Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib.
Bizim qədim Atəşgah məbədindən alovlandırılan
məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb.
Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın
insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib.
Doğrudan da, böyük bayramdır,
ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir.
Belə Oyunlar birinci dəfə keçirilir.
Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirərək çətin sınaqdan rekord müddətdə şərəflə, böyük məharətlə çıxmışdır. İndi söz Azərbaycan idmançılarınındır. Onlar on yeddi gün davam edəcək kəskin rəqabət meydanında da finişə birincilər sırasında çatmaq, ölkəmizin “Bakı – 2015”-də tam qələbəyə nail olması üçün aləmi heyrətə gətirən təşkilatçılıq işlərinə, Azərbaycan adına layiq nəticələr göstərməlidirlər.
Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov: “Avropa Oyunları bu yarışların təşkilinə çox böyük məsuliyyətlə yanaşan Azərbaycan üçün ümummilli layihəyə çevrilib”.
İspaniya olimpiyaçılarının lideri Alexandro Blanko: “Bakı Avropa üçün çox vacib olan bu yarışları sensasiyalı şəkildə təşkil edəcək”.
Serbiya Olimpiya Komitəsinin icraçı direktoru Damir Stayner: “Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və birlik, şübhəsiz, bu idman hadisəsinə uğur gətirəcək”.
Bunlar qitəmizin idman hərəkatında yeni dövrün başlandığını bildirən ilk Avropa Oyunlarına hazırlığın gedişində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinin, bütün Azərbaycanın ünvanına təkcə son 2-3 ayda söylənilmiş yüzlərlə, minlərlə yüksək, xoş məramlı fikirlərdən yalnız üçüdür. Həmin fikirlərdə ölkəmizin “Bakı – 2015"-ə hazırlıq işlərində etimadı şərəflə doğrultduğu, həyata keçirilmiş işlərdə əsl yaradıcılıq nümunəsi göstərən təşkilatçılara böyük hörmət ifadə olunmuşdur.
İndi isə yarış meydanında hünər göstərmək vaxtıdır. Avropanın 50 ölkəsindən 6000-dən çox atlet, o cümlədən Azərbaycan idmanının ən yaxşı 291 nümayəndəsi 16-sı olimpiya növü olmaqla 20 növ üzrə 253 dəst medal uğrunda mübarizədə tarixə ilk Avropa Oyunlarının ilk çempion və mükafatçıları kimi düşmək üçün gərgin mübarizəyə başlayır.
Artıq bu gün hamımızın, bütün Azərbaycanın qürur yerinə çevrilən Bakı Olimpiya Stadionunda tarixdə XXI əsrin ən böyük idman hadisələrindən biri kimi özünə yer edəcək və bütün dünyaya parlaq gözəllik, dostluq, həmrəylik bayramı vəd edən birinci Avropa Oyunlarının təntənəli açılış mərasiminin şahidi olacağıq. Bundan bir qədər əvvəl isə sinxron üzgüçülük və suyatullanma yarışları ilə Oyunlara start veriləcəkdir.
Avropa Oyunlarında ölkəmizin şərəfini qoruyacaq Azərbaycan idmanının ən yaxşı nümayəndələrinə yüksək etimad göstərilmişdir. Onlar yarış meydanlarında özləri kimi yüksək iddialı rəqiblərlə gərgin mübarizədə böyük əzmkarlıq, möhkəm iradə və əsl qələbə əzmi nümayiş etdirərək Vətənə mümkün qədər çox medal qazandırmağa, fəxri kürsüyə ucaldan yolda fədakarlıq, əsl idman qəhrəmanlığı göstərməyə çalışacaqlar.
Əlbəttə, müxtəlif illərin Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının, digər mötəbər beynəlxalq yarışların bir çox qalib və mükafatçılarının kəskin rəqabətində zirvəyə aparan yol hamar olmayacaq. Bu yolu yalnız ən yaxşılar, ən güclülər sonadək qət edə biləcəklər. Çünki “Bakı - 2015"də ən böyük komanda ilə (360 nəfər) təmsil olunan Rusiya, eləcə də qitə idmanında həmişə ön sıralarda addımlayan Almaniya, İngiltərə, İtaliya, Fransa, İspaniya, Ukrayna və digər ölkələrin idmançıları da sadəcə tarixdə ilk Avropa Oyunlarının iştirakçısı olmaq fikrində deyillər. Şübhəsiz, onlar da öz ölkələrinə qitə idmançılarının ali məclisinin daha çox medalını qazandırmaq barədə düşünürlər.
Təşkilat Komitəsinin yarışların iştirakçıları üçün yaratdığı ideal şərait bu məqsəd uğrunda mübarizədə bütün idmançılara öz ustalıqlarından maksimum dərəcədə istifadə etməkdə əlverişli imkanlar açır. Hər cür şəraitlə təmin edilmiş və hamı tərəfindən yüksək qiymətləndirilən Heydər Əliyev adına İdman Sarayında, Milli Gimnastika Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, Atıcılıq Mərkəzində, Su İdmanı Sarayında, “Crystal Hall”da və digər idman mərkəzlərində startlar bütün atletlərə əlavə qüvvə verəcək, istisnasız olaraq hamını gərgin mübarizəyə və qələbəyə ruhlandıracaq. Axı qarşıdakı turnirlər hər bir idmançı üçün məsul yarışlar olduğu qədər də özünü göstərmək, nəyə qadir olduğunu sübuta yetirmək məqamıdır.
Son illər ölkəmizin beynəlxalq meydanda, ilk növbədə isə Olimpiya oyunlarında qazandığı yüksək nailiyyətlərin sevincini yaşamış idman ictimaiyyətimiz ümid edir ki, həmvətənlərimiz “Bakı - 2015"də də qaliblər sırasında addımlayacaq, öz kəsərli sözlərini deyəcəklər. Təkrar edək, bunun üçün hər cür zəmin yaradılmışdır.
Birinci Avropa Oyunlarında yüksək nəticələr göstərmək, medal qazanmaq təkcə tarixə düşmək fürsəti deyil. Oyunlarda hər hansı bir idmançının uğuru yeni nailiyyətlərə aparan yolda ona ikiqat sevinc gətirə bilər. Növbəti, XXXI Yay Olimpiya Oyunlarına cəmi bir il qalır. Gələn ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiadanın nəfəsi tədricən duyulmağa başlayır. Bakıda Avropa Oyunları başa çatdıqdan sonra digər qitələrin idmançıları kimi, avropalılar da “Rio - 2016"-ya lisenziya qazanmağa çalışacaqlar.
Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan idmançıları artıq olimpiya vəsiqələrinin hesabını açmışlar. Boksçu Albert Səlimov və çəkic tullayan Dmitri Marşin Pelenin vətənində Olimpiadanın iştirakçısı olmaq hüququnu özlərinə təmin etmişlər.
Bunlar yalnız ilk “qaranquşlardır”. Avropa Oyunlarının azərbaycanlı iştirakçıları arasında Olimpiya oyunlarına lisenziya qazanmağa kifayət qədər iddiaçı var və onların bir çoxunun bu arzunu həyata keçirəcəyinə şübhə etməmək olar. Çünki Olimpiada - 2016-ya vəsiqə qazanmaq istəyi Azərbaycanın ən yaxşı güləş, boks, cüdo, taekvondo, gimnastika, avarçəkmə ustalarını və digər növlərin istedadlı nümayəndələrini bir an belə tərk etmir.
Hələlik isə bütün Azərbaycan Avropa Oyunlarının həyəcanı ilə yaşayır. Xalqımız inanır və möhkəm əmindir ki, tarixdə ilk belə yarışlarda iştirak etmək hüququ qazanmış 291 cəsur döyüşçüdən ibarət komandamız finişə birincilər, ən yaxşılar sırasında çatacaq və qüdrətli idman dövləti Azərbaycan, əsl idman mərkəzi Bakı daha bir böyük zəfər saatı yaşayacaq.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı — 2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvlərinin iyunun 9-da Atletlər kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşündə dövlət başçımız idmançılarımızın imkanlarını yüksək qiymətləndirmişdir: – Azərbaycan idman dövlətidir və bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrimiz var. Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.