyatın  bütün  sahələrində  sürətli  inkişafından,  tarixdə  ilk  dəfə keçirilən Avropa Oyunlarının ən  yüksək  səviyyədə,  beynəlxalq  standartlara tam uyğun şəkildə  təşkilindən  təşvişə düşən  bədxahlarımız  növbəti dəfə özlərini  rüsvay  etdilər.

Britaniya  mediasının açılış  mərasiminə  münasibəti  təsdiq etdi ki,  bu gün onların  qarşısında qoyulmuş əsas  vəzifə  nəyin  bahasına olursa-olsun, birinci  Avropa  Oyunlarını  və  onu keçirən  ölkəni  gözdən  salmaqdır. Ancaq  tapşırığa uyğun olaraq Oyunları gözdən salmaq üçün  heç bir  bəhanə  tapa bilməyən  xarici anti-Azərbaycan  şəbəkə  bayağı  şəkildə  primitiv  və  gülünc  iddialar irəli  sürməkdən  başqa  heç nə  edə bilmədi. BBC, “Guardian”, “İndependent”  və  bu  kimi  Britaniya media  orqanları öz  qərəzli  münasibətlərini  bu dəfə də  gizlədə bilmədilər  və  qarayaxma  xarakterli  iddialarını  davam etdirdilər.

İndi anti-Azərbaycan  şəbəkə Azərbaycan  kimi  kiçik müsəlman ölkəsinin  bu qədər təzyiqə necə də  məharətlə  cavab verdiyindən,  birinci  Avropa Oyunlarının  mühüm tarixi hadisəyə  çevrilməsindən,  bütün  cəhdlərinə  baxmayaraq  sivil  dünyanın  birinci Avropa Oyunlarını dəstəkləməsindən  və  nəyə  görə cəhdlərinin  belə acınacaqlı  şəkildə  iflasa  uğramasından  çaşıb  və nə  edəcəyini  bilmir.

Cılız, miskin  və  sözün  əsl mənasında,  çaşmış durumda olan anti-Azərbaycan şəbəkə  heç yerdə  dəstək  tapa bilmir, Emin Milli, Arzu Qeybulla, Keti Pisr, Rebekka Vinsent kimi  bir neçə  milli  və  insani hisslərdən  məhrum olmuş,  başıpozuq  ünsürlərin ümidinə qalıb.

Bakıda, Azərbaycanda isə qitəmizin  idman  hərəkatında  yeni  səhifə olan birinci  Avropa Oyunları əsl bayram əhval-ruhiyyəsində  gündən-günə  sürətini artırır və  Oyunların 253 dəst medalı  uğrunda  mübarizə dünyanın  hər yerində  böyük  maraqla  izlənilir. Artıq “Bakı – 2015”-in ilk  medalları  da sahiblərini tapıb.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında