“The House”: “Bakı-2015” Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır

Böyük Britaniya parlamentinin “The House” jurnalında “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib

Avropa Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Bakı-2015 Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır” sərlövhəli məqalədə qeyd edilir ki, idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunları bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Yazıda bildirilir ki, bu genişmiqyaslı tədbirdə Avropanın 50 ölkəsindən 6 min atlet iştirak edəcək, onlar 20 idman növü üzrə qüvvələrini sınayacaqlar:

“Azərbaycanın paytaxtı Bakı 12-28 iyun tarixlərində ilk “Bakı-2015” Avropa Oyunlarına ev sahibliyi zamanı 50-dən artıq Avropa ölkəsindən olan 6000-dən çox atleti salamlamağa hazırlaşır. Bu böyük multi-idman tədbiri Asiya, Panamerika, bütün Afrika və Sakit Okean hövzəsi Oyunlarının ardınca keçirilən son kontinental oyundur və Olimpiya Oyunları ilə eyni qaydada - hər 4 ildən bir keçiriləcək.

“Bakı-2015”in keçirilməsi Azərbaycanın beynəlxalq atletlər üçün dünyanın aparıcı məkanı olaraq yerini möhkəmləndirəcək. 2016-cı ildə “Bakı Avropa Grand Pri” yarışına ev sahibliyi edəcəyi zaman “Formula 1” yarışının səsi şəhərdə əks-səda verəcək.

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2012-ci ildə Romada baş tutan iclasında Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı veriləndən sonra paytaxtda həyata keçirilən tikinti işlərinin səviyyəsi görünməmiş həddə çatıb. Bakıda gimnastika, velosiped sürmə, su idmanı və atıcılıq üçün yeni tikilmiş məkanlar, eləcə də açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 68000 nəfərlik stadion da daxil olmaqla, ümumilikdə 18 yarış məkanı var. “Bakı-2015" Bakını dünyanın diqqət mərkəzinə gətirəcək. Yarışların yayımı üçün dünyanın 57 ölkəsinin televiziya kanalları ilə müqavilə imzalanıb. 830 saatlıq yayım planlaşdırılır”.

 

“Bakı-2015”in təsiri

 

20 idman növündə 253 dəst medal uğrunda keçiriləcək yarışların gərgin olacağı gözlənilir. Bu idman növlərindən 16-sı olimpiya idman növləridir. 3x3 basketbol, çimərlik futbolu, karate və sambo da daxil olmaqla, atletlərə 12 idman növündə Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verilir. Qalib atlet “Avropa Oyunları çempionu” titulunun sahibi olacaq. İdmançılar 1042 mənzildən ibarət yeni tikilmiş “Atletlər kəndi”ndə qalacaq və dünyanın qabaqçıl diyetoloqlarının müəyyənləşdirdiyi və Avropanın ən böyük mətbəxlərindən birinin təqdim etdiyi 800 tonluq ərzaqla qidalanacaqlar. İdman azarkeşlərinin qayğısına isə Bakı və Avropa Oyunları təcrübəsini maksimuma çatdırmağa niyyətli olan 1600 nəfər multilinqual könüllü qalacaq.

Oyunlara ev sahibliyi edəcəyi bilinəndən sonra Bakı ən yaxşıları işə götürdü. Şəhərin hazırlanması üçün Yay və Qış Olimpiadalarında böyük təcrübələrə malik 20000 podratçı müqavilə əsasında işə götürüldü.

 

“Bakı-2015” diqqət mərkəzində

 

“Bakı-2015”-in dühası Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) direktoru Saymon Kleqdir. O, daha öncə London-2012 Yay Olimpiya Oyunlarının baş tutması üçün Böyük Britaniya Olimpiya Assosiasiyasının icraçı direktoru kimi uğurlu nəticəyə nail olub. Azərbaycan millisi London-2012 Yay Olimpiya Oyunlarında 10 medal qazanıb.

S. Kleq Britaniyanın “Guardian” qəzetinə müsahibəsində deyib: “Düşünürəm ki, bir az şübhələr var idi, lakin biz bu şübhələrin öhdəsindən Avropanın 50 milli olimpiya komitələrindəki tədbirlə bağlı həyəcan səviyyəsini artırmaqla gəldik. Əgər çox az sayda skeptik qalıbsa da, məncə, onların fikri bu tədbirin və Bakıda baş verənlərin miqyasını gördükləri zaman dəyişəcək. Heç bir şübhəm yoxdur ki, Avropa Oyunlarının həyəcanverici gələcəyi var”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikk Bakıda qədim zərdüşt məbədi olan Atəşgahda məşəlin yandırılma tədbiri zamanı çıxış edərək deyib: “Olimpiya dəyərləri olan mükəmməllik, dostluq və hörmət məşəlin ötürülməsi ilə mükəmməl şəkildə ifadə olundu. Məşəl daşıyıcıları birgə şəkildə alovu bir-birlərinə ötürdükləri zaman idman vasitəsilə sülh, dostluq və bayram mesajını verirlər. “Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi..."

Eyni mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı bunları deyib: “Ölkəmiz digər sahələrdə olduğu kimi, idman sahəsində də çox böyük uğurlara imza atıb. Məhz bu uğurların bariz nümunəsi olaraq ölkəmiz, birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli məkana çevrilən paytaxtımız yeni infrastruktur layihələri ilə Avropa Oyunları üçün əbədi irs yaradacaq və bunu növbəti oyunlara ev sahibliyi edəcək şəhərə ötürəcək”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Londondakı çıxışı zamanı idman sahəsinə olan dəstəyin, bu sahənin inkişafının həmişə Azərbaycanın milli prioritetləri sırasında olduğunu vurğulayıb: “Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunun nümunəsidir. Tədbir diqqət mərkəzində olacaq. O, Azərbaycanın son illərdəki uğurunun göstəricisidir’.

Nazir Azərbaycanın 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb: “23 illik müstəqillik həyatında Azərbaycan 200-dən artıq atletlə yay və qış olimpiadalarında təmsil olunub. Bu günə qədər ölkəmiz 26 olimpiya medalı və 2000-dən artıq Avropa və dünya çempionatlarının medalını qazanıb”.

 

Böyük Britaniya komandası “Bakı-2015”də

 

Böyük Britaniya “Bakı-2015” I Avropa Oyunlarında 150-dən çox atletlə iştirak edəcək. Bu, 2008-ci il Pekin Olimpiadasından sonra Böyük Britaniyanın xaricə göndərdiyi ən böyük komandadır.

Böyük Britaniya komandasının tərkibində London-2012-nin olimpiya çempionları boksçu Nikola Adams, taekvondoçu Ceyd Cons və avarçəkən Ed Makkiv də olacaqlar.

Böyük Britaniya komandasının rəhbəri Mark İnqland bunu belə şərh edib: “Bir çoxları Avropanın ən güclülərinə qarşı özlərini sınayacaqlar, belə mühüm multi-idman oyunlarında təcrübə qazanacaq və ya Rio-2016-ya özlərinə yol açacaqlar”.

 

Bakının xəritədəki yeri

 

60000-dən çox insanın iştirakı ilə baş tutacaq açılış və bağlanış mərasimləri Azərbaycanın ənənəvi mədəniyyətinin bir çox nüanslarından əlavə, eyni zamanda, onun müasir, qərbyönümlü və tolerant mövqeyini əks etdirəcək. Açılış mərasiminin bədii rejissoru Afina-2004 Yay Olimpiya Oyunlarındakı uğurlu işinə görə məşhurlaşmış Dimitris Papayannu, bağlanış mərasiminin rejissoru isə “Cirque de Soelil” şirkətinin baş bədii direktoru olmuş Ceyms Hedleydir. “Bakı-2015" Avropa Oyunları üçün belə bir yüksək standart müəyyənləşdirəcək ki, bu standartın aşılıb-aşılmamasını yalnız zaman göstərəcək.

 

“Bakı-2015” - idman növləri

 

“Bakı-2015”-in idman növləri: kamandan oxatma, atletika, badminton, basketbol, çimərlik futbolu, çimərlik voleybolu, boks, avarçəkmə, velosiped idmanı, suya tullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, sinxron üzgüçülük, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, triatlon, voleybol, su polosu və güləş.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında