Rusiyanın Birinci kanalı: Bakıda tarixdə ilk Avropiada – Avropa Oyunları başlanır

Rusiyanin Birinci kanalının müxbiri Munisə Usmanovanın Bakıda keçirilən Avropa Oyunlarına həsr edilmiş reportajında deyilir: “Avropiadanın birinci evi öz qonaqlarını şərqlilərə xas təmtəraqla qarşılayır. Bütün şəhər bayramsayağı bəzədilib. Yeni idman obyektləri adi arenalar deyil, əsl memarlıq nümunələridir”.

Reportajda qeyd edilir ki, hələ Oyunlar başlamamış rekordlar qeydə alınıb. Olimpiya miqyaslı bu tədbirə Bakı adətən olduğu kimi 7 il deyil, cəmi 2,5 il ərzində hazırlaşıb. Sözün hərfi mənasında daşlı-qumlu səhrada yaradılmış Atletlər kəndi indi idmançılar üçün yataqxanadan daha çox, elitar yaşayış kompleksini xatırladır. 12 idman obyektindən 5-i, ilk növbədə Olimpiya stadionu sıfırdan başlayaraq inşa edilib. Ənənəvi açılış və bağlanış mərasimləri burada keçiriləcək, yüngül atletlər burada çıxış edəcəklər. 68 min tamaşaçı tutan, piyaləyə oxşayan bu stadionda 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları keçiriləcək.

Oyunların həm qonaqlara, həm də şəhər sakinlərinə sevinc bəxş etməsi, obyektlərə gedən və onları birləşdirən yollarda tıxaclar yaranmaması üçün həmin yollar mərkəzi yolların ətrafından keçir. Daha bir yenilik ondan ibarətdir ki, sürücüləri ingilis dilində ünsiyyət saxlamağı bacaran taksilər oyunlara gələnlərə pulsuz xidmət edəcək. İştirakçılar üçün Londondan gətirilmiş 440 təzə keb, jurnalistlər və tamaşaçılar üçün müntəzəm “şatl” avtobus reysləri nəzərdə tutulub. İdmançıların təhlükəsizliyi də ciddi nəzarət altında olacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyir: “Arzuedilməz şəxsləri tanımaq üçün bu gün dünyada mövcud olan ən

müasir texnologiyalardan istifadə edilib. Hər yerdə təhlükəsizlik kameraları quraşdırılıb. İdman komplekslərində xüsusi qurğular qoyulub. Bildiyiniz kimi, biletlərin içərisində quraşdırılmış xüsusi çiplər azarkeşlərin stadion daxilində yerdəyişməsini izləməyə imkan verir".

İçərişəhərdə isə hamı Oyunların açılış mərasiminin başlanmasına qalan vaxtı izləyir: Oyunların rəmzi altında geriyə işləyən saat

quraşdırılıb. Əcnəbi azarkeşlər artıq indidən məşhur Bakı bulvarında gəzintiyə çıxıblar. Sən demə, burada stadiondan kənarda da maraqlı məsələlər az deyilmiş. Olimpiya Stadionuna baxmağa gələnlər arasında Olimpiya Oyunlarının qalibi, beşqat dünya çempionu Hacımurad Qatsalov da var. Sabah bu stadionda Rusiya bayrağını Qatsalov aparacaq. O, qürur hissi keçirməsini etiraf edir: elə bil onun arxasınca təkcə Rusiya komandası yox, bütün ölkə gələcək.

Balkonlarda müxtəlif ölkələrin bayraqlarının asılması rəmzi məna daşıyır: yəni, demək olar ki, hamı toplaşıb. İdmançıların bir qismi döyüşdən əvvəl dincəlir, digərləri hətta evdə də məşq edir. Kimin daha haqlı olması tezliklə məlum olacaq. Birinci Avropa Oyunlarının başlanmasına bir sutkadan az vaxt qalıb.

Kontinental oyunlarda qələbə idmançıların çoxu üçün Olimpiadaya vəsiqə və ya əlavə seçim balı deməkdir. Buna görə də hətta Londonda keçirilmiş Olimpiya Oyunlarının çempionu Aliyə Mustafina da ciddi mübarizəyə hazırlaşır.

Aliyə Mustafina deyir: “Yarışlarda işimiz heç vaxt asan olmur. Bu dəfə də çətin olacaq, çünki çıxış etməyə hazırlaşmaq  lazımdır. Gərginlik Olimpiada ilə müqayisədə heç də az olmayacaq”.

Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı, 20 idman növü, o cümlədən Olimpiya proqramına daxil olmayan sambo, karate, stritbol və çimərlik futbolu yarışları nəzərdə tutulur. İki həftə davam edəcək idman bayramı dünyanın az qala bütün telekanalları ilə translyasiya ediləcək. Idman məmurları deyirlər ki, avropalıların öz olimpiadası haqqında arzuları, axır ki, çin oldu.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyir: “Olimpiya Oyunlarının rəmzi olan beş halqadan yalnız bizə, Avropaya aid halqaya müvafiq yarışlar yoxdur. Afrika, Asiya, Panamerika oyunları, Okeaniya Birliyi Oyunları keçirilir, Avropada isə indiyə qədər qitə oyunları yox idi. Bu, həm gülməli, həm də qəribədir. Bunu çoxdan etmək lazım idi. Sevinirik ki, nəhayət, bizim Olimpiya halqamız da öz yerini tutacaq”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında