Salam, ilk Avropa Oyunları!

Biz səni “Odlar yurdu”nda qarşılamaqdan məmnunuq

Avropada yaranan Olimpiya hərəkatı Avropanın milli dəyərlərindən biridir. Ona görə də müasir Olimpiya Oyunlarının banisi Pyer de Kübertenin bir avropalı kimi oyunların bərpasındakı fəaliyyəti milli dəyərlərə verilən əvəzsiz töhfə kimi qiymətləndirilir.

 

Bir əsrdən çox davam edən Olimpiada həsrəti...

 

Artıq bir əsrdən də çoxdur ki, Olimpiya Oyunlarının Vətəni olması ilə fəxr edən və Olimpiya Oyunlarının əsasında dayanan sülhə və  tolerantlığa verdiyi töhfələri ilə öyünən Avropa öz oyunlarını keçirmək şansını həsrətlə gözləyirdi. Çünki sadə avropalıların buna böyük ehtiyacı var idi. 16 gün ərzində sülh və qardaşlıq şəraitində birgə mübarizə həm də barış missiyası daşıyır. Oyunlar zamanı avropalılar qılınclarını sıyırıb, kamanlarını dartıb, yumruqlarını düyünləyib, bir yerdə güclü olduqlarını dünyaya nümayiş etdirmək istəyirdilər. Avropa Oyunlarının təşkili ideyası zaman-zaman sülhsevər və mütərəqqi qüvvələr tərəfindən irəli sürülsə də, bu, bir ideya olaraq qalırdı. Özlərini humanizmin və tolerantlığın beşiyi sayan bir sıra Avropa ölkələri humanizm, sağlamlıq və birliyin təcəssümü olan Avropa Oyunlarını keçirməyə can atsalar da, buna nail ola bilmirdilər.

Digər tərəfdən, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropada idmanın zəifləməsində bilavasitə belə oyunların keçirilməməsinin təsiri olduğunu da bəyan edirdi: “Qitəmiz olimpiadalarda öz reputasiyasını itirməkdədir. Bu baxımdan Avropa Oyunları olimpiadalarda nüfuzumuzu qaldırmaq üçün böyük rol oynayacaq”.

 

Qan çanağına dönən qitənin “sülh” mesajı

 

Olimpiadalarda öz reputasiyasını itirmək istəməyən Avropa üçün Olimpiya hərəkatını inkişaf etdirmək nə qədər lazım idisə, dünyaya sülh mesajını vermək ondan da vacib idi.

Son dövrlərdə Avropanın qan çanağına dönməsi - irqi ayrı-seçkiliyin geniş yayılması, insan hüquqlarının kobud şəkildə pozulması, “nüfuzlu beynəlxalq təşkilatlar”ın təsiri altında dünyadakı qətliamların birbaşa baiskarına çevrilməsi ilə bağlı səslənən fikirlər bu mesajı zəruri edirdi. Lakin ilk Avropa Oyunlarını keçirmək missiyası şərəfli olmaqla yanaşı, həm də çox çətin idi. Beynəlxalq Olimpiya Komitəsinin Baş Assambleyasında Avropa ölkələrinin əksəriyyətinin ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyini dəstəkləmələri, bu baxımdan təsadüfi deyildi.

 

Müsəlman ölkəsi Avropanın Olimpiada həsrətinə son qoydu

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki I Avropa Oyunlarına ev sahibi seçilməsi ilə bağlı fikirlərini izah edərkən bildirib ki, o vaxt Avropada oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə Azərbaycan idi. Əslində, beynəlxalq arenalarda Avropa və dünyanın ən nüfuzlu təşkilatlarının rəsmiləri Azərbaycanın yüksək sürətlə inkişaf edən ölkələrindən biri olmasını dönə-dönə yüksək tribunalardan səsləndirib etiraf ediblər ki, Azərbaycanda sabitliyin və təhlükəzisliyin hökm sürməsi gözəl nailiyyətdir. Deməli, Avropa tarixi oyunların təşkilində Azərbaycana böyük ümidlər bəsləyirdi. Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkə olan Azərbaycan bu yarışları keçirməyə razılıq verməsəydi bu, ideya olaraq qalacaqdı. Regionda və dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradan, dinamik inkişafı ilə müasir və güclü dövlətə çevrilən Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə Avropa ölkələri əmin idilər. Azərbaycan bu dəfə də ümidləri doğrultdu.

 

Avropa Oyunlarının tarixinə əvəzsiz töhfə

 

Əvvəla, oyunlar Azərbaycanda yox, Avropanın digər ölkəsində keçirilsəydi, bu qədər genişmiqyaslı olmazdı. AOK-un prezidenti Patrik Hikkinin də etiraf etdiyi kimi, oyunların 6-7 idman növü üzrə keçirilməsi nəzərdə tutulmuşdu. Oyunlar üçün 20 növün müraciəti gözlənilmirdi. Tədbirin, məhz Azərbaycanda keçirilməsi onun əhəmiyyərini bu qədər artırmış, nüfuzunu qaldırmışdı. Ölkəmizdə keçirilən mötəbər tədbirdə Avropanın 50 ölkəsinin təmsil olunması bu baxımdan çox əhəmiyyətlidir. Yüksək səviyyədə təşkil olunan Avropa Oyunları müstəqillik tarixində dünyada hökm sürən ikili standartlardan əziyyət çəkən, torpaqlarının 20 faizinin qəsbkar Ermənistan tərəfindən işğal olunan, 1 milyon qaçqın və köçkün problemi olan Azərbaycanın bütün bunlara baxmayaraq, Olimpiya hərəkatına verdiyi daha bir əvəzsiz töhfə idi.

 

Qərbdə bəzi dairələr Avropa dəyərlərinə qarşı çıxmaqla özlərini rüsvay etdilər

 

İlk Avropa Oyunlarının təşkilində böhran içində olan dünyanı heyrətləndirən standartlar ortaya qoyan Azərbaycanın bu oyunlardan gözləntiləri də çox idi. Azərbaycanlılar müasir dövrümüzdə orta nəslin gözünün qarşısında bir sıra “nüfuzlu təşkilatların dəstəyi” ilə ermənilər tərəfindən qəddarlıqla həyata keçirilmiş dəhşətli Xocalı soyqırımının, torpaqlarımızın işğalı zamanı xüsusi amansızlıqla törədilmiş yüzlərlə qətlin və işğal olunmuş ərazilərimizin viran qalmasının şahidi olublar. Azərbaycan ictimaiyyəti gözləyirdi ki, Avropa Olimpiya Komitəsinin bayrağı altında keçirilən Avropa Oyunları zamanı ölkəmizə qarşı təcavüzünü davam etdirən Ermənistana nüfuzlu Avropa təşkilatlarından təpki gələcək. Çünki Olimpiya Xartiyasına görə, dostluğun və birliyin təcəssümü olan Oyunların məşəlinin alovlandırıldığı ölkədə yarışlar zamanı sülh, əminamanlıq bərpa olunmalıdır. Lakin nəinki bu prinsipə əməl edilmədi, üstəlik, bu və ya digər formada ara qarışdırıldı, təxribatlara rəvac verildi.

Müsəlman dünyasını qan içində boğan “güclərin” son günlərdə bizə daha çox “diqqət yetirdiyinin” şahidi oluruq. Erməni işğalçıları tərəfindən cəbhə boyu ərazilərimizdə törədilən təxribatların çoxalması təsadüfi deyil. Əslində, Avropa Oyunlarının Vətəni Azərbaycanda yarışlar keçirilən müddətdə qəsbkar Ermənistanın Azərbaycana qarşı təxribatları, yeni torpaq qoparmaq məqsədilə hücumları Avropa dəyərləri olan Olimpiya xartiyasının prinsiplərinə qarşı çıxmaq deməkdir.

 

Sülh düşmənlərini sadə avropalılar dəstəkləmədilər

 

“Əgər biz 16 gün sülhü qoruya bilsək, nə üçün sülhü həmişəlik bərqərar edə bilməyək?”, - devizi Olimpiya sülhünün devizidir. Avropa Oyunlarının Vətəni Azərbaycana qarşı təcavüzü sakitliklə seyr edən Avropanın “nüfuzlu təşkilatları” Avropanın milli dəyərləri sayılan Olimpiya sülhünün devizinə biganəliklərini göstərməklə yanaşı, həm də dünyaya “güclərin rəyi”nin əsas olduğu barədə bir daha mesaj vermiş oldular.

Avropa xalqları isə qitənin ilk oyunlarında mütəşəkkilliklə və yüksək səviyyədə iştirak etməklə siyasi iradə ortaya qoydular. Ayrı-ayrı siyasi dairələrin və qrupların maraq və mənafeləri naminə xidmət göstərən “nüfuzlu təşkilatlar”ın rəyini nəzərə almadıqlarını açıq şəkildə göstərməklə, həm də Azərbaycan həqiqətləri tərəfində durduqlarını nümayiş etdirdilər.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında