Niyaməddin PAŞAYEV: Komanda üzvlərinin hamısının medal şansları var

I Avropa Oyunları çərçivəsində Bakı “Kristal Zalı”nda keçiriləcək taekvondo yarışlarında Azərbaycan təmsilçiləri 4 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Avropanın 128 kişi və qadın idmançısının mübarizə aparacağı turnirdə hansı ölkə təmsilçilərinin zərbələrinin daha dəqiq olması iyunun 16-dan 19-na qədər müəyyənləşəcək.

Həmsöhbətim Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev idmançılarımızın medal şansları ilə bağlı nikbin fikir söylədi.

Federasiya rəsmisi bu yaxınlarda Çelyabinskdə keçirilmiş dünya çempionatında Radik İsayevin 14 ildən sonra taekvondo üzrə Azərbaycan komandasına qızıl medal qazandırmasını idmanımızın inkişafına verilmiş əsil töhfə adlandırdı. O, Avropa Oyunları ərəfəsində bu böyük nailiyyətin komanda üzvlərinə ruh yüksəkliyi bəxş etdiyini dilə gətirdi.

Məlumat üçün bildirək ki, 2001-ci ildə dünya çempionatının qızıl medalını Niyaməddin Paşayev qazanmışdı və artıq uzun illərdən sonra Radik İsayev bu uğuru təkrarladı. R.İsayev otən il də dünya çempionatında idman mükafatları xəzinəsinə bürünc medal əlavə etmişdi. Həmin yarışda medal kolleksiyamızı daha bir bürünclə xanım taekvondoçu Fəridə Əzizova zənginləşdirmişdi. Niyaməddin Paşayev qitənin ən mötəbər oyunlarına taekvondoçularımızın böyük səylə hazırlaşmalarını bu ilin əvvəlindən iştirak etdikləri yarışlarda qazandıqları medalların da sübut etdiyini bildirdi və bütün bunların nikbin proqnoz vəd etdiyini dilə gətirdi.

Qeyd edək ki, bu ilin fevral ayından indiyə qədər komandamızın beynəlxalq turnirlərdə - Türkiyədə keçirilən  beynəlxalq turnirdə 1 gümüş, 2 bürünc, mart ayında “Qətər Open” turnirində 1 qızıl, 2 gümüş, 1 bürünc, “Dutch Open” turnirində 1 bürünc, “European Olimpic Weight Categories Championships” turnirində 1 gümüş, “Ukrayna Open” turnirində üç gümüş və dörd bürünc, “Moldova Open” turnirində isə 4 qızıl, 2 gümüş, 4 bürünc medal əldə etməsi yaxşı nəticə sayılır.

“Bütün səylər I Avropa Oyunlarına hazırlığa yönəlib. Oyunlara tam hazırıq. Federasiya rəhbərliyi lazım olan bütün işləri yüksək səviyyədə həyata keçirir. Taekvondo üzrə “Bakı-2015”-də iştirak edəcək komanda üzvlərinin hamısının medal şansları var. Ümumiyyətlə, bu oyunlarda zəif idmançı iştirak etməyəcək. Avropa Oyunlarında komandamızın üstün cəhətlərindn biri də “doğma divarlar” arasında mübarizə aparmasıdır.

İdmançılarımıza azarkeşlərin böyük dəstəyi əlavə stimul olacaq.  Əvvəlki yarışlarda uğurla çıxış edən taekvondoçularımız Avropa Oyunlarında da hesablarına qızıl medal yazdıracaqlar.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında